Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Biz məzunlarımızla fəxr edirik

 

BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi yaşının az olmasına baxmayaraq, çox böyük uğurlar qazanmışdır. Burada təhsil alan şagirdlərin səsi-sorağı artıq respublikamızın hüdudlarını aşır. Onlar beynəlxalq olimpiadalarda və bilik yarışmalarında çıxış edirlər.

Fəaliyyət göstərdiyi müddət ərzində "Gənc istedadlar" liseyini bitirən məzunların hamısı yüksək nəticə göstərərək respublikamızın və dünyanın ən nüfuzlu universitetlərinə daxil olmuşlar. Hazırda Kanada, Rusiya və Türkiyənin nüfuzlu universitetlərində liseyimizin 13 məzunu müvəffəqiyyətlə təhsil alır. Bu gün təhsil aldıqları elm ocaqlarından da onların xoş sədaları eşidilir.

"Gənc istedadlar" liseyinin nümunəvi məzunlarından biri də İsazadə Nicat Ramiz oğludur. Nicat İsazadə 1995-ci iyulun 5-də Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyini əla qiymətlərlə bitirib yüksək (657) balla BDU-nun kompüter elmləri ixtisasına daxil olmuşdur.

Nicat liseydə təhsil alarkən öz təlim-tərbiyəsi, nizam-intizamı və savadı ilə seçilən şagirdlərdən olmuşdur. O, ciddiliyi, çalışqanlığı, məntiqi təfəkkürü ilə də başqalarından fərqlənirdi. Oxuduğu müddət ərzində heç kəs Nicatın xoşa gəlməyən davranışını, yersiz bir hərəkətini görməmişdir. Nicat İsazadə dərslərini əla oxumaqla yanaşı, bilik yarışmalarına və müxtəlif müsabiqələrə də qatılırdı. 2011-ci ilin aprel ayında "Ətraf mühitin mühafizəsi" V Beynəlxalq Layihə Olimpiadasında (5th İnternational Environmental Project Olympiad, April 6-11, 2011, Baku) bürünc medalla təltif olunmuşdur.

Bu gün Nicat BDU-nun kompüter elmləri ixtisasının II kursunda təhsil alır. Birinci kursun yekunlarına görə onun orta balı 93.10 olmuşdur.

Böyütmək üçün şəkili seçinNicat İsazadənin 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasi tərəfindən keçirilmiş "İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsində" "R.M.Alguliev, R.M.Aliguliyev, N.R.İsazade DESAMC+DocSum: differential evolution with self-adaptive mutation and crossonver parameters for multidocument summarization // Knowledge-Based Systems, 2012, vol. 36, pp. 21-38" məqaləsi I yerə layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, alim və mütəxəssislər üçün 5 yer (1-ci yer-1, 2-ci yer-2, 3-cü yer-2) müəyyənləşdirilmişdir.

Müsabiqə çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə dərc olunan ən yaxşı elmi işlər qiymətləndirilmişdir. Müsabiqədə akademiya təşkilatlarından və ali təhsil müəssisələrindən alimlər iştirak etmişlər. Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak etmişdir.

Məqalənin çap olunduğu "Knowledge-Based Systems" jurnalı dünyanın dörd ən böyük nəşriyyat evindən biri olan "Elsevier"də nəşr olunur. Dünyada dərc olunan elmi məqalələrin 25 faizi məhz bu nəşriyyatda çap olunur. Bu jurnal İmpact Factor göstəricisinə (İF: 4.104. Thomson Reuters, 2013 Journal Citation Reports) görə dünyada kompüter elmləri sahəsində nəşr olunan ən nüfuzlu jurnallardan biridir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, bu jurnalda azərbaycanlı alimlərin məqaləsi ilk dəfədir ki, çap olunur. Çap olunmasından az müddət keçməsinə baxmayaraq, məqaləyə artıq dünyanın "IEEE Transactions on Magnetics", "Siqnal Processing", "Chemometrics and Intelligent Laboratory Systems", "Lecture Notes in Computer Science" və s. kimi nüfuzlu jurnallarından və konfrans materiallarından istinadlar olmuşdur.

Bu gün "Gənc istedadlar" liseyinin rəhbərliyi və pedaqoji kollektivi Nicat kimi yetirmələri ilə fəxr edir.

 Sevinc ƏLLƏZOVA,
BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin müəllimi, fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov