Martın 13-də Bakıdakı 6 nömrəli məktəb-liseydə
Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimat
mərasimi keçirilib.
Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına
uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi
ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə BBP tətbiq
olunur. BBP çərçivəsində təhsil 3 mərhələyə (PYP-ibtidai
təhsil, MYP-V-IX siniflər, DP-Diplom proqramı, X-XI
siniflər) bölünür.
BBP-nin tətbiq olunduğu ilk dövlət tədris ocağı olan 6
nömrəli məktəb-liseyin XI sinif şagirdləri bu il
beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq
dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ
qazanacaqlar. Təhsil müəssisəsində BBP çərçivəsində bir
sıra xarici ölkələrdən gəlmiş müəllimlər də çalışırlar.
Məktəb-lisey MDB ölkələri üzrə BBP məktəbləri
assosiasiyasının üzvüdür.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"na uyğun olaraq, dövlət
məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil
tətbiq oluna bilər. Bu isə deməyə əsas verir ki, 6
nömrəli məktəb-lisey dövlət məktəbi olmaqla yanaşı, həm
də Beynəlxalq Məktəb (İnternational School) statusuna
malikdir.
1968-ci ildə İsveçrədə yaradılmış BBP-nın diplomu
hazırda 130-dan çox ölkə və 2500 universitet (Oksford,
Harvard, Kembric, Yell və digər universitetlər)
tərəfindən tanınır. Bu proqramın üstün cəhəti ondan
ibarətdir ki, BBP-nin hər bir mərhələsi (PYP, MYP, DP)
ayrılıqda tətbiq oluna bilər.
BBP üzrə tədrisin ingilis dilində aparılması bütün
ölkələrdən olan şagirdlərin əməkdaşlıq və ünsiyyət
imkanlarını artırır. İngilis dilindən əlavə, BBP
fransız, alman, Çin və rus dillərində də tədris olunur.
BBP çərçivəsində çalışan müəllimlər hər üç ildən bir
ixtisasartırmaya cəlb olunur. Müvafiq məktəblərdə isə
hər beş ildən bir monitorinq aparılır. |