İtaliyanın Piza şəhərində "Azərbaycan gecəsi" təşkil
olunmuşdur. Azərbaycanın İtaliyadakı səfirliyinin
dəstəyi və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Piza Universitetində təhsil alan
tələbələrin təşəbbüsü ilə təşkil olunan tədbirə 120-dən
çox iştirakçı qatılmışdır.
Tədbirdə çıxış edən azərbaycanlı tələbələr Səbinə
Əsədova və Azərxan Əsədli Azərbaycan musiqisi,
mədəniyyəti və tarixi haqqında danışmışlar.
Vurğulamışlar ki, zəngin mədəni irsə malik Azərbaycan
adət-ənənələri, özünəməxsus gözəlliyi ilə seçilir.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
barədə ətraflı məlumatın verildiyi tədbirdə diqqətə
çatdırılmışdır ki, ölkəmizin ərazisinin 20 faizi
ermənilər tərəfindən işğal edilmiş, nəticədə bir
milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə
çevrilmişdir.
Azərbaycan milli mətbəxinin ləziz təamlarını,
şirniyyatlarını dadan tədbir iştirakçılarına ölkəmiz
haqqında italyan dilinə tərcümə olunmuş kitablar və
jurnallar, eyni zamanda "Xocalıya ədalət!" beynəlxalq
təbliğat və məlumatlandırma kampaniyası ilə bağlı
qolbaqlar və broşürlər paylanmışdır.
AzərTAc |