İnsan
ömrü öz fizioloji inkişaf dinamikasına, məna və
məzmununa görə dörd hissəyə bölünür; uşaqlıq,
yeniyetməlik, gənclik və ahıllıq dövrünə. Döğulduğu
gündən axirət dünyasına qovuşanadək ömrünün qaynar
bahar, qızmar yay, solğun payız və müdrik qış
mərhələsini yaşayan insan da təbiətin bir parçasıdır. O
parçası ki, ulu Tanrı daha sonra nə yaradıbsa, hamısını
bu ali varlığın müqəddəs ruhuna mənəvi qida, həyat
stimulu yaratmaq üçün isə maddi nemətlər bolluğu kimi
bəxş edib. Ümumiyyətlə, bu dünyada nə varsa-hava, su və
torpaq və havadan qidalanan bütün canlılar məhz insan
ömrünə yaraşıq, bir gözəllik bəxş edir.
Gözəllik isə heç bir nemətlə müqayisə oluna bilməyən
ruhi qida mənbəyidir. Boyuna-biçiminə, qəribə taleyinə
görə insanlardan heç də seçilməyən təbiət də ağlamağı,
gülməyi, kövrəlməyi bacarır. O, bəzən qəzəblənir də.
Qara buludlara çevrilən qubarını taleyin bir şimşək
dağı kimi dağlara, düzlərə, yamaclara səpələyən ana
təbiət yaz gələndə bam-başqa bir görkəm alır. Payızda
qızılı yarpaqları özünə yorğan edən, qışda isə duvağa
bürünən, uzun qış gecələri mışıl-mışıl mürgüləyən təbiət
yazın gəlişi ilə oyanır, könülləri sevindirməyə
başlayır. Uca dağlardan "uçan" yel qanadlı şəlalələr,
həzin nəğmələri ilə könülləri oxşayan, dərə-təpələrə
düzənlərə xoş ovqat gətirən çaylar, yenicə yaşıl örpəyə
bürünən alça ağaclarının budaqlarında laylaya bənzəyən
cəhcəhəsi ilə ötüşən bülbüllər, baharın gəlişini yaz
buludlarının ətəyindən seyr edən qartallar bu gözəl
təbiətə vurğun olan insanı ilhama gətirir. Şairlər
yazın gəlişi münasibətilə şeirlər yazırlar, bəstəkarlar
mahnılar bəstələyirlər, rəssamlar isə bu əsrarəngiz
gözəllikdən ilhama gələrək özlərinin ən dəyərli, ən
qiymətli tablolarını və başqa sənət əsərlərini
yaradırlar. Və qəribə də olsa yaradıcı insanların ilk
ilham mənbəyi də elə məhz baharın ilk müjdəçisi
sayılan səməni olur. Nur, bərəkət simvolu, bolluq rəmzi
olan səməni. Novruz adlandırdığımız bahar bayramının
gözəllik ifadəçisi, süfrələrin bəzəyi də elə belinə
qırmızı lent bağlanan, öz füsunkar görkəmi ilə
gözəlləri xatırladan bu səmənidir. Özü boyda bir gül
çələnginə bənzəyən, təbiətin ali varlığı olan insan da
bu fəsildə kini - küdurəti atır, küsülülər barışır,
oğlanlar qızlara elçi düşür, bir sözlə, hər evdə, hər
küçədə, hər kənddə, hər şəhərdə əsil bayram
əhvali-ruhiyyəsi yaşanır. Novruz bir də onunla
müqəddəsdir və önəmlidir ki, hicri tarixi ilə müsəlman
dünyasının Yeni il bayramı da məhz bu tarixdə qeyd
olunur. Martın 22-də gecəylə gündüz bərabərləşir, necə
deyərlər, təbiətdə fəlsəfi bir tarazlıq yaranır.
Ümumiyyətlə,
Novruz bayramını heç bir bayramla müqayisə etmək olmaz.
Biz müsəlmanlar, biz azəri türkləri Qurban bayramında nə
qədər kövrəliriksə-müqəddəs İbrahim Peyğəmbərin ulu
Tanrıya olan eşqinə heyran qalırıqsa, bu bayramda bir o
qədər sevinirik, şənlənirik, fərəhlənirik. Gülün-çiçəyin
insan ömrünü bəzədiyi bu fəsildə tək təbiət deyil,
insan ömrü də ətir saçır, ürəklər sevinir,
arzular-diləklər pərvazlanır, hər yan gözəlləşir: yer
də, göy də, bağ da, bağat da.
Bəli, belə bir deyim də var ki, Ulu Tanrı sevgisi ilə
Novruzda sevənlər və sevilənlər hökmən xoşbəxt olurlar.
Çünki Novruz xeyir-duası ilə sevənlərin və sevilənlərin
qəlbinə Tanrı eşqi özü hakim olur. Statistik rəqəmlərə
nəzər salsaq görərik ki, Novruzda nişanlananlar, ailə
quranlar doğrudan da xoşbəxt olurlar. Belə ailələrdə
sevda eşqi daim sönməz olur. Görünür, bu da bir Tanrı
qisməti, Tanrı hikmətidir.
Gənclik ruhlu, zəhmət ətirli Bakımıza bir füsunkar
gözəllik gətirir Novruz. Elə bil Günəş də öz qırmızı
tacında daha gözəl görünür, ulduzlar səmanın göy saçında
daha parlaq sayrışırlar. İlin axır çərşənbəsi sübhün
çırağı da gur yanır, göz qamaşdırır. Bir sözlə, təbiət
özü ilhama gəldiyi kimi insanları da ilhama gətirir,
şairləri yazmağa-yaratmağa, bəstəkarları Novruz notları
ilə köklənmiş mahnılar bəstələməyə səsləyir.
Novruz bayramı həm də təbiətin bayramıdır. Təbiətin
oyanışı, sellərin, suların coşması, ağacların
tumurcuqlanması, köçəri quşların "yaylağa" qayıtmaları,
insanların torpağa bağlanması məhz bu vaxtdan başlanır.
Təbiətin belə oyanışından sonra insanlar Novruzu
qarşılamaq üçün 4 çərşənbə hazırlıq işləri görürlər.
Birincisi Su çərşənbəsi (ab), ikinci Od çərşənbəsi
(atəş), üçüncüsü Yel çərşənbəsi (bad), dördüncüsü
Torpaq çərşənbəsi (xak).
Ab, atəş, bad, xakdan xəlq olundu ulu kainat. Bunlar
olmasa, həyat da mövcud ola bilməz. Bəs, insanlar bu
bayramı necə qarşılayırlar?! Hansı milli adət-ənənələrə
Novruzda əməl edirlər? Əvvəlcə onlar dünyadan
köçmüşlərin ruhunu şad etmək üçün onları ehtiramla yad
edir, qəbirüstünə gedir, şam yandırır, ehsan verirlər .
Buna "Qara bayram" deyirlər. Çərşənbələrdə isə, daha
dəqiq desək, çərşənbə axşamlarında tonqal qalanması,
göyə yanar fişənglər atılması, bayram süfrələrinin
düzəldilməsi ululardan qalma qədim el adətidir. Tonqal
qalamaq, od üstündən tullanmaq, baş üzərində yanar
fişəng, lopa-üskü fırladıb göyə atmaq əski mifik
dünyagörüşü ilə bağlı bir məsələdir. İşığın, Günəşin
gücünə inanan insan odun-alovun köməyi ilə yabançı
ruhları, xəstəlik gətirən, yaşayışına sıxıntı verən şər
qüvvələri qovub uzaqlaşdırırdı. Burada bütün məqamlarda
Od-Günəşin rəmzi kimi düşünülürdü. Qışdan çıxmaq üçün
tonqal, od yandırılması əslində dolayısı ilə həm də
Günəşin, yazın çağırılması mərasimidir. Bu aktın icrası
zamanı tonqalın üstündən atılarkən,-
Ağırlığım, uğurluğum
Tökülsün, bu odda yansın,-
söylənməsi əski təsəvvürlə, qışın ağrı-acısından
qurtulmaq üçün Oda, Günəşə bir xilaskar kimi yanaşılması
qənaətilə bağlıdır. Çox təəssüflər olsun ki, ötən əsrin
70 ili dini, mənəvi-əxlaqi dəyərlərimiz, oturuşmuş
adət-ənənələrimiz total rejimin, bolşevik təbliğatının
qəzəbinə tuş gəldi. Bütöv bir millətə min ildən artıq
bir müddətdə yaşatdığı dini , mənəvi dəyərlər birdən-
birə yasaq edildi. Şərqlə bağlılığı qırmaq üçün əski
əlifbanı dəyişdirməklə, milləti yalnız öz dini-əxlaqi
dəyərlərindən deyil, həm də milli adət-ənənələrindən
uzaqlaşdırmağa səy göstərildi. Müqəddəs ulu bayramımız
olan "Novruz bayramı"na isti münasibət xalqa yasaq
olunurdu, ona, dini qiyafə geydirilirdi. Əsrlərlə meydan
və küçələrdə nümayiş etdirilən, insanların
mənəvi-psixoloji təmizlənməsinə, hətta tibbi nöqteyi
nəzərdən fiziki sağlamlıq üçün gərəkli olan belə bir
bayram bolşevik təbliğatının təqibindən yaxa qurtara
bilmədi. Lakin Novruz bayramı yaddaşlardan silinmədi,
sadəcə olaraq bu bayramın müvəqqəti olaraq məkanı
dəyişdi; küçələrdən, meydanlardan ürəklərə, evlərə
köçdü, səmənilər ürəklərdə cücərdi, bülbüllərin
nəğmələri deyil, ah-nalələri eşidildi.
Əlbəttə, Novruzun üzərindəki qadağaları götürmək üçün
Azərbaycan ziyalıları uzun müddət çarpışdılar. Şıxəli
Qurbanovdan başlamış neçə-neçə işıqlı şəxsiyyət
Novruzun həyata qaytarılması yolunda fədakarcasına
mübarizə apardı və şəxsən Şıxəli Qurbanov buna nail
oldu. Xalqımızın bir xoşbəxtliyi də onunla bağlıdır ki,
1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana
rəhbər təyin olundu. Məhz ulu öndərin diqqəti və qayğısı
sayəsində bayram günlərində Bakı küçələrində insanlar
kütləvi şənliyə çıxmağa, çalıb-oynamağa başladılar, Qar
qız Bahar qızla əvəz olundu.
Bəli, Baharın gəlişi insanın qanını qaynadır, süfrəmizə
bolluca nemət, xalqımıza cansağlığı, xoşbəxtlik,
firavanlıq gətirir. Bahar bir də onunla önəmlidir ki,
müqəddəs yaşantıları bizə bəxş edən Novruz da öz ətrinə,
məna və məzmununa görə məhz Bahara borcludur.
Bahar gələndə görkəmli şairlərimiz Səməd Vurğunun,
Süleyman Rüstəmin, Nigar Rəfibəylinin, eləcə də ulu
Şəhriyarın bu təravətli, xoş ovqatlı, xoş müjdəli fəsil
haqqında yazdıqları şeirlər yaddaşımızda yenidən
çözələnir. Elə buna görə də Baharla və Novruzla bağlı
düşüncələrimi ustad Şəhriyarın "Heydərbabaya salam"
mənzuməsinin və xalq şairi S.Vurğunun nəğməkar Bahar
haqqında şeirinin aşağıdakı misraları ilə sona
yetirirəm:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ah, nə gözəl, qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
(Şəhriyar)
Bahar, istəklimsən, başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin,
Xoşbəxt yaranmısan, xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.
(S.Vurğun)
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"
Qeyd:
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"
|