"Ucundadır dilimin həqiqətin böyüyü"... Sabirabad
rayonundakı B.Rəhimov adına Qəzli kənd tam orta
məktəbində keçirilən böyuk mütəfəkkir, həkim,
jurnalist, yazıçı, rəssam, tərcüməçi, ədəbi tənqidçi Əli
bəy Hüseyn oğlu Hüseynzadənin yaradıcılığına həsr
olunmuş xatirə gecəsinin leytmotivi belə idi.
Gecədə məktəblilər, müəllimlər, kənd sakinləri, Əli bəy
Hüseynzadənin ata babasının vətəni olan qonşu Quruzma
kəndinin nümayəndələri iştirak edirdilər. Gecəni giriş
sözü ilə məktəbin direktoru Heydər Rüstəmov açdı. O,
böyük Azərbaycan türkü Ə.Hüseynzadənin çoxcəhətli
fəaliyyətindən, mədəniyyət tariximizdəki rolundan
danışdı. Ə.Hüseynzadə ilə bağlı keçirilmiş bəzi
tədbirlərdən bir neçə dəqiqəlik görüntülər ekrana
gətirildi, rəsmləri nümayiş etdirildi. Sonra söz digər
natiqlərə verildi. Məktəbin tarix müəllimi Sakit
Şirvanov alimin həyat və fəaliyyəti haqqında ətraflı və
maraqlı məruzə ilə çıxış etdi. Müəllimlərdən Vahid
Muradovun, Zəka Cabbarovun ünlü türkçünün
yaradıcılığının müxtəlif istiqamətlərinə dair
verdikləri məlumatlar tədbir iştirakçıları tərəfindən
maraqla qarşılandı. Gecədə ən duyğulu çıxışlar
şagirdlərə məxsus idi. Yuxarı sinif şagirdləri Aydan
Əkpərovanın, Ləman Məmmədovanın, Simarə Rəhimovanın,
Nübar Rüstəmovanın, Ofelya Muradovanın ifasında
səslənən "Turan", "Hali-vətən", "Bu da yahu keçər"
şeirləri, "Türklər kimdir və kimlərdən ibarətdir",
"Azərbaycanda düşündüklərim" və s. məqalələrdən parçalar
dinləməyə dəyərdi. Onlar bir azərbaycanlı mütəfəkkirin,
soy-kökü ilə bu torpağa bağlı olan məşhur eloğlularının
yaratdıqlarını kiçik qəlblərinin böyük hərarəti ilə
öyrənmiş və çatdırmağa çalışmışlar.
Tədbirin sonunda qonaqlara söz verildi. Quruzma kənd tam
orta məktəbinin direktoru Famil Quliyev çıxış edərək
tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi,
bu tədbirin əhəmiyyətindən danışdı, Əli bəy Hüseynzadə
kimi şəxsiyyətlərin türk dünyası üçün qürur mənbəyi
olduğunu söylədi.
Firəngiz İSKƏNDƏRQIZI,
Sabirabad rayonu B.Rəhimov adına Qəzli kənd
tam orta məktəbinin dil-ədəbiyyat müəllimi |