Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Ali təhsilimiz son 10 ildə və növbəti 10 ildə

 

Əfqan ABDULLAYEV,
Azərbaycan Dillər Universiteti təhsil fakültəsinin dekanı,
2 dəfə Senator Fulbrayt təqaüdçüsü, professor
 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd olunur ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Bununla belə o da göstərilir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Bu məqsədə çatmaqda, heç şübhəsiz ki, Bolonya prosesinin tələblərinin ali təhsil sistemimizdə tətbiqi, özü də lazımi səviyyədə, heç bir təhrifə, imitasiyaya yol vermədən tətbiqi qaçılmazdır.

2005-ci ildə Bolonya prosesinə qoşulan respublikamız bununla faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturlarını müəyyənləşdirdi. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün son 8 ildə müvafiq addımlar atılmış, normativ-hüquqi sənədlər (Kredit sistemi ilə tədrisin təşkili, çoxballı sistemlə tələbələrin biliyinin qiymətləndirilməsinin prinsipləri, "Bakalavr və magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu")  təsdiq edilmiş və müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanmışdır.

Bolonya prosesinin prinsiplərinin tətbiqi ilə bağlı normativ-hüquqi bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilmişdir.

Bu gün dünyada sənaye cəmiyyətinin yerini informasiya cəmiyyəti tutmağa başlayıb. Əgər sənaye cəmiyyətinin inkişafında əsas amil təbii sərvətlər hesab edilirdisə, informasiya cəmiyyətinin inkişafında bunu  yüksək intellektə malik insan kapitalı əvəz etməkdədir. Yüksək intellektli kadrların formalaşmasında isə, heç şübhəsiz ki, təhsilin, xüsusilə də ali təhsilin əhəmiyyəti danılmazdır. Təsadüfi deyil ki, müasir dövrdə hər bir ölkənin inkişafı həmin ölkədə ali təhsilin səviyyəsi ilə müəyyən edilir. Onu da deyək ki, dünyanın ən reytinqli ali təhsil müəssisələri bu gün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yerləşir. Etiraf etməliyik ki, inkişaf etmiş müasir iqtisadiyyatlar üçün insan zəkası əsas xammal hesab olunur. Məhz buna görə də ölkəmizin Boloniya prosesinə qoşulmasına ən yüksək dövlət səviyyəsində əməli dəstək verilib.

Qloballaşan dünyanın bir parçası olan ölkəmizdə ali təhsilin nə qədər önəmli olduğu və yüksək intellektli insan kapitalına olan ehtiyac hər keçən gün daha çox hiss edilir. Bu ehtiyacı qarşılamaq üçün isə ölkəmizin ali təhsil sistemində dinamik inkişafı təmin etmək lazımdır. Bunun üçün müasir dünyanın təhsil yenilikləri ölkəmizdə də tətbiq edilməlidir. Avropa ali təhsil sisteminə inteqrasiyanın nə qədər önəmli olduğu ümummilli lider Heydər Əliyev tərəfindən vaxtı ilə bu cür ifadə olunmuşdur: "Azərbaycan müstəqil dövlət kimi Qərb ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır".  Bu gün respublikamız  Avropanın ali təhsil məkanına inteqrasiyada israrlı görünür.

Lakin aradan 8 il keçəndən sonra hələ də "Bəs Bolonya prosesinə qoşulmaqla biz nə əldə edəcəyik" sualı ilə rastlaşırıq. Cavab birmənalıdır: "Qazandığımız itirdiyimizdən qat-qat çox olacaq". Bunları isə ümumi şəkildə belə qörürük:

1) Tələbədə özünə inamın artması. 2) Tələbənin tədriz prosesinin planlaşdırılmasında yaxından iştirak etməsi. 3) Tələbənin seçim imkanlarının artması. 4) Akademik mobillik nəticəsində  tələbənin təhsilini başqa universitetlərdə davam etdirə bilməsi. 5) Ali təhsil ixtisaslarının əmək bazarının tələblərinə uyğunlaşdırılması. 6) Universitetlərin maliyyə müstəqilliyi əldə etməsi. 7) Biliyin qiymətləndirilməsində unifikasiyanın aparılması. 8) Transmilli təhsil standartlarının yaradılmasının qündəmə gəlməsi və s.

Göründüyü kimi, respublikamızda son 10 ildə ali təhsil sahəsində dəyişikliklərin baş verməsi danılmazdır. Ali təhsil müəssisələrinin sayı artmış, özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmağa başlamış, bəzi hallarda hətta özlərini bu işdə çox yaxşı cəhətdən göstərmiş, rəqabətə tab gətirə bilməyənlər fəaliyyətlərini dayandırmış, ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, professor-müəllim heyətinin keyfiyyətcə və kəmiyyətcə tərkibi artmış, ali təhsil sistemi dünya və Avropa ali təhsil sisteminə inteqrasiya etmək yolunda koklü dəyişikliklərə nail olmuşdur. Bolonya Bəyannaməsinə qoşulmuşuq və ən əsası da bundan ibarət olmuşdur ki, "Təhsil haqqında" Qanun qəbul edilmişdir. İnformasiya texnologiyalarının bütün sahələrdə olduğu kimi təhsildə də tətbiq olunması ali təhsildə böyük imkanlar və ümidlər yaratmışdır.

Bunlar hamısı son 10 ilin bizə verdiyi töhfələr olmuşdur. Bəs növbəti 10 ildə ali təhsildə hansı yeniliklər baş verə bilər. Düşünürük ki, hadsələrin bu cür sürətli inkişafı bəzi proqnozlar verməyə əsas verir.

Ali təhsil müəssisələrində əsaslı struktur dəyişikliklər qaçılmaz olacaq. Administrativ tərkibin sayı azaldılacaq, kafedralar departamentlərlə əvəz olunacaq və daha çox tədrisyönümlü olacaqdır. Məsələn, Müasir dillər departamentləri və Humanitar elmlər departamentləri kimi. Tədqiqatla məşğul olacaq qurumlar isə qeyri-departamentlərə - institutlara, tədqiqat mərkəzlərinə çevriləcək. Tədqiqatla məşğul olanlar departamentlərə tədris proqramları, fənn proqramları hazırlamaqla köməklik göstərəcəklər. Onların hazırladıqları tədris sənədləri daha az maaş tələb edən yardımçı heyət tərəfindən reallaşdırılacaq. Bu cür institut və mərkəzlərdə işləyənlərin əsas məqsədi kənardan gəlir (qrantlar, təqaüdlər, mükafatlar) gətirmək olacaq. Ziyanla işlədikləri halda həmin qurumlar qapadılacaq. Ali təhsildə çoxlu komitələr yaradılacaq, onlar tədrislə birbaşa əlaqəli olacaqlar, administrativ-menecment işlərində olanların səlahiyyət müddətləri bu gün olduğundan çox olacaq. Biliyin qiymətləndirilməsinin forma və məzmunu əsaslı dəyişəcək. Mentorların (tyutorların) bakalavriatdan sonrakı pillədəki işləri çoxalacaq. Bakalavriat tələbələri də işləməkdə israrlı olacaqlar.

Əksər universitet nəşrləri çap formasından internet formasına keçəcəklər. Humanitar elmlər sahəsində iş yerləri lazımınca olmayacaq. İnnovasiyalar baş verməkdə davam edəcək və yeni bacarıq və qabiliyyətləri özündə cəm edən alimlərə humanitar sahələrdə daha çox tələb olunacaq. Ali təhsil müəssisələri bir piramida şəklinə bənzəyəcək. Bu piramidanın ən yuxarısında o universitetlər dayanacaqlar ki, onların yaxşı seçilmiş bakalavr tələbələri olacaq, yüksək səviyyəli Ph.D., M.D., J.D və M.B.A, proqramları əsasında yüksək səviyyəli mütəxəssislər buraxacaqlar.

Bir sözlə, gələcək 10 ildə ali təhsil harda və necə olacaq öz yerində. Bu haqda ancaq mülahizələr yürütmək mümkündür.  Bizə bir şey gün kimi aydındır - dramatik dəyişikliklər eləmək üçün 10 il sonranı gözləməyə də dəyməz. İslahatların zamanı artıq gəlib.

Bolonya prosesinə münasibət də məhz bu işlərin tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, münasibət birmənalı deyil. İstər müəllimlər, istərsə də tələbələr bu prosesə qoşulmaqdan məmnun olduqlarını bildirsələr də, bəyənmədikləri bəzi məqamların  olduğunu söyləyirlər. Sübhəsiz, hər bir islahat nəyi isə dəyişmək deməkdir, hər bir dəyişiklik isə uzun illərdən bəri formalaşmış stereotiplərin əvəzlənməsini tələb edir. Bu da çox zaman narazılıqlarla qarşılanır. Amma nə qədər çətin də olsa, nə qədər barışmasaq da, bu gün aparılan islahatlar millətin gələcəyinə hesablanır və heç kimin buna mane olmağa ən azı mənəvi haqqı yoxdur.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov