Martın 12-də Azərbaycan Dillər Universitetində
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük
şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin 220 illik
yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş
sözü ilə açan tərbiyə işləri üzrə prorektor, professor
Ələddin Əliyev Azərbaycan ədəbiyyatının bir sıra
görkəmli nümayəndələr yetişdirdiyini diqqətə çatdırdı.
Azərbaycan ədəbiyyatının zənginliklərindən danışan
Ə.Əliyev belə görkəmli simalardan birinin də Mirzə Şəfi
Vazeh olduğunu bildirdi. O, Mirzə Şəfi Vazehin 220
illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncam
imzaladığını qeyd etdi. Prorektor M. Ş. Vazehin
yaradıcılığına nəzər salaraq vurğuladı ki, onun əsərləri
Avropada geniş yayılıb və qəbul olunub. Ə.Əliyev
M.Ş.Vazehin şeirlərinin alman Fridrix Bodenştedt
tərəfindən mənimsənildiyini də tələbələrin diqqətinə
çatdırdı. Prorektor ADU-nun professoru Fəxrəddin
Veysəllinin bununla bağlı araşdırma apardığını və
tədqiqatın nəticəsi olaraq bu şeirlərin M.Ş.Vazehə
məxsus olduğunu da sözlərinə əlavə etdi.
Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov
tanınmış maarifçinin həyat və yaradıcılığı haqqında
tələbələrə geniş məlumat verdi. V.Bəşirov
M.Ş.Vazehin Şərq poeziyasının çoxəsrlik ənənələrini
layiqincə yaşatdığını və yüksək insanpərvərliyi, mənəvi
gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getdiyini
tələbələrin nəzərinə çatdırdı. Onun yaradıcılığının
Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin
inkişafında özünəməxsus yer tutduğunu qeyd etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |