2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulduğu kimi, məktəbəqədər təhsil təhsilin ilk
pilləsi olmaqla, ailənin və cəmiyyətin
maraqlarına uyğun olaraq, uşaqların erkən yaş
dövründən intellektual, fiziki və psixi
inkişafını, sadə əmək vərdişlərinə
yiyələnməsini, istedad və qabiliyyətinin üzə
çıxarılmasını, sağlamlığının qorunmasını,
estetik tərbiyəsini, təbiətə və insanlara həssas
münasibətinin formalaşmasını təmin edir.
Məktəbəqədər təhsil müvafiq təhsil proqramı
əsasında həyata keçirilir. Azərbaycan
Respublikasında məktəbəqədər təhsil üç yaşdan
başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə
hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil
uşağın valideynlərinin və ya digər qanuni
nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil
müəssisələrində, ümumtəhsil müəssisələrinin
müvafiq strukturlarında və ya ailədə həyata
keçirilə bilər.
Göründüyü kimi, qanunda uşaqların məktəbə xüsusi
hazırlıqla getməsi zəruri hesab olunur. Hazırda
qanunda nəzərdə tutulanlar tam tətbiq edilməsi
mümkün olmasa da məktəblərə uşaqların müəyyən
hissəsi bağcalarda müvafiq hazırlıq keçərək
gəlir. Əksəriyyəti isə hazırlıq keçmədən
evlərdən gəlir. Bəs, görəsən bağçadan məktəbə
gələn şagirdlərlə, ailədən hazırlıq keçmədən
gələn uşaqlar arasında təlim əməyinə münasibət,
öyrənmə, qavrama və sair baxımından nə kimi
fərqlər özünü göstərir. Suallarımıza cavab
tapmaq məqsədilə paytaxtın bir sıra orta
ümumtəhsil məktəblərində olduq, müəllim və
şagirdlərlə söhbətləşdik. |
|
Cəmşid HEYDƏROV,
211 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi:
- Məktəbəqədər təhsil, vahid təhsil sisteminin
ilk pilləsi olmaqla uşaqların intellektual,
fiziki və psixoloji inkişafında, onların
şəxsiyyətinin formalaşmasında və məktəbə
hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.
İbtidai sinif müəllimləri yaxşı bilir ki,
bağçadan gələn uşaqla, bağçaya getməyən uşaq
arasında məktəbə psixoloji hazırlıq baxımından
fərq çox olur. İstərdik ki, uşaqların hamısı
eyni hazırlıq səviyyəsində məktəbə cəlb
olunsunlar ki, müəllimlər eyni səviyyəli
uşaqlarla məşğul ola bilsinlər. Bundan başqa,
bəzən bağçalardan gələn şagirdlər öz yaş
dövrlərindən artıq biliklərə yiyələnirlər və biz
həmin mövzuları məktəbdə tədris edəndə artıq bu
həmin şagirdlər üçün maraqsız olur. Düşünürəm
ki, valideynlər bu kimi məsələlərə daha həssas
yanaşmalıdırlar. |
|
Aynurə KƏRİMOVA,
54 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi:
- Fikrimcə, bağçaların əsas məqsədi öyrətmək
deyil, sevdirməkdir. Bağça dövründə sevgi ilə
təməli qoyulan məşğələlər məktəbdə öz
keyfiyyətini qabarıq şəkildə göstərir. Ola bilər
ki, uşağın bağça müddətində aldığı hazırlıq
aşağı olsun. Amma əsas odur ki, bu müddət
ərzində təhsilə yaranan sevgi ilə məktəbə
gəlsin. Belə olduqda onlar öyrənməyə daha çox
meyilli olurlar. Təcrübəmiz bizə sübut edir ki,
bağçadan gələn şagirdlərin məktəbə adaptasiya
dövrü qısa olur. Onlar ilkin yazı vərdişlərini,
rəsm çəkməyi bacarır, kollektivlə ünsiyyət
qurmaqda çətinlik çəkmirlər. Lakin onu da qeyd
edim ki, bəzən bağçaya getməyən elə uşaqlar da
olur ki, onlar, demək olar ki, məktəbə tam hazır
vəziyyətdə gəlirlər. Mən bunun şagirdlərin
ailələri ilə bağlı olduğunu düşünürəm. Həmin
ailələrdə olan valideynlərin intellektual
səviyyəsinin yüksək olduğunu və bunun uşağa da
müəyyən qədər təsir etdiyini düşünürəm. |
|
Kəbutər SƏFƏROVA,
5 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi:
- Bağçalar uşaqların gələcək inkişafında müsbət
rol oynayır. Belə ki, uşaqların bağça təlimindən
məhrum olmaları onların cəmiyyətdə fəal iştirak
etmələrinə, dostlar arasında aktiv olmalarına
problem yaradır. Buna görə də hesab edirəm ki,
bağça təlimi uşaqların bu yaş dövrü üçün çox
vacibdir. Hazırda dərs keçdiyim sinifdə
uşaqların demək olar ki, 50%-i bağçadan gəlib.
Bağçaya getməyən qız uşaqları məktəbə ilk dəfə
gələndə valideynlərinin arxasınca daha çox
ağlayır və dərsin tez bitməsini gözləyirlər ki,
bu da tədrisin keyfiyyətinə mənfi təsir
göstərir. |
|
Fatimə
Xəzri-MİRZƏYEVA,
5 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi:
- Məktəbəqədər təhsil dövrü uşaqların ilkin
sosiallaşması dövrüdür. Onların mədəni
dəyərlərinin, şəxsiyyətinin formalaşmasında,
rəqabət hissinin yaranmasında bu dövr
əhəmiyyətli rola malikdir. Ancaq bu yaş dövrünü
valideynlər dəyərləndirməli, uşaqlarının müsbət
vərdişlərə yiyələnmələrinə nəzarət etməlidirlər.
Düzdür, biz ibtidai sinif müəllimləri hər 4
ildən bir yeni sinif qəbul edərkən müxtəlif
çətinliklərlə qarşılaşırıq. Belə ki, məktəbə ilk
dəfə qədəm qoyan şagirdlər istər-istəməz müəyyən
keçid dövrü keçirlər. Çalışırıq ki, bu dövrdə
şagirdlərlə daha həssas davranaq və ilk
günlərdən məktəbi onlara sevdirək. Bu işdə
valideynlərin də üzərinə böyük yük düşür. Elə
ailələr var ki, uşağı bağçaya və yaxud məktəbə
aparıb-gətirir və bununla da işinin bitdiyini
zənn edir. Ancaq bu belə olmamalıdır.
Valideynlər uşaqla dialoqa girməli, onun
fikirlərini dəyərləndirməli, öyrəndiklərini
paylaşma imkanı tanımalıdırlar. |
|
Sevinc
SƏFƏRLİ,
211 nömrəli tam orta məktəbin I sinif şagirdi:
- Mən lap balaca vaxtlarımdan bağçaya getmişəm.
Bağçada mənim çoxlu dostlarım var idi. Biz orda
rəsm çəkirdik, rəqs edirdik və oynayırdıq.
Bağçadakı tərbiyəçilərimi çox sevirəm. Onlar
mənə yazmağı, saymağı öyrədiblər. |
İnci
MƏMMƏDZADƏ,
54 nömrəli tam orta məktəbin I sinif şagirdi:
- Bağçada çoxlu şeirlər öyrənmişəm. Mən hər gün
bağçaya getmək üçün yuxudan tez dururdum.
Məktəbə gələndə uşaqların çoxu ağlayırdı.
Müəllimimiz onları sakitləşdirir və deyirdi:
"Görün heç İnci ağlayır?". Mən həm də uşaqlara
hərfləri yazmaqda kömək edirəm. |
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |