Azərbaycanda
şahmat geniş yayılmış ənənəvi idman oyunlarından biridir və xalqımızın
mədəniyyətində özünəməxsus yer tutur. İntellektual idman növü kimi şahmatın
inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük diqqət
göstərilmişdir. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilmiş,
şəhər və rayonlarda şahmat məktəbləri, klubları açılmış və məktəblərdə
şahmat fənni tədris edilməyə başlanmışdır. Görülən tədbirlər nəticəsində
artıq ölkəmizdə şahmat oyununa maraq kütləvi xarakter almışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş və onun
xatirəsinə ehtiram əlaməti olaraq respublika ümumi təhsil müəssisələrinin
müəllimləri arasında şahmat yarışının keçirilməsini məqsədəuyğun hesab edir
və həmin yarışların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə
QƏRARA
ALIR:
1.
Ümumi təhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
olunmuş şahmat yarışı keçirilsin.
2.
Respublikanın ümumi təhsil müəssisələrinin müəllimləri arasında keçiriləcək
şahmat yarışı Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri
sayılsın.
3.
Şahmat yarışı 2014-cü ilin fevral-aprel aylarında üç mərhələdə keçirilsin:
I
mərhələ - ümumi təhsil müəssisələrində martın 10-dək;
II
mərhələ - şəhər və rayonlarda aprelin 10-dək;
III
mərhələ - respublika üzrə Bakı şəhərində aprel ayının son ongünlüyündə.
4.
Şahmat yarışının təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsinin (əlavə 1),
Hakimlər kollegiyasının (əlavə 2) tərkibləri və Əsasnaməsi (əlavə 3) təsdiq
edilsin.
5.
Şəhər, rayon təhsil şöbələrinin müdirləri, Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı şəhər və rayon komitələrinin sədrləri:
- bu
qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq yarışların I və
II mərhələlərinin keçirilməsini təmin etsinlər;
- şəhər
və rayonlarda keçirilmiş II mərhələnin qalibləri haqqında məlumatı (soyadı,
adı, atasının adı, ixtisası, iş yeri) 2014-cü ilin aprelin 15-dək Təşkilat
Komitəsinə təqdim etsinlər;
-
şəhər, rayon təhsil şöbələri III mərhələdə iştirak edəcək qaliblərin ezam
olunmalarını təmin etsinlər;
-
ATİAHİ şəhər və rayon komitələri yarışların II mərhələsinin qaliblərinin
mükafatlandırılmasını və onların III mərhələdə iştirakı ilə bağlı məsələləri
həll etsinlər.
6.
Yarışın keçirilməsi ilə əlaqədar tərəflər öz üzərinə götürür:
6.1.
Təhsil Nazirliyi:
-
yarışda I, II və III yerlərə layiq görülənlərə diplomların verilməsini;
-
yarışın III mərhələsinin keçirilməsi üçün yerin və şəraitin təmin
edilməsini.
6.2.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
-
yarışın qaliblərinin mükafatlandırılmasını;
I
yer üçün - 500 manat
II
yer üçün - 300 manat
III
yer üçün - 200 manat
- 5
həvəsləndirici mükafat - (hər biri 100 manat);
-
hakimlər kollegiyasının sədrinə 200 manat, üzvlərinə isə 100 manat
məbləğində pul mükafatının verilməsini.
7.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi və ATİAHİ
Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri şöbəsi bu qərardan
irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
8.
Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin müvafiq şöbələri qərar
və əlavələrin "Azərbaycan müəllimi" və "Təhsil işçisi" qəzetlərində dərc
edilməsini və İnternet səhifələrində yerləşdirilməsini təmin etsinlər.
9.
Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova və sədr müavini
Ş.Əsgərova həvalə olunsun.