Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Tələbə mənəviyyatına yol açan kitab

 

Fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin "Fəlsəfə fənninin tədrisi prosesində tələbələrdə milli qürur hissinin  tərbiyəsi" adlı tədris vəsaitini məhz belə adlandırmaq olar. Çünki milli qürur hissinin mənşəyinin araşdırılması və bu hissin fəlsəfə fənninin ayrı-ayrı mövzuları ilə əlaqələndirilərək tələbə şəxsiyyətinə təsiri mexanizminin açılmasına cəhd göstərilməsi elmi-metodik cəhətdən yeni bir cəhd olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya bilər.

Metodik vəsait giriş, nəticə və 6 paraqrafdan ibarət olub tələbə gənclərin vətənpərvərlik tərbiyəsinin mühüm istiqamətlərindən olan milli qürur hissinin tərbiyə edilməsi məsələlərinə həsr olunmuş ilk cəhdlərdən biridir. Çətin müharibə şəraitində yaşayan gənc dövlətimizdə milli qürur hissinin hər bir insanda, xüsusən də gənc nəsildə formalaşdırılmasının elmi-nəzəri və metodiki cəhətdən araşdırılması mühüm praktik əhəmiyyətə malikdir.

Zənnimizcə, müəllif tələbə gənclərdə milli qürur hissinin tərbiyə edilməsini fəlsəfə fənninin ayrı-ayrı mövzularının tədrisi ilə əlaqələndirərək araşdırmaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmişdir. Belə ki, fəlsəfə fənninin nəzəri müddəaları ilə sıx vəhdətdə milli qürur hissinin müxtəlif aspektlərinin araşdırılması, bunların tələbə dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına təsiri metodik vəsaitin əhəmiyyətini artıran cəhətlərdəndir. Kitabda milli qürur hissinin anlayışı, onun formalaşmasının sosial-psixoloji amilləri araşdırılarkən fəlsəfə fənninin bir sıra mövzularına, məsələn "Fəlsəfədə və təbiətşünaslıqda şüur problemi", "Fəlsəfədə insan problemi", "İdrak. Elmi idrak və onun formaları" kimi mövzulara geniş müraciət edilir və qeyd edilən problemin elmi-nəzəri aspektlərinin daha geniş şəkildə işıqlandırılmasına çalışılır. Bu kontekstdə  vətənpərvərlik hissinin ayrılmaz hissəsi olan milli qürurun tələbə şəxsiyyətinin formalaşmasındakı roluna xüsusi diqqət yetirilir. Müəllif haqlı olaraq qeyd edir ki, insanın öz doğma vətəninə, onun tarixi keçmişi və qazandığı nailiyyətlərə hissi-emosional münasibətin toplu ifadəsi olan milli qürur hissi həm də milli mənəviyyatın ayrılmaz hıssəsi kimi ortaya çıxır.

Dərs vəsaitinin mühüm cəhətlərindən biri burada  araşdırılan problemlərin  gerçəkliklə ciddi surətdə əlaqələndirilməsidir. Elə bunun nəticəsidir ki, müəllif tələbə gənclərdə milli qürur hissinin tərbiyə edilməsi ilə bağlı ətraflı ümumiləşdirmələr apararaq maraqlı elmi-nəzəri qənaətlərə gələ bilir. Diqqətçəkici məqamlardan biri də odur ki, müəllif milli qürur hissinin anlayışına, onun insan dünyagörüş və əxlaqına təsirinə fərqli cəhətlərdən yanaşmağa çalışmış, son nəticədə maraqlı qənaətlərə gəlməklə oxucuda ətraflı təsəvvürlər formalaşdırmağa nail ola bilmişdir. Onun tələbələrdə milli qürur hissinin formalaşdırılmasını Azərbaycanda müasir dövlət quruculuğu ilə əlaqələndirməsi və bu zaman Azərbaycançılıq ideologiyası üzərində də dayanması metodik vəsaitin dəyərini artıran cəhətlərdəndir. Bu fonda müəllifin geniş faktik materiallara müraciət etməsi işin sanbalını daha da yüksəldir. Aydın  hiss olunur ki, müəllif metodik vəsaitin ərsəyə gəlməsi üçün xeyli zəhmət sərf etmişdir. Bütün bunlar vəsait haqqında xoş sözlər söyləməyə imkan verir.

Elə bu səbəbdən də müəllif haqlı olaraq qeyd edir ki, milli qürur hissinin tələbə gənclərə aşılanması prosesi tarixi keçmişimizin görkəmli nailiyyətləri, milli dəyərlərmiz, milli mədəniyyətimizin nümunələri ilə sıx vəhdətdə aparılmalıdır. Kitabda milli mədəniyyətin milli qürur hissinin formalaşmasındakı tənzimləyici rolunun geniş araşdırılması və bu zaman fəlsəfədəki "Mədəniyyət və sivilizasiya" mövzusuna da müraciət edilməsi problemin daha həcmli izah edilməsinə kömək edir.

Bu nöqteyi-nəzərdən müəllifin irəli sürduyu fikirlər və nəzəri müddəalar mövzu ilə bağlı problemlərin aydın şərhinə xidmət edir, mövzunun lazımi səviyyədə açılmasına gətirib çıxarır.

Hiss olunur ki, müəllif metodik vəsaitin işlənilməsi zamanı çoxsaylı ədəbiyyat və tədris vəsaitindən istifadə etmiş, məsələləri praktiki qənaətlərlə daha da möhkəmləndirməyə çalışmışdır.

Metodik vəsaitin dili  sadə və oxunaqlıdır. Bütün məsələlər məntiqi ardıcıllıqla şərh edilir.

Metodik vəsaitdən ali məktəblərin tələbə və müəllim kollektivi istifadə edə bilər.  

Nurqələm MİKAYILOV,
fəlsəfə elmləri doktoru, professor,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ictimai elmlər kafedrasının müdiri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov