İncəsənətin
bir növü olan rəqqaslıq sənətinə meyil göstərən,
gələcəkdə səhnəmizin ulduzu olmaq arzusunda olan Kamran
Həsənov Bakıdakı 272 nömrəli tam orta məktəbin VII
sinfində təhsil alır. Qeyri- adi istedadı ilə
fərqlənən Kamran 6 yaşından Nizami rayonundakı
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində milli və bal
rəqsləri ilə məşğul olur.
K.Həsənov ilk uğuruna 2009-cu ildə imza atıb. O,
məktəbin ictimai işlərində fəal iştirakına görə diplomla
mükafatlandırılıb. 2010-cu ildə isə "Neftçi" İdman-
Sağlamlıq Mərkəzinin idman rəqsləri üzrə açıq
birinciliyində II yeri tutduğuna görə diploma layiq
görülüb. Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinin birincilik çempionatı üzrə keçirilən idman
rəqsləri "Yunialı 2"-də yeniyetmə rəqqas II yeri
qazanıb. 2011-ci ildə Gürcüstan Respublikasının Batumi
şəhərində keçirilən bal rəqsləri müsabiqəsində iştirak
edən Kamran milli və dünya xalqlarının rəqslərini
ustalıqla ifa edərək tamaşaçıların alqışlarını qazanıb
və birincilik əldə edib. Bakı Şəhər Gənclər və İdman
Baş İdarəsinin təşkilatçılığı ilə bu il fevralın 9-da
rəqs idmanı üzrə keçirilən Bakı şəhər birinciliyində
qələbə qazanaraq II yerə layiq görülüb. Hər il Türkiyədə
keçirilən Nisan cocuqlar müsabiqəsində milli və bal
rəqslərini ifa edərək öz istedadını nümayiş etdirən
yeniyetmə fəxri fərmanlarla vətənə dönüb. Bir çox
müsabiqələrin və festivalların qalibi olan Kamran Heydər
Əliyev Fondunun təşkil etdiyi uşaq tədbirlərində də
fəallıq nümayiş etdirir. Fondun uşaqlar üçün "Buta
Palace"da keçirdiyi Yeni il və Novruz bayramı
şənliklərindəki bal rəqsləri ilə tamaşaçılarda xoş
ovqat yaradır.
Yeniyetmə rəqqas bizimlə söhbət zamanı qazandığı
uğurlara görə xüsusilə anası Esmira Həsənovaya,
mərkəzin direktoru Lalə Qətiyə, bal rəqsləri dərnəyinin
rəhbəri Məryəm Quliyevaya, təhsil aldığı məktəbin
müəllimlərinə qəzetimiz vasitəsilə təşəkkür etməyi də
unutmadı.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |