"Biz
dərslərimizin güllə səsləri altında keçilməsinə artıq
vərdiş etmişik"
Bu günlərdə Ağdamın Əfətli kəndinə yolumuz düşmüşdü.
Bərdədən üzü Əfətliyə doğru uzanan yolların sağında-
solunda gözümüzə dəyən adda-budda tikilmiş kiçik
evlərdə iyirmi ildən artıqdır ki, erməni təcavüzü
nəticəsində yurd-yuvasından perik düşən soydaşlarımız
yaşayır. Quzanlı artıq rayon mərkəzinə oxşayır. Burada
həyat qaynayır. Nəhayət, Əfətliyə çatırıq. Əfətli
Evoğlu, Qaradağlı və s. kəndlərlə qonşu olmaqla yanaşı,
həm də düşmənə sinəsini sipər edən kəndlərimizdəndir. Bu
kəndlərdən ilk erməni postuna əlimizi uzatsaq çatar.
Buralara bahar erkən gəlib. Alça, ərik, albalı ağacları
artıq çiçək açıb, salxım söyüdlər yarpaqlayıb. Görən
səngərlərin o biri üzündə əsir qalan Ağdamda bahar nə
rəngdə, nə donda, nə ovqatdadır?.. Atəşkəs rejimini hər
gün pozan düşmən silahlarının vahiməli səslərinə bu
yerlərdə yaşayan əhali artıq vərdiş edib. Hamı öz
işində - gücündə, bağında-bağçasında gündəlik qayğıları
ilə məşğuldur. Əfətlidə xeyir işə gəldiyimiz evin
üzbəüzündə yenidən tikilən, hazırda tamamlama işləri
gedən üçmərtəbəli kənd tam orta məktəbi yerləşir. "Bəs,
əvvəllər bu məktəbə gedən uşaqlar indi harada oxuyurlar"
- sualıma "Evoğlu kəndindəki tam orta məktəb bura ən
yaxın olduğundan uşaqlarımız hələlik həmin məktəbə
gedirlər. İnşallah növbəti dərs ilində öz məktəbimiz
istifadəyə veriləcək"- cavabını alıram. Evoğlu məktəbi
doğrudan da düşdüyümüz evin lap yaxınlığında imiş. Əvvəl
məktəbin həyətindəki uşaqlarla söhbət etdim.
Osmanlı Xətai Şamil oğlu:
- Gözümü bu kənddə dünyaya açmışam. İndi 17 yaşım var.
11-ci sinifdə oxuyuram. Əslimiz də elə bu kənddən-
Evoğludandır. Biz dərslərimizin güllə səsləri altında
keçilməsinə artıq vərdiş etmişik. Cəbhə zolağında
yaşamağın öz çətinlikləri, narahatlıqları olsa da, bütün
bunlar bizim dərsə davamiyyətimizi əngəlləyə bilmir.
Çünki biz şagirdlər yaxşı bilirik ki, düşmənə qol
gücündən də əvvəl ağılla, biliklə qalib gəlməyi bacarmaq
lazımdır. İnşallah bu il tələbə olmaq arzusundayam.
- Xətai, sinif yoldaşlarından ali məktəbə hazırlaşmaq
üçün müəllim yanına gedən varmı?
- Xeyr. Mən özüm də ali məktəbə hazırlaşıram. Bizə əsas
biliyi məktəb verir. 11-ci sinfə keçdikdən sonra hər
şagirdə 10 saat əlavə seçmə saat ayrılıb. Burada
müəllimlər bizə ən yüksək səviyyədə dərs öyrədirlər.
Bizim repetitor yanına getməyə ehtiyacımız yoxdur.
Məmmədov Elçin Vaqif oğlu:
- Ailəliklə bu yaxınlara kimi Bakıda yaşadığımız üçün
mən də orada oxuyurdum. Sonra köçdük Evoğlu kəndinə.
İndi 18 yaşın içindəyəm, 11-ci sinifdə oxuyuram.
Əvvəllər çox narahat olurdum, atəş səslərinə öyrəşə
bilmirdim. Sonra alışdım. Nə etməli? Axı burada hər gün
atışma olur?! Hamımız güllə səslərini ayırd edə
bilirik. Doğrudur, hər dəfə düşmən atəşkəsi pozanda
narahat oluruq, amma bu bizim gündəlik həyatımıza mane
olmur.
- Elçin, hansı ali məktəbdə oxumaq istərdin?
- Düzünü desəm, arzum, hər şeydən əvvəl, əsgər olmaqdır.
Bircə bu qaniçənləri torpaqlarımızdan süpürüb ata
bilsəydik!
Mirzəyev Ramil Ramiz oğlu:
- İxtisasca tarix-coğrafiya müəllimiyəm. 1998-ci ildən
burada- Ağdam rayonunun Əsgər Əliyev adına Evoğlu kənd
tam orta məktəbində çalışıram. Gördüyünüz bu məktəbdən
düşmən postuna qədər olan məsafə bir kilometrdən də
azdır. Amma düşmənlə aramızdakı məsafənin bu qədər az
olması heç də şagirdlərimizin davamiyyətinə, biz
müəllimlərin də normal dərs keçməyimizə mane ola bilmir.
Dərs keçdiyimiz zaman bir də görürük ki, atəşkəs
pozuldu, atışma başladı, əhali arasında çaxnaşma düşdü.
Özü də atəşkəs rejimi həmişə ermənilər tərəfindən
pozulur. Əvvəlki vaxtlara baxmayın, indi nisbi
sakitlikdir, bizimkilər də düşmən mövqeləri ilə
mətinliklə üzbəüz dayanıblar. Bax elə bunun sayəsində də
bizim normal dərs keçmə şəraitimiz təmin olunub. Silah
səsləri dərsimizin gedişatına zərər vermir. Çünki güllə
səsləri altında dərs oxumaq və ya dərs keçmək, nişan
aparmaq, toy etmək, uşaq böyütmək, həyət-bacada işləmək,
əkin əkmək, bağ sulamaq artıq bizlərin, yəni, bu
yerlərin sakinlərinin həyat tərzimizə çevrilib.
Şagirdlərimiz hətta güllənin səsindən belə ayırd edə
bilirlər ki, hansı silahlardan atəş açılır. Uşaqlar da,
biz müəllimlər də artıq güllə səslərinə vərdiş etmişik.
Yəni bir növ qulağımız da öyrəşib, psixologiyamız da
uyğunlaşıb silah səslərinə...
- Bildiyimə görə buradan Ağdam şəhərinin mərkəzinə
10-12 dəqiqəlik yoldur.
- Elədir ki, var. Bilirsiniz, adam öz doğmasının
yaxınlığında olanda təhlükəni nə hiss edir, nə də
qorxur. Vallah buradan əlimizi uzatsaq Ağdama çatar. Bu
durduğumuz yerdən düz Ağdam şəhərinin mərkəzinə cəmi 12
kilometrdir. Əgər Ağdam yağı əlindədirsə, onu darda
qoyub buradan hara uzaqlaşa bilərik ki?
Məmmədov Raqub Əyyub oğlu:
- Mən Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşıyam. Biz bu
yaxın günlərdə Evoğlu məktəbində özümüz Novruz şənliyi
keçirəcəyik. Hər il Novruza aid səhnəcikləri dörd nəfər
məktəbli hazırlayırdı, amma bu il Ağdam teatrından
aktyorlar dəvət etmişik. Çünki builki Novruzumuzu daha
təntənəli, daha möhtəşəm keçirməyi planlaşdırmışıq.
Ağdam məktəblərində hərbi-vətənpərvərlik tərbiyəsinə
çox fikir verilir. Bütün məktəblərdə, həmçinin bütün
siniflərdə "Qarabağın qan yaddaşı" kitabı var. O kitabın
içərisində əsirlikdə qalan hər bir rayonumuzun adı,
işğal olunduğu tarix, o rayonun ərazisində olan tarixi
abidələr, mədəniyyət ocaqları, torpaqlarımızın neçə
faizinin işğal altında olması, şəhidlərimiz, milli
qəhrəmanlarımız haqqında məlumatlar var. Hansı
şagirdimizdən hansı rayonumuzla bağlı nəyi soruşmaq
istəsəniz, çaşmadan sizə cavab verəcək. Biz tez-tez,
məsələn Yeni il bayramında da, indi Novruz bayramında da
şagird və müəllim kollektivimizlə birlikdə yaxın
ərazilərdəki əsgərlərimizin görüşünə gedirik. Hazırda
Evoğlu məktəbliləri əsgərlərin görüşünə hazırlaşır,
onlara Novruz sovqatı aparmaq üçün tədarük görürlər.
Bayram günlərində elliklə - yerli hakimiyyətin, təhsil
şöbəsinin nümayəndələri məktəbin müəllim-şagird
kollektivi ilə birlikdə əllərimizdə sovqat dolu
xonçalar gedirik əsgər balalarımızın bayramını təbrik
etməyə. Şagirdlərimiz orada çalıb-oynayırlar, bayram
ovqatı yaradırlar.
- Təhsilverənlər və təhsilalanlar üçün cəbhə zolağında
yaşamağın çətinlikləri nədir?
- Yadıma düşmüşkən bir faktı deyim:10 gün bundan əvvəl
Ağcabədidə regional şöbədə TQDK-nın müzakirəsində yeddi
rayon iştirak edirdi. Bu rayonların içərisində Ağdam
məktəblərinin əksəriyyətinin cəbhə zolağında və ya
müvəqqəti qonşu rayonlarda fəaliyyət göstərməsinə
baxmayaraq, Ağdamın bütün göstəriciləri digər
rayonlardan üstün oldu. Bu gün ümumiyyətlə, Azərbaycanda
təhsil çox yaxşı inkişaf edir. Bizim də çiyinlərimizə
düşən ən şərəfli vəzifəmiz təhsilimizin səviyyəsini
qaldırmaqdır.
Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci
xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın bilavasitə
rəhbərliyi ilə cəbhə zolağında yeni məktəblərin tikilib
istifadəyə verilməsi orada yaşayan şagirdlərin normal
təhsil ala bilməsi yolunda görülən əvəzsiz işdir.
Azərbaycan təhsilinin inkişafında çox böyük rolu və
köməyi olan bu Fondun hesabına iki il bundan əvvəl,
demək olar ki, bütün məktəblərimiz təmir olunub. Dörd
kəndimizdə -Alıbəyli, Qaradağlı, Çəmənli və
Əhmədağalıdakı tam orta məktəbimiz isə əsaslı təmir
edilib. Bu məktəblərdəki sinif otaqları kompüterlər və
digər lazım olan dərs ləvazimatları ilə təmin edilərək
şagirdlərin istifadəsinə verilib. Hazırda rayonun daha
dörd məktəbinin-Hacıməmmədli, Xındırıstan, Həsənxanlı və
Əfətli kəndlərindəki orta məktəblərin yenidən
tikilməsi artıq başa çatmaq üzrədir. İnşallah növbəti
dərs ilinin başlanğıcında üçmərtəbəli, 460 nəfərlik
gözəl məktəb binaları şagirdlərin istifadəsinə
veriləcək.
Hər yeni tədris ili başlayanda rayonda birinci sinif
şagirdlərinin hər birinin adına çanta gəlir, birinci
sinif şagirdlərinə pulsuz məktəbli forması göndərilir.
Bütün bunlar dərs ilinin başlanğıcında mərkəzləşdirilmiş
qaydada hər bir məktəbə paylanır.
Rayon üzrə Ağdam ərazisində, Bakıda, Mingəçevirdə,
Oğuzda, Beyləqanda, Göyçayda, Şəkidə yerləşən 139
məktəbimizdə bu il 1150 nəfər məzunumuz olmuşdur.
Bunlardan 660 nəfəri, yəni 50 faizdən yuxarı ali məktəbə
sənəd vermişdi. 357 nəfər şagirdimiz ali məktəbə qəbul
oldu. 11 nəfər şagirdimiz 600-dən yuxarı, 39 nəfərimiz
isə 500-600 arası bal toplamışdı.
Onlardan Evoğlu məktəbinin yetirməsi olan iki nəfərin
biri 580 balla Polis Akademiyasına, o biri isə 519
balla Tibb Universitetinin müalicə-profilaktika
fakültəsinə qəbul oldu. Bir nəfər şagirdimiz isə 687 bal
toplayaraq Prezident təqaüdünə layiq görüldü.
Biz cəbhə zolağında nə qədər çətin və təhlükəli
şəraitdə yaşasaq da, öz fəaliyyətimizi elə qurmağa
çalışırıq ki, bu yaxınlarda qəbul edilən Dövlət
Strategiyasında nəzərdə tutulan müddəaları həyata
keçirə bilək. Hamımızın arzusu odur ki, Azərbaycan
təhsili öz yüksək səviyyəsinə çatsın və dünya təhsilinə
inteqrasiya olunsun. Bir də Allah növbəti Novruz
bayramında "Azərbaycan müəllimi" qəzetinin
kollektivinə işğaldan azad olunmuş Ağdam şəhərində
şagirdlərimizin görüşünə gəlməyi nəsib etsin.
- Amin.
P.S.
Uşaqların hüquqlarının qorunması bütün normal
dövlətlərdə müqəddəs vəzifə, borc sayılır.
20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası
tərəfindən qəbul edilmiş "Uşaq hüquqları haqqında"
Konvensiya, dünyanın hər bir yerində yaşayan uşaqların
konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir.
Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün bu
sənəd mühüm əhəmiyyətə malikdir. Çünki müharibə zamanı
300 mindən artıq uşaq qaçqın və köçkün düşərək ağır
şəraitdə yaşamağa məcbur olub. Bu uşaqların günahı nə?!
Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |