Naxçıvan
Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına
Ədəbiyyat İnstitutunda elmi konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun direktoru,
akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının
keçdiyi tarixi inkişaf yolundan ətraflı danışmışdır.
Ümummilli lider Heydər Əliyevin Naxçıvanda tarixi
fəaliyyətini xüsusi qeyd edən akademik Azərbaycan
Prezidenti cənab İlham Əliyevin muxtar respublikanın 90
illiyi ilə bağlı imzaladığı sərəncamın böyük əhəmiyyət
daşıdığını vurğulamışdır. Akademik İsa Həbibbəyli
ölkəmizin digər regionları ilə yanaşı Naxçıvana da
dövlət tərəfindən xüsusi qayğı göstərildiyini önə
çəkmişdir. Qeyd olunmuşdur ki, şərəfli tarixi yol
keçmiş, respublikamızın iqtisadiyyatı ilə yanaşı elm,
təhsil və mədəniyyətinə böyük töhfələr vermiş Naxçıvan
ölkəmizin tarixi inkişafında mühüm nailiyyətlər
qazanmışdır. Elmi-tədqiqat müəssisəsinin rəhbəri muxtar
respublikanın tarixi, mədəniyyəti, iqtisadiyyatı barədə
geniş məlumat verərək qədim diyarın elm və mədəniyyət
xadimləri haqqında əhatəli danışmışdır.
Akademik İsa Həbibbəyli ölkə Prezidentinin sərəncamına
uyğun olaraq bu günlərdən muxtar respublikanın yubiley
tədbirlərinə start verildiyini, bu məqsədlə AMEA-da
beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu,
akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində
silsilə tədbirlərin planlaşdırıldığını qeyd etmişdir.
Bildirmişdir ki, yubiley münasibətilə ümumakademiya
çərçivəsində keçiriləcək mərasimdə Mərkəzi Elmi
Kitabxana tərəfindən sərgi təşkil ediləcəkdir. Naxçıvan
MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi
altında Naxçıvanın müasir tarixi mərhələlərini əks
etdirəcək üçcildliyin artıq birinci nəşrinin işıq üzü
gördüyünü nəzərə çatdıran akademik İsa Həbibbəyli yaxın
müddətdə akademiyada bu qədim diyara aid biblioqrafik
göstərici və məqalələr toplusu nəşr ediləcəyini, bununla
bağlı akademiya rəhbərliyi tərəfindən qərar qəbul
edildiyini vurğulamışdır. Akademik Naxçıvana aid,
ümumiyyətlə ölkəmizin digər regionları ilə əlaqədar
kitab və məqalələrin müntəzəm olaraq çap edildiyini
yüksək qiymətləndirmiş, bu istiqamətdə işlərin bundan
sonra da davam etdirilməsini məqsədəuyğun hesab
etmişdir.
Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının
"Azərbaycan memarlığının Naxçıvan məktəbi", filologiya
üzrə elmlər doktoru Tahirə Məmmədin "Naxçıvan ədəbi
mühiti: tarixi ənənələr və müasir dövr", AMEA Folklor
İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru
Muxtar İmanovun "Naxçıvan folklor mühitinin regional
özünəməxsusluğu" mövzularında məruzələrində Azərbaycanın
bu qədim diyarının özünəməxsus xüsusiyyətləri, ayrı-ayrı
tarixi mədəniyyət abidələrinin yaradıcıları, həmçinin
diyarın ədəbi mühitinin tarixi qaynaqları, ədəbi
məktəbləri, görkəmli simaları, eləcə də coğrafi məkanın
lokal şifahi xalq yaradıcılığı nümunələri misallarla
təhlil edilərək iştirakçıların diqqətinə çatdırılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi
nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə
doktoru Bəxtiyar Əsgərov çıxış edərək muxtar
respublikada son illərdə aparılmış tikinti-quruculuq
işlərindən, qazanılmış nailiyyətlərdən, elmi-mədəni,
sosial-iqtisadi durumdan, müdafiə qüdrətindən geniş bəhs
etmiş, elmi konfransın təşkilatçısı olan akademiya
rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonda yekun sözü söyləyən akademik İsa Həbibbəyli
tədbirlə bağlı bir sıra məsələlərdən danışmışdır.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat
xidmətinin rəhbəri |