Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Xaricdə təhsil alan tələbələrimiz

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əlimdən gələni edirəm"

 

İtaliyanın "La Sapienza" Universitetinin tələbəsi Leyla Abışova ilə söhbət 

Leyla Həsənağa qızı  Abışova 1993-cü ildə hazırda erməni işğalı altında olan  Qubadlı rayonunda anadan olub. İlk təhsil illəri Sumqayıt şəhərində  keçib. O, 18  nömrəli  tam  orta məktəbdə, daha sonra isə Təbiət elmləri təmayüllü gimnaziyada təhsil alıb. Orta məktəbi bitirdikdən sonra  Azərbaycan Dillər Universitetinin tərcümə (italyan dili üzrə) fakültəsinə daxil olub  ADU-da təhsil aldığı dövrdə - 2010 - 2012-ci illərdə İtaliyanın Xarici İşlər Nazirliyinin təqaüdünü qazanaraq 9 ay ərzində bu ölkənin  Siena və Peruca şəhərlərində təhsil alıb. İtaliya ilə tanışlıq nəticəsində Leyla magistratura təhsilini də bu ölkədə almağa qərar  verib. Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Roma "La Sapienza" Universitetində beynəlxalq inkişaf və əməkdaşlıq elmləri üzrə magistr təhsili alır. ASAİF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) fəal üzvlərindən olan Leyla "La Sapienza" Universitetində fəaliyyət göstərən Sapienza Hərəkatı Gənclər Təşkilatının üzvü və gənc səfiridir.  Ötən il ASAİF-in Roma forumunda  "İlin ən yaxşı  koordinatoru" adına layiq görülüb.  Leyla ilə söhbətimizə onun ilk təhsil illərindən başladıq.  

-  Orta məktəbdə oxuyarkən əlaçı şagirdlərdən biri idim. Səmimi desəm,  çox vaxt yalnız əlaçı olmaq,  "beş" almaq üçün oxumuşam. Amma sonralar başa düşdüm ki, əsas şərt qazanılan biliklərin tətbiq edilməsi ilə bağlıdır. Təbiət elmləri təmayüllü gimnaziyada oxumağıma baxmayaraq, humanitar elmlərə  hər zaman çox böyük həvəsim olub. Orta məktəbdə oxuyarkən  ümummilli liderimiz  Heydər Əliyevin anadan olmasının  80 illiyinə həsr edilmiş elmi konfransda respublika birincisi oldum.

- 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən tələbələrin seçim prosesini necə qiymətləndirirsiniz?

- Seçim prosesi olduqca yüksək səviyyədə təşkil olunmuşdu.   Tələbələrin bilikləri hərtərəfli qiymətləndirilirdi. Məncə, bu çox müsbət haldır. Bu proses ən layiqli tələbələrin dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil almasına xidmət edir.  Bizim tələbələrin  əsas məqsədi ölkəmizi, təhsil sistemimizi  xaricdə layiqincə təmsil etmək, yüksək təhsil alaraq vətənə dönmək, ölkəmiz üçün çalışmaqdır. Tələbələrimiz  üçün yaradılan bu imkana, diqqət və qayğıya  görə  biz, ilk növbədə, ölkə Prezidentinə minnətdarıq.          

- Xarici ölkədən Azərbaycan təhsilini, Təhsil Nazirliyinin apardığı işi necə görürsünüz?

- Mən əslində bizim təhsil sistemimizi çox bəyənirəm, çünki hərtərəfli təhsil verir.    Biz öz ölkəmizin tarixi, coğrafiyası ilə yanaşı, eyni zamanda dünyanın digər ölkələrinin coğrafiyasını, tarixini də öyrənirik.  Həm texniki, həm də humanitar fənlər üzrə biliklərimiz hərtərəflidir. Ölkəmizdə uğurlu təhsil islahatları aparılır.   Biz, xaricdə təhsil alan tələbələr ölkəmizin təhsil sistemində baş verən keyfiyyət dəyişikliklərini diqqətlə izləyirik.  "Azərbaycan Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qlobal dünyanın çağırışlarına cavab verən mühüm fəaliyyət proqramıdır. Bütün bu işlərdə biz Təhsil Nazirliyinin apardığı çox düzgün,  ciddi düşünülmüş, şəffaf strateji xəttini aydın görürük.      

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Məncə, üstünlüklər çoxdur, amma bu, o demək deyil ki, xaricdə təhsil almaq şərtdir. İnsanın dünyagörüşü, həyata baxışı  dəyişir.  Fərqli mədəniyyətlərə məxsus  insanlarla  ünsiyyətdə olmaq insana tamam başqa cür  təsir göstərir. Xaricdə təhsil və dünyagörüşümüzdə baş verən dəyişikliklər bizə  çətinliklərin öhdəsindən təkbaşına gəlməyi, özünə güvənci öyrədir.

- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...

- Əsası 1303-cü ildə qoyulmuş "La Sapienza" Universiteti təkcə İtaliyanın deyil, bütün Avropanın ən qədim ali məktəblərindən biridir. "La Sapienza" latıncadan tərcümədə  müdriklik, bilik, elm deməkdir. Universitet ilk vaxtlarda  tədqiqatçılar, alimlərin birliyi kimi yaranıb. Tələbə sayına görə isə Avropanın ən böyük universitetidir. Hazırda  bu ali məktəbdə 180 min tələbə təhsil alır. Ali məktəbin 11 fakültəsində 10 mindən artıq professor-müəllim heyəti çalışır.   Mənim təhsil aldığım beynəlxalq inkişaf və əməkdaşlıq elmləri ixtisası isə universitetin ən qədim fakültələrindən biridir. Bu fakültənin bir çox məzunları İtaliyanın siyasi həyatında vacib rola malikdirlər. Məsələn, İtaliyanın hazırkı xarici işlər naziri xanım  Federik Mogerini  bu fakültənin məzunudur. Universitetin tanınmış məzunlarından  eləcə də məşhur pedaqoq Mariya Montessori, yazıçı Qabriel Annunsio, kinorejissor Bernardo Bertoluççininin adlarını çəkmək olar.     2013-cü ilin nəticələrinə görə "La Sapienza" dünyanın 150 ən yaxşı  universiteti sırasındadır və İtaliyanın milli  universitetləri arasında ilk yeri tutur.

- Sizə dərs deyən hansı məşhur alimlərin adlarını çəkərdiniz?

- Mənə daha çox alimlər deyil, siyasətçilər dərs keçirlər. Məsələn, Riccardo Migliori, İtaliyanın Deputatlar Palatasının üzvü, eyni zamanda da İtaliyanın ATƏT-dəki nümayəndəliyinin prezidenti olub. Daha sonra Massimo Mamberti, uzun illər İtaliya Xarici Ticarət İnstitutunun prezidenti kimi çalışıb və s.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Məncə, müəllim-tələbə münasibətləri İtaliyada  fərqlidir. Burada müəllim tələbəyə özünü analiz etmək  imkanı verir. Sən oxudun, dərsə gəldin, ya gəlmədin, onun üçün maraqlı deyil. Bu zaman tələbədə özünü tənqid  etmə xüsusiyyəti inkişaf edir. Bir dəfə dərsə gecikəndə bunun səbəbini izah edərək üzr istədim. Müəllimim bizə dərs keçdikdən sonra öz doktorantura dərsinə gedəcəyini və bu halda da onun tələbə kimi dərsə gecikəcəyini bildirdi.

- Universitetdə əcnəbi tələbələrə münasibət necədir?

- Mənim təhsilim italyan dilində olduğu üçün  təhsil aldığım qrupda yeganə tələbəyəm. Düzünü desəm, ilk iki həftə ərzində mən qrupumu dəyişməyi düşünürdüm. Çünki məni qəbul etməyəcəkləri qərarına gəlmişdim. Onlar heç Azərbaycanın harada yerləşdiyini bilmirdilər. Amma yavaş-yavaş özüm, ölkəm haqqında məlumat verdim, onlarda ölkəmizə, mədəniyyətimizə böyük maraq yarandı. Ümumilikdə isə "La Sapienza"da əcnəbi tələbələrin sayı çoxdur.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız? 

- Xaricdə təhsil almaq böyük bir fürsətdir. Çox məmnunam ki, bizim dövlətimiz bizə bu şəraiti yaradıbdır. Əsas məsələ isə aldığımız bilikləri xaricdə təhsil almayan soydaşlarımızla bölüşməkdir. Bu başqa bir təcrübədir. İnsanın bir fərd kimi formalaşmasında, sərbəst həyata başlamasında böyük əhəmiyyətə malikdir.

- Tələbə həyatınız necə keçir?

- Tələbə həyatım olduqca intensiv keçir. Mən tələbə olmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində də    çalışıram. Buna görə də sevimli hobbilərimə vaxt ayırmağa o qədər də vaxtım qalmır.  Kitabları çox sevirəm, məsələn, ötən ilin avqustundan bu günə kimi çox sayda kitab almışam. Bir neçə gün onları saydım, hazırda 32-sini hələ də oxumamışam.

- Asudə vaxtınız olurmu?

- Asudə vaxtım yalnız həftə sonları olur və o zaman  bacardığım qədər səyahət etməyə çalışıram. Əslində, dünyanın ən məşhur böyük şəhərlərindən o qədər də tanınmayan kiçik  şəhərlərə, qəsəbələrə səyahəti, həmin yerləri kəşf etməyi çox xoşlayıram. İtaliya  isə bu cür  kiçik, lakin tarixi yaşadan məkanlarla zəngindir.

- Azərbaycan diasporası  ilə əlaqələriniz... 

- Səfirliyimizin dəstəyi ilə İtaliyada, eləcə də Romada təhsil alan tələbələrimizin iştirakı ilə bir sıra tədbirlər keçiririk.   Həm Azərbaycanın tarixinin, zəngin mədəniyyətinin təşviq edilməsi, həm də Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı zamanı soydaşlarımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində təqdirəlayiq tədbirlər həyata keçirilir.  Təbii ki, mən də bu tədbirlərdə fəal iştirak edirəm. Hər bir azərbaycanlı tələbə kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əlimdən gələni edirəm. Biz Romada  İtaliya-Azərbaycan mədəniyyət gecələri, italyan və azərbaycanlı gənclər arasında şəbəkələşməyə xidmət edən tədbirlər  həyata keçirir, həmçinin Azərbaycan və eyni zamanda İtaliya bədii ədəbiyyat nümunələrinin tərcümə edilməsi sahəsində fəaliyyət göstəririk.

- Çətinlikləriniz nə ilə bağlıdır?

-Həyat çətinliklərlə doludur. Məncə, həyatı daha da maraqlı, rəngarəng edən də elə bu çətinliklərdir. Mən çətinliklərin öhdəsindən gəlməyi çox sevirəm. Təbiətcə çox pozitiv insanam, dostlarım da bunu təsdiq edə bilərlər. Çətinlikləri gülümsəyərək qəbul edirəm. Təbii ki, onların öhdəsindən gəlməyə ailəm və dostlarım dəstək olurlar.

- Gələcək planlarınız?

- Azərbaycan daim inkişaf edən  güclü bir ölkədir. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycanın davamlı inkişafı təmin olunub. Buna görə də gənclərimiz qarşısında geniş imkanlar açılıb. Hər bir addımda qarşımıza  bir-birindən dəyərli imkanlar, perspektivlər açılır. Ona görə də hələlik hansı strukturda, hansı sahədə çalışacağıma dair qərar verməmişəm. Amma Azərbaycana layiq bir vətəndaş olmağıma, harada olmağımdan asılı olmayaraq daim  Vətənimə layiqincə  xidmət edəcəyimə əminəm.

- Biz də sizə təhsil yollarında və gələcək karyeranızda uğurlar arzulayırıq.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov