Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Psixoloq məsləhəti

Övladlarımızı döyərək deyil, sevərək tərbiyə edək!

 

Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
 

Qısa tanışlıq. Aidə Sübhan qızı  Nəbiyeva 2007-ci ildə Bakı Dövlət   Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavriat pilləsini psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2009-cu ildə həmin fakültənin magistratura pilləsini  hüquq psixologiyası ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Qızlar Universitetində müəllim kimi fəaliyyət göstərib. Psixoloji yardım və autizmli uşaqların reabilitasiyası mövzusunda müxtəlif yerli və beynəlxalq kursların iştirakçısıdır. İranda, Türkiyədə staj, praktik kurs keçib. İsrail Respublikasında distant təhsil alıb. 2011-ci ildən Müasir Psixologiya Mərkəzinin baş psixoloqudur. Təhsil Problemləri İnstitutunun dissertantıdır.

 

Müasir dövrümüzdə bir çox valideynləri uşaqlarının davranışlarında son zamanlar baş verən dəyişikliklər narahat edir. "Övladıma qadağa qoya bilmirəm!", "Qoyduğum qaydaları tez-tez pozur", "İctimai yerlərdə belə mənə cavab qaytarır", "Bir əşya alacağımız halda, mağazadan böyük paketlə çıxırıq..", "Ona etiraz etdiyimizi gördükdə özünü yerə çırpır və son nəticədə istədiyinə nail olur", "Bağçadan və məktəbdən adətən müəllimlərindən və ya dostlarından şikayət edərək qayıdır", "Evə kənar şəxslər gəldikdə səs-küy salır". Əgər siz də gün ərzində bu tip ifadələrlə gileylənirsinizsə, demək övladınızda davranış problemləri başlayıb. Belə uşaqların valideynləri deyinərək, şikayət edərək günün yarıdan çoxunu övladları ilə konflikt şəraitində keçirirlər. Davranışda olan bu cür problemlərin sürətlənməsinin səbəbkarı təkcə uşaqlar deyil, eyni zamanda valideynlər və sosial mühitdir. Həmin uşaqların mənfi meyillərini sürətləndirən valideynlərin məhz aşağıda qeyd olunan  davranışlarıdır:

* Valideynlərin günün böyük hissəsini iş həyatına və s. həsr etməsi.

* Valideynlərin uşağı daima tənqid etməsi.

* Valideynlərin uşaqları mənfi mənalı adlandırmalarla (məsələn, səfeh) çağırması.

* Atanın uşaqla ünsiyyətinin azlığı.

* Ananın günün böyük hissəsini ev işlərinə həsr etməsi.

* "Özündən çıxar" deyib, tərifə yol verməmək.

* Az tərifləmək, tərifi şişirtməmək.

* Qoyulan qadağaların müxtəlif şəxslər tərəfindən müxtəlif cür qoyulması (məsələn, ata telefona qadağa qoyur, amma nənənin ürəyi dözməyərək onu gizli yollarla uşağa verir).

* Qadağaların izah olunmaması, həddindən artıq yüksək və ya aşağı tonda deyilməsi.

* Uşağın əsas tələbatı olan oyun tələbatının ödənilməməsi.

* Dözümsüzlük və səbirsizlik.

* Emosiyaların, duyğuların, qayğının uşağa kifayət qədər nümayiş etdirilməməsi.

* Neqativ davranışlı bacı və qardaş faktorunun evdə olması.

Bəli, yuxarıda sadaladığımız amillər davranış probleminin  artmasına gətirib çıxarır. Qeyd olunan amillərin şərhindən belə aydın olur ki, həmin  uşaqlara diqqətin, qayğının kifayət qədər göstərilməməsi onlarda neqativ meyillərin yaranması prosesini gücləndirir. Məsələn, bu cür uşaqlarda özünəəminlik aşağı səviyyədə olur. Səbəb isə odur ki, uşaq hər dəfə mənfi davranış nümayiş etdirdikcə, valideyni insanlar arasında, evdə, dostlarının yanında belə onu tənqid etməyə və hətta ona mənfi adlar qoymağa başlayırlar. Bu uşaqlara sonradan "Axı sən yaxşı oğlansan, mən inanmıram ki, sən bunu eləmisən..." fikrinə cavab olaraq, "Yoxxx mən yaxşı oğlan deyiləm, axı atam deyir sən səfehsən..." kimi bir cavab verməsinə səbəb olur. Elə sonuncu cümlə məsələnin nə yerdə olduğundan xəbər verir.

Uşaqlarda bu cür davranışları aradan qaldırmaq istəyən valideynlər səbrini toplayaraq, aşağıdakı qaydalara əməl etməlidirlər. Əgər övladınızın davranışlarının  müsbətə doğru irəliləməsini istəyirsinizsə, bunu hər gün davamlı  şəkildə addım -addım tətbiq eləmək lazımdır.

1. Övladınızla danışıq tonunuzu aşağı salın.

2. Dilinizdə olan neqativ kəlmələri təmizləyin.

3. Onun müsbət cəhətlərini qabardın.

4. Ən kiçik davranışlarını belə böyük bir hadisə kimi şişirdin.

5. Səhvlərini üzünə vurmamağa çalışın.

6. Pozitiv örnək göstərməkdən çəkinin.

7. Dolayı yolla tənqid edin (məsələn, özünün deyil, digər uşağın mənfi davranışı olaraq tənqid edin).

8. Hədəflər qoyun (məsələn, hansı hərəkətlərinin  dəyişməsini istəyirsinizsə, onları sıralayın. Hər dəyişiklik üçün bir bal balansına əlavə edin).

9. Qadağalar aydın yazılmış və şəkillərlə ifadə olunmuş formada divardan asılmalı, tətbiqində güzəştlər olmamalıdır (məsələn, əgər  hər hansı bir qadağa pozulursa, onu düzəltməkdə israr etməlisiniz).

Uşaqların davranışlarının korreksiyasında valideynlər bu məsləhətlərdən yararlanaraq, bəzi məqsədyönlü tapşırıqlar və təmrinlərlə işi tamamlamış ola bilərlər. Məsələn:

 Təmrin 1.

- Övladınızla xalça üzərində uzanaraq, onun öz şəklini çəkin və ya çəkdirin, sonra xoş sözlər yazın. Bu kağızı evdə divardan asın!

Təmrin 2.

- Ev işlərində övladınızın sevdiyi bir işi siz bacarmadığınıza görə ondan etməyini xahiş edirsiniz və sonra etdiyi işi tərifləməyi, həmin  uğurunun sirlərini ondan öyrənməyi unutmayın!

Təmrin 3.

- Hər kiçik müsbət hərəkətini belə şişirdin. Hər kəsin yanında onun dəyişildiyini, son zamanlar tamamilə başqa cür davrandığını qeyd edərək heyranlığınızı nümayiş etdirin!

Əminəm ki, bu təmrinlərdən istifadə etdikdən sonra övladınızda baş verəcək xırda dəyişiklikləri dəftərçənizə qeyd edib, həftələr arasında dəyişikliyin səviyyəsini müqayisə etməyi unutmayacaqsınız!. Növbəti yazılarda müsbət davranışlarını artırmaq üçün daha geniş məsləhətlərlə sizinlə birlikdə addımlarımızı atacağıq... Səbr. Qayğı. Sevgi ilə bu yola "başladıq" deyin!...

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov