Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

İnformasiya və kommunikasiya ilinin gətirdiyi böyük uğurlar

 

Böyütmək üçün şəkili seçinSon illər ölkəmizdə möhtərəm Prezidentimizin sərəncamları ilə hər təqvim ilinin cəmiyyətin həyatında, ölkənin inkişafında mühüm rol oynayan bir fəaliyyət sahəsi ilə adlandırılması artıq yaxşı bir ənənə halını alıb. Bu yolla bir tərəfdən ictimaiyyətin diqqəti dövlətin öz siyasətində prioritet hesab etdiyi istiqamətə cəlb edilirsə, digər tərəfdən müəyyənləşdirilmiş inkişafyönümlü tədbirlərin ilboyu həyata keçirilməsi nəticəsində həmin sahənin üstün inkişafı təmin olunur. Bu baxımdan 2013-cü il ölkəmizin müasir tarixinə "İKT ili" kimi daxil olub.

İndi, artıq dünyanın əksər ölkələrinin informasiya cəmiyyətləri qurmaq, mövcud informasiyaları toplayıb emal etmək və aparılan siyasətdə onun nəticələrinə istinad etmək yolunda ciddi addımlar atdığı və böyük uğurlar qazandığı bir zamanda cəmiyyət həyatında informasiyanın rolunu, önəmini sübut etməyə ehtiyac yoxdur. Hazırda dünya vaxtilə iti ağıl sahiblərinin proqnozunu verdiyi elə inkişaf səviyyəsinə gəlib çatıb ki, bu səviyyədə hər şey - ölkənin gücü, üstünlüyü, bütün sahələrdə inkişafın, insanların maddi-rifah halının səviyyəsi məhz informasiya-kommunikasiya vasitələrinin tətbiqi vəziyyəti ilə müəyyən olunur. Buna görə də İKT-nin ən son nailiyyətlərinin ölkəmizdə tətbiqi və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Müasir dövrün reallıqlarını və inkişaf tendensiyalarını praqmatik bir siyasətçi kimi düzgün dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün 16 yanvar 2013-cü il tarixli 2664 nömrəli sərəncamı ilə 2013-cü ili ölkəmizdə "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan etmişdi. Məqsəd cəmiyyət həyatında əvəzsiz rola malik, müasir dövrün və "biliklər iqtisadiyyatı"na keçidin əsas atributuna çevrilmiş İKT-nin ölkəmizdə daha da inkişafını, qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrinə tətbiqini təmin etmək idi.

Həmin sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cu ilin Azərbaycan Respublikasında "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı hazırlamaq tapşırılmışdı. Sözügedən plan vaxtında hazırlanaraq ölkə başçısının 29 mart 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuşdur.

Tədbirlər Planında İKT sektorunun daha da inkişaf etdirilməsi üçün 4 strateji istiqamət müəyyən edilmişdi. Təşkilati tədbirləri əhatə edən birinci istiqamət xüsusi saytın yaradılıb fəaliyyətinin təmin edilməsini, şəhər və rayonlarda ictimai yerlərdə müvafiq təşviqat materiallarının yerləşdirilməsini, görülən işlər haqqında mütəmadi olaraq KİV-də məlumatların verilməsini, informasiya təhlükəsizliyi ilə bağlı ilk respublika konfransının keçirilməsini və s. tədbirləri nəzərdə tuturdu.

İkinci strateji istiqamət normativ-hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini əhatə edirdi ki, buraya sahə üzrə beynəlxalq səviyyəli strategiyaların hazırlanması, "az" domenindən istifadənin genişləndirilməsi, qeydiyyat proseslərinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi, rabitə və İnternet xidmətləri tariflərinə yenidən baxılması və s. daxil idi.

Tədbirlər Planında üçüncü istiqamət kimi İKT potensialının gücləndirilməsi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, "Yüksək Texnologiyalar Parkı"nın, Elektron Təhlükəsizlik Mərkəzinin, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin təşkili, "Elektron hökumət"in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi və s. üzrə tədbirlər görülməsi yer almışdı.

Sonuncu-dördüncü strateji istiqamət üzrə görüləcək işlərə isə informasiya cəmiyyəti və insan potensialının inkişafı, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması, İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi, Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği, yayılması və s. daxil idi.

"İnformasiya və kommunikasiya texnologiyaları ili"nin yekunları göstərir ki, qarşıya qoyulan məqsəd əldə olunmuş, Tədbirlər Planında nəzərdə tutulan işlər reallaşdırılmışdır. Nəticədə ölkəmizdə İKT-nin inkişafı və tətbiqi yönündə bir sıra böyük uğurlar əldə olunmuşdur.

Bu uğurların ən möhtəşəmi, şübhəsiz, ötən il fevralın 8-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Martın 15-dən bütünlüklə yerli mütəxəssislər tərəfindən idarə olunan peykin buraxılması ilə ölkəmizin adı kosmik dövlətləri sırasına yazılmışdır. İlk peykimiz yerli radio və televiziya kanallarının yayımını təmin etməklə yanaşı, böyük bir hissəsi icarəyə verildiyindən, həm də ölkəmizə külli miqdarda gəlir gətirir.

Hər bir sahənin yüksələn xətlə və dayanıqlı inkişafı o sahədə çalışan kadrların peşəkarlıq səviyyəsindən həlledici dərəcədə asılıdır. Bu baxımdan ölkəmizdə İKT-nin inkişaf perspektivləri müvafiq sahə üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını da zərurətə çevirmiş və aktuallaşdırmışdır.

Həmin zərurət nəzərə alınaraq ötən il ölkəmizdə möhtərəm Prezidentin xüsusi sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti yaradılmışdır. Fikrimizcə, sözügedən ali məktəbin fəaliyyətə başlamasını, eləcə də sektor üzrə ixtisaslı kadr hazırlığı məqsədi ilə dünyanın bir sıra tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələrin qurulmasını da "İKT ili"nin ən mühüm töhfələrindən hesab etmək olar.

"İKT ili" ilə bağlı Tədbirlər Planına müvafiq olaraq informasiya texnologiyaları sahəsində istehsalyönümlü  fəaliyyətin dəstəklənməsi, bu sahədə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsasnaməsi hazırlanaraq ölkə Prezidentinin 2 aprel 2013-cü il tarixli 853 nömrəli fərmanı ilə təsdiq olunmuşdur. Fond İKT sahəsində çalışan sahibkarlara dövlət adından maliyyə dəstəyi göstərəcək, şirkətlərə qrantlar, kreditlər verəcəkdir.

Prezidentin 5 noyabr 2012-ci il tarixli sərəncamı ilə yaradılmış və əsas məqsədi elm və istehsal sahələri arasında körpü yaratmaq olan Yüksək Texnologiyalar Parkının tam formalaşması da məhz "İKT ili"ndə - 2013-cü ildə olmuşdur.

Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması baxımından mühüm əhəmiyyətə malikdir.

Son illər cəmiyyət həyatında mühüm rol oynayan təhsilin elektronlaşdırılması da prioritet məqsədlərdən olmuş, 2004-2012-ci illər arasında İKT-nin təhsil sisteminə tətbiqi və bu sistemin informasiyalaşdırılması üzrə iki dövlət Proqramı qəbul olunaraq həyata keçirilmişdir. Nəticədə 2012-ci ilin yekununa görə məktəblərin 90 faizi kompüterlərlə təchiz olunmuş, V-XI siniflərdə 20 şagirdə 1 kompüter nisbəti təmin edilmişdir.

Təhsil sisteminin informasiyalaşdırılması üzrə işlər "İKT ili"ndə də davam etdirilmiş və xeyli uğur əldə olunmuşdur. Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter və digər rəqəmsal avadanlıqlarla təminatı xüsusilə diqqət mərkəzində saxlanmış, Təhsil Nazirliyinin tabeliyində olan şəhər və rayon təhsil şöbələrinə 3702 ədəd stolüstü kompüter, 4853 ədəd noutbuk, 1976 ədəd proyektor və 2600 ədəd interaktiv elektron lövhə verilmişdir.

Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sistemi daha da təkmilləşdirilmiş Bakı şəhərində və Abşeron rayonunda 366 təhsil müəssisəsinə texniki xidmət göstərilmişdir.

İntranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması istiqamətində addımlar atılmış, 2013-cü ildə həmin şəbəkələrə əlavə olaraq 70 təhsil müəssisəsi qoşulmuş, nəticədə İntranet və İnternet sistemlərindən istifadə edən təhsil müəssisələrinin sayı 1695-ə çatmışdır.

"İKT ili"nin təhsildəki uğurlarından bir qismi  də elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə əlaqədardır. Belə ki, ötən il Joung Digital Planet şirkətinin Universal Kurikulum platforması üzrə 57 ədəd elektron dərs, 10 ədəd milli tədris fənni üzrə elektron tədris resursları, 57 ədəd animasiyalı müəllim təqdimatı hazırlanmışdır.

Təhsil sistemində kadr potensialını gücləndirilməsi sahəsində də diqqətəlayiq işlər görülmüş, İntel "Gələcək üçün təhsil" təlim vəsaitləri əsasında müxtəlif məqsədlərlə təxminən 3300 nəfər müəllimə təlimlər və treninqlər keçirilmişdir.

Ölkədə İKT-nin dinamik inkişaf tempi bu sahədə təhlükəsizliyin təminatını da zərurətə çevirmişdir. "İKT ili"ndə bu istiqamətdə də müəyyən addımlar atılmışdır. Belə ki, ölkə başçısının 26 sentyabr 2012-ci il tarixli "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanının icrası ilə bağlı işlər əsasən "İKT ili"ndə reallaşdırılmağa başlanmış, nəticədə ölkədə informasiya dövriyyəsinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması və s. istiqamətlərdə mühüm tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə yeni qurumlar - Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və PİTN-nin tabeliyində Elektron Təhlükəsizliyi Mərkəzi yaradılmışdır.

"İKT ili" həm də "Elektron hökumət", "Asan xidmət" layihələri çərçivəsində göstərilən xidmətlərin sayı və keyfiyyətinin yüksəlməsi ilə yadda qalmışdır. Məlumat üçün bildirək ki, hazırda "Elektron hökumət" saytında təqdim olunan xidmətlərdən ayda təxminən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 425 xidmətdən 275-i "Elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilmişdir. Əhaliyə təxminən 500 minə yaxın xidmət elektron formada göstərilmişdir.

Ötən ilin dekabrında Bakıda təşkil olunmuş 19-cu "Telekommunikasiya və informasiya texnologiyaları" sərgi-konfransı bir növ "İKT ili" çərçivəsində həyata keçirilən tədbirlərin yekunu olmuş, ölkəmizin İKT sahəsində böyük inkişaf potensialına malik olduğunu, region əhəmiyyətli qlobal layihələri daxili imkanlar hesabına uğurla reallaşdırdığını bir daha təsdiqləmişdir. 

Yusif ƏLİYEV,
əməkdar jurnalist,
"Azərbaycan müəllimi"
 

Qeyd: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov