Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin
ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində,
eyni zamanda yabançı təsirlərdən xilas olmasında, saflaşmasında böyük
öndərimiz Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. 2014-cü
ilin mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət
Heyəti ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə və onun
xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli
vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə
hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki
istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə
QƏRARA
ALIR:
1. Ali
məktəb tələbələri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq
festivalı keçirilsin.
2. Ali
məktəb tələbələrinin bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə tədbiri sayılsın.
3. Ali
məktəblərdə tələbələrin bədii yaradıcılıq festivalı 2014-cü ilin mart-aprel
aylarında keçirilsin.
4.
Festival qaliblərinin yekun konserti 2014-cü ilin may ayının birinci
ongünlüyündə keçirilsin.
5.
Bədii yaradıcılıq festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin
tərkibi (əlavə 2) və Münsiflər Heyəti üzvlərinin (əlavə 3) siyahısı təsdiq
edilsin.
6.
Respublika Təşkilat Komitəsi, ali təhsil müəssisələrinin rəhbərləri, tələbə
həmkarlar ittifaqı komitələrinin sədrləri:
-
festivalın yüksək səviyyədə keçməsi üçün tələbələrə lazımi şəraitin
yaradılmasını;
- bu
qərarla təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə uyğun olaraq festivalın
keçirilməsini;
- hər
bir ali məktəb yekun konsertinin televiziya kanallarında işıqlandırılmasını
təmin etsinlər.
7.
Bədii yaradıcılıq festivalının keçirilməsi ilə bağlı tərəflər öz üzərinə
götürür:
7.1.
Təhsil Nazirliyi
-
Festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin
alınmasını;
7.2.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
-
Diplomların, dəvətnamələrin hazırlanmasını;
-
Münsiflər Heyətinin sədrinə 500 manat, üzvlərinə 300 manat, yekun konsertin
quruluşçu-rejissoruna 300 manat məbləğində pul mükafatının verilməsini;
-
Festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün yerin icarəyə
götürülməsini.
8.
Tərəflər festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı
xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
9.
Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi və ATİAHİ
Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri şöbəsi bu qərardan
irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
10.
Təhsil Nazirliyinin və Respublika Komitəsinin müvafiq şöbələri qərar və
əlavələrin "Azərbaycan müəllimi", "Təhsil işçisi" qəzetlərində, "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını və İnternet səhifələrində
yerləşdirilməsini təmin etsinlər.
11.
Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova və sədr müavini
Ş.Əsgərova həvalə olunsun.