Martın 11-də Təhsil Nazirliyi Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə R.Behbudov
adına Mahnı Teatrında Novruz bayramına həsr olunmuş "Çərşənbələrimiz"
adlı konsert keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər,
valideynlər və məktəblilər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd dərnək üzvü olan
məktəblilərin bacarıqlarını nümayiş etdirmək və
valideynlərə övladlarının ifasını izləmək imkanı
yaratmaqdan ibarətdir. Məktəblilərin təhsildən kənar
vaxtının səmərəli təşkili məsələsinə diqqətlə yanaşan
Təhsil Nazirliyi bu konsertdə də müəllim-valideyn
əməkdaşlığının inkişafına mühüm əhəmiyyət verdiyini bir
daha nümayiş etdirib.
Konsertdə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək
üzvü olan məktəblilər Novruz bayramına həsr olunmuş
ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Məktəblilərin milli rəqsləri və müxtəlif çalğı
alətlərində məharətlə ifa etmələri də maraqla
qarşılanıb.
Bədii hissədən sonra çıxış edən Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin direktoru Lalə Qəti övladlarının
dərnəklərdəki məşğulluğunu daim dəstəkləyən fəal
valideynlərə təşəkkürünü bildirib və onların Təhsil
Nazirliyinin diplomları ilə təltif edildiyini nəzərə
çatdırıb. |