Bu
gün sevindirici haldır ki, istedadlı yeniyetmə və
gənclərimiz bilik yarışlarında, olimpiadalarda uğurla
iştirak edir, respublikamızda həyata keçirilən müxtəlif
səpgili layihələrə qatılırlar. Çox vaxt onların
layihələri öz ideyası və orijinallığı ilə diqqət çəkir.
Həmsöhbətim olan Röya Əzizova da belə yeniyetmələrdən
biridr. Ata yurdu Füzuli rayonu Yuxarı Rəfədinli kəndi
olsa da bu istedadlı qızın qismətinə Biləsuvar çadır
şəhərciyində doğulmaq və yaşamaq düşüb. Hazırda Füzuli
rayonu "Qayıdış 3" qəsəbəsindəki 3 nömrəli orta məktəbin
8-ci sinif şagirdidir. Röya "Beyləqan Gənclərinin
Maarifləndirilməsi və Sosial İnkişaf" İctimai Birliyinin
və Beynəlxalq Sülh Korpusunun dəstəyi ilə "GLOW"
("Dünyanı qızlar idarə edir") proqramı çərçivəsində
keçirilən layihə müsabiqəsinin qalibi olub və onun
yazdığı layihə əsasında məcburi köçkün qəsəbəsində
uşaqlar üçün oyun meydançası salınıb. Belə bir layihədə
nədən iştirak və nə üçün məhz bu mövzuya müraciət etməsi
ilə bağlı Röyanın fikirlərini bizimlə bölüşməsi,
düşünürük ki, oxucularımıza da maraqlı olar.
- 8-ci sinif şagirdiyəm. Hər zaman təhsilimdə uğurlar
qazanmağa çalışıram. Təhsillə yanaşı ictimai işlərdə də
iştirak etməyə böyük maraq göstərirəm. Mən ötən ilin
yayında Qəbələ rayonunda "Beyləqan Gənclərinin
Maarifləndirilməsi və Sosial İnkişaf" İctimai Birliyinin
və Beynəlxalq Sülh Korpusunun dəstəyi ilə "GLOW"
("Dünyanı qızlar idarə edir") proqramı çərçivəsində
keçirilən layihədə iştirak etdim. Adıçəkilən layihədə
Azərbaycanın bir çox regionlarından (Oğuz, Ağcabədi,
Tovuz, Qazax, Beyləqan və s.) 80-ə yaxın yeniyetmə qız
iştirak edirdi. Burada bizlərə gender bərabərliyi
haqqında məlumat verildi, liderlik qabiliyyəti, layihə
yazmaq bacarıqları öyrədildi. Layihə çərçivəsində
keçirilən təlimlər zamanı debatlar təşkil olunur və hər
kəs müstəqil olaraq fikrini irəli sürürdü. 7 gün davam
edən layihənin sonunda bizə sertifikatlar təqdim olundu
və fərdi layihə yazmaq tapşırıldı.
Evə gələndən sonra fikirləşirdim: necə layihə yaza
bilərəm ki, həm fərqlənim, eyni zamanda bütövlükdə
cəmiyyət bu işdən faydalana bilsin. Ağlıma gələn ilk
fikir yaxınlıqda yerləşən Füzuli rayonu "Qayıdış 3"
qəsəbəsindəki 7 nömrəli körpələr evi-uşaq bağçası üçün
"Uşaq oyun meydançası"nın yaradılması ilə bağlı bir
layihə üzərində işləmək oldu. Onu da qeyd etmək istərdim
ki, son 10 ildə qaçqınların və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması məqsədilə bir çox
regionlarda qəsəbələr salınıb. Füzuli rayonunda da 17
belə qəsəbə var. Bunlardan biri də "Qayıdış 3"dür.
Qəsəbəmizdə inkişaf günü-gündən artır. Mən də bu
inkişafa öz töhfəmi vermək məqsədilə yuxarıda qeyd
etdiyim mövzuda layihə üzərində işləməyə başladım. Təbii
ki, uşaq bağçalarında hərəkətli oyunların təşkili üçün
oyun meydançası vacibdir. Oyunların balacaların
hərtərəfli inkişafında əhəmiyyəti də danılmazdır.
Məktəbəqədər yaşlı uşaqlar son dərəcə mütəhərrik
olurlar. Xüsusilə hərəkətli oyunlar onların fiziki
cəhətdən sağlam inkişafına müsbət təsir göstərir. Elə
yazdığım layihənin əsas məqsədi də balacaların fiziki
cəhətdən sağlam böyüməsi və asudə vaxtlarının səmərəli
təşkil olunması üçün bağçanın həyətyanı sahəsində lazımi
şəraitin yaradılması idi. Fikrimi ilk olaraq 7 nömrəli
körpələr evi-uşaq bağçasının tərbiyəçisi, "Beyləqan
Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişaf"
İctimai Birliyinin üzvü Tamella Məmmədova ilə bölüşdüm.
Tamella müəllim mənim ideyamı dəstəklədi və kömək
edəcəyini bildirdi. Onu da xüsusi qeyd edim ki, Tamella
Məmmədova mənim ictimai işlərdə fəal iştirak etməyimin
bilavasitə səbəbkarıdır. O, hər zaman mənə inanır və
böyük ümidlər bəsləyir. Buna görə ona minnətdaram.
Nəhayət, layihəni hazırladım və onu "GLOW"-un
rəhbərliyinə təqdim etdim. Bir neçə vaxtdan sonra mənə
xəbər gəldi ki, layihəm təşkilatçılar tərəfindən
bəyənilərək qalib olub. Bu sevincli xəbəri birinci
Tamella müəllimlə paylaşdım.
Qalib kimi aldığım pul mükafatının hamısını bağçanın
həyətində oyun meydançasının salınmasına sərf etdim.
Qısa bir müddət ərzində oyun meydançası üçün lazım olan
idman qurğuları hazırlanaraq bağçanın həyətyanı
sahəsində yerləşdirildi. Bu işlərdə atam və qəsəbə icma
üzvləri böyük köməklik göstərdilər. Beləliklə, mənim
arzum layihəyə çevrilərək tez bir zamanda həyata keçdi.
Ötən ilin son ayında uşaq meydançasının açılışı oldu. Bu
münasibətlə keçirilən tədbirdə rayon icra
hakimiyyətindən, yerli icra nümayəndəliyindən, "Beyləqan
Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişaf"
İctimai Birliyindən, Beynəlxalq Sülh Korpusundan
nümayəndələr iştirak edirdilər. Hamı mənim qədər
sevinirdi, çünki layihə rəhbəri mən olsam da bundan
yüzlərlə evin fidanları faydalanacaqdı. Onu da qeyd edim
ki, özüm Füzuli rayonu "Qayıdış 3" qəsəbəsindəki 7
nömrəli körpələr evi-uşaq bağçasının ilk məzunu olmuşam.
Düşünürəm ki, bu kiçik işimlə tərbiyəçilərimin üzərimdə
olan əməyini az da olsa dəyərləndirə bildim.
Mən bundan sonra da davamlı olaraq respublikamızda
gənclər üçün həyata keçirilən layihələrə qatılmağa
çalışacağam. Belə layihələr bizləri kreativ
düşüncələrimizi, fikirlərimizi rellaşdırmaqda
əhəmiyyətli kömək edir.
Ən böyük arzum isə işğal olunmuş torpaqlarımız azad
olunduqdan sonra həmin yerlərdə hazırlayacağım bir sıra
irimiqyaslı layihələri həyata keçirməkdir.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |