Martın
12-də təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən
"2020 və sonrakı illər: iqtisadi inkişafın
sürətləndirilməsi" Azərbaycan investisiya sammitinin "Bacarıqlar
və təhsil-Azərbaycanda
insan resurslarının inkişafı" bölməsində iştirak edib.
Sammit iştirakçılarını salamlayan nazir Azərbaycanın
təhsil sistemi, qarşıda duran əsas hədəflər və həyata
keçirilən islahatların başlıca məqsədləri haqqında
ətraflı məlumat verib. Ölkə təhsilinin uzun illər
ərzində formalaşmış ənənələrə əsaslanan inkişaf yolu
keçdiyini söyləyən nazir müasir tələblərə uyğun
islahatların davamlı xarakter daşıdığını bildirib. Nazir
qeyd edib ki, müasir təhsil islahatları təkcə texnoloji
və ya məzmunla bağlı deyil, bütün istiqamətləri, o
cümlədən də insan resurslarının inkişafı məsələsini
əhatə edir.
Nazir bildirib ki, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" məhz həyata
keçiriləcək islahatların əsas istiqamətlərini, müasir
tələbat nəzərə alınmaqla, mütəxəssis hazırlığı,
idarəetmə, infrastruktur, maliyyələşmə və digər
sahələrin təkmilləşdirilməsini ehtiva edir. İnanırıq ki,
təhsil sahəsindəki islahatların sürəti cəmiyyətin
dəyişikliyə hazırlığından asılıdır.
Təhsillə biznes dünyası arasındakı əməkdaşlığın
inkişafının əhəmiyyətinə toxunan nazir qeyd edib ki,
milli iqtisadiyyatın hədəf və vəzifələrinə uyğun olaraq,
təhsil sisteminə yenidən baxılması vacib şərtdir. Bizim
məqsədimiz əmək bazarını keyfiyyətli kadrlarla təmin
etməkdir. Biz Azərbaycan reallıqlarına uyğun olan
qabaqcıl dünya təcrübəsindən istifadə edirik və nəzərə
alırıq ki, davamlı iqtisadi inkişaf üçün insan
resurslarına əsaslanan möhkəm təməl lazımdır.
Təhsil naziri iqtisadiyyatın ixtisaslı kadrlara olan
ehtiyacının ödənilməsi baxımından mühüm rol oynayan ilk
peşə-ixtisas təhsilinin inkişaf prioritetlərindən də
söhbət açıb. Azərbaycanda ilk peşə-ixtisas təhsilinin
inkişafına nail olmaq mühüm əhəmiyyət kəsb edir. Hazırda
Azərbaycan iqtisadiyyatının peşə təhsilli kadrlara ciddi
ehtiyacı var. İlk peşə-ixtisas təhsilinin səviyyəsinin
yüksəldilməsi üçün bir sıra ölkələrin təcrübəsindən
istifadə etməyi düşünürük.
Nazir ali təhsil sahəsində xaricdəki nüfuzlu ali
məktəblərlə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
"ADA" Universitetinin bu istiqamətdəki təcrübəsi və
dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığı yaxşı
bir örnək kimi qəbul oluna bilər.
Sonra təhsil naziri sammit iştirakçılarının suallarını
cavablandırıb, onları maraqlandıran məsələlərə dair
fikirlərini nəzərə çatdırıb. |