Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Qeyri-rəsmi

"Heyvanları insanlardan daha yaxşı tanıyıram"

 

Redaksiyamızın qonağı Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, "Şöhrət" ordenli Qara Mustafayevdir 

Qara müəllim uzun illər Azərbaycan Televiziyasından yayımlanmış "Təbiəti sevənlər" verilişinin müəllifi olub. Teleməkanda hər hansı bir verilişin 30 ildən artıq efir həyatı yaşaması dünya telejurnalistikasında qibtə ediləcək bir hadisədir. Qara müəllimin söhbətindən bizə məlum oldu ki, 17 yaşında ilk dəfə qapısından daxil olduğu universitetə  bu gün 83 yaşında da eyni şövqlə gəlir və bu universitetə "məbədim" deyir. Hansı mövzudan danışırsa, elə ilk kəlmələrdən müsahibinin diqqətini özünə cəlb edə bilir. Təbiətdə maraq doğuran bir çox canlını tamaşaçı Qara müəllimin efir təqdimatında görüb, tanıyıb. Söhbətimizin sonunda  Qara müəllimlə kollektiv şəkil çəkdirdik. Vidalaşanda bu  mülayim, mehriban insan dünyanın ən dəyərli sözləri ilə bizimlə sağollaşdı.  

- Azərbaycanda demək olar ki, sizi tanımayan yoxdur. Çünki 30 ildən çox müəllifi olduğunuz "Təbiəti sevənlər" geniş tamaşaçı auditoriyası tərəfindən  bəyənilən bir veriliş olub...

- Mənim tanınmağım özümün xidmətim deyil, televiziyaya görədir.

- İlk vaxtlar siz verilişləri mərhum Mirəli müəllimlə birlikdə aparırdınız.

- Mirəli Axundov mənim müəllimim olub. Yeri behişt olsun. Verilişdə biz hər ikimiz tamaşaçıya obyektiv bilik verirdik. Kim nə pay götürə bilirdi, götürürdü. Elementar bir misal: Küçəyə çıxıb yarım saat gəzsəm, neçə-neçə tanımadığım adam mənə yaxınlaşıb salam verir, halımı soruşur, avtoqraf yazdırır. Bəzən elə bilirlər mən aktyoram. Demək istəyirəm ki, bu məşhurluğu zaman, bir də televiziyada verilişimizin uzunmüddət efirdə görünməsi yaradıb. Bir neçə Avropa şəhərində - Berlin, London, Oslo və s. şəhərlərdə olanda sual verib maraqlanmışam ki, burada elə bir veriliş varmı ki, 30 il ekranda yayımlansın? "Olmayıb"- cavabını almışam. Ən çox ömrü olan veriliş 10 il və ya daha az çəkib.

Böyütmək üçün şəkili seçin- Televiziyadakı "Təbiəti sevənlər" verilişinə baxanda tamaşaçı düşünürdü ki, görən təbiəti sizin qədər sevən ikinci adam varmı?  Maraqlıdır, təbiətə bu qədər sevginin kökü haradan gəlib?

- Əvvəla, onu deyim ki, Kürdəmirdə bizim Dəyirmanlı (indi kəndimizin adını dəyişib Yenikənd qoyublar) kəndindən atla on-on beş dəqiqəyə gedib Kür qırağındakı Tuqay meşəsinə çata bilirdik. Uşaqlığımdan həyətə, ev-eşiyə sığan uşaq olmamışam. Mən atlı məhəllədə böyümüşəm. Atamın da həmişə atı olub. "Jiquli"nin  meydana çıxması atı hamının yadından çıxardı.

Doqquz yaşımdan sonra atamın atını minib üz tutardım meşəyə. Bir saat, iki saat o meşədə tək-tənha gəzərdim, ağaclara tamaşa edərdim, quşların yuvasına baxardım. Yenə də qayıdıb gələrdim evimizə.  Atamın xəbəri olmazdı, xəlvət gedərdim. Dörd yaşımda  gedib çıxmışam 30 metr hündürlüyü olan güləbrişimin başına, orada qarğa yuvasından yumurta götürüb düşmüşəm aşağı. Hələ Allah üzümə baxıb, yaxşı ki, yıxılmamışam. İndi o yerlərdə nə qarğa qalıb, nə güləbrişim qalıb, amma mənim beynimdə dörd yaşımda çıxdığım o ağac hələ də durur.

Bir dəfə Firidun bəy Köçərli rəhmətlik akademiyanın qarşısında məni görüb ayaq saxladı. Dedi ki, Qara müəllim, siz o verilişin adını uşaq verilişi qoymusunuz, amma mən-yaşlı bir akademik - dünən o verilişə baxıb bir yenilik  öyrənmişəm.

- Orta məktəb illərinizi xatırlayırsınız?

- Əlbəttə. Orta məktəbi 1949-cu ildə kəndimizdə bitirmişəm. Biz bugünkü təhsilimizə yaxşı deməliyik ki, qarşımıza da yaxşı çıxsın. Orta məktəbdə oxuyanda dəqiq fənləri həmişə əla öyrənmişəm. Mən riyaziyyata gəlməli idim. Nədən riyaziyyatçı yox, bioloq oldum? Akademik Abdulla Qarayevin səbəbinə. O, mənə dedi ki, biologiya kimyadan geri qalan elm deyil. Gəl səni keçirək biologiyaya. Mən də razılaşdım. Abdulla müəllim nəhəng alim idi.

Ədəbiyyatda poeziya yox, musiqi daha çox məni özünə çəkib həmişə. Üç yaşım olanda taxtadan guya tar düzəltmişəm, başlamışam döyəcləməyə.

- Sizi başqalarından daha çox fərqləndirən cəhət hansıdır?

- Bilmirəm bu mənim xoşbəxtliyimdi, yoxsa... Amma mən heyvanlar aləmini hamıdan yaxşı tanıyıram. Bu, məni hərdən adamlardan küsdürür.

Şair Oqtay Rza "Həyat və poeziya" kitabımın təqdimatında küsdü ki, Qara müəllim sən əhalini ayırırsan iki yerə: adam və insan. Dedim Oqtay müəllim, bəli, ayırıram. Sən Nizami Gəncəvi ilə, yaxud da Üzeyir bəy Hacıbəyovla  əlində beşbarmaq gəzdirən bir cani arasında fərq görmürsən? Səbəbini bilmək istəyirsənsə, bu təkamüldü. Təkamül Nizamini Nizami eləyib, Üzeyir bəyi Üzeyir bəy, qatili də qatil.

Hamı adamdır, ancaq hər yaranan adam insan olmaq şərəfinə yüksələ bilmir axı?! Dünyada milyonlarla, milyardlarla adamlar var. Amma onların içərisində yüz ildən, iki yüz ildən bir meydana çıxan ulu öndərimiz kimi, Atatürk kimi şəxsiyyətlər dahi İNSANdır.

- Təbiət və insan. Hansı sizə daha əzizdir?

- İlk baxışdan hamımız eyni adamlarıq. Sadəcə o vurğunluq deyirik ey, elə yer  var ki, uğur gətirir. Məsələn, təbiətə vurulmaq həmişə uğurludur. Mən  nə gizlədim, təbiəti hamıdan, hər şeydən çox istəyirəm.

- Özünüzü bəxti-taleyi uğurlu yazılanlardan hesab edirsiniz?

- Allah mənim bəxtimi o yerdə gətirib ki, məni atam evləndirib, özbaşıma evlənməmişəm. Özüm evlənsəm, azardım. Mənim taleyimə elə bir insan düşmüşdü ki, birgə yaşadığımız bütün illər uzunu özünü mənə, mənim elmi fəaliyyətimə və balalarımıza qurban elədi. O, iki ildir ki, dünyadan köçüb. Mən özümü hər zaman  onun ruhuna borclu hesab edirəm. Ona görə ki, gecə saat ikiyəcən, üçəcən işləyən vaxtlarımda haçan əlimi atsaydım, isti çayım əlimin altında hazır olardı. O bilirdi ki, mən isti çay içənəm. Uşaqlar yatardı, mən stolüstü lampanı yandırıb işləyərdim. Təbiətə bu qədər vurulmam məni batıra bilərdi. Xanımım həyatda mənim ən böyük köməkçim olub. Ailə qayğılarını götürüb boynuna, mən də elmlə, təbiətlə məşğul olmuşam.

- Ailəniz haqqında...

- Ailə sərbəst bir dövlətdir. Ailənin hər bir üzvü ayrıca bir şəxsdir. Valideyn öz övladını özünün robotuna çevirməməlidir. Övladlarımdan qızım mənim yolumun davamçısıdır-bioloqdur.

- Universitetin həyatınızda yeri?

- On yeddi yaşımda gəlmişəm universitetə, bir də görmüşəm ki, artıq səksən iki yaşım olub. Universitet mənim məbədimdir. Gör neçə ildir ki, biz bu məbədlə birlikdə addımlayırıq. Hərdən kimsə görməyəndə mən onun müqəddəs divarlarını öpürəm. Yeganə maaş aldığım bir yerdir universitet. İlk məbədim atamın mülküdür- hər zaman gedib-gələndə diz çöküb torpağını  öpürəm. İkinci məbədim  iş yerimdir. Üçüncü məbədim isə Az.TV-dəki verilişim olub.

- Necə bir ailədə böyümüsünüz?

- Atam kolxozçu olub. Deyirlər mənim nəslimdə öz  babamdan geriyə beşinci babam Saf Qasım deyilən bir kişi olub. Qocalar atama deyərmiş ki, Teyfur, sənin bu oğlun Qara elə bil ki, Saf Qasımın xasiyyətlərini daşıyır. Atam soyadında o kişinin adını daşıyırdı-Qasımov idi. Mənsə öz babamın adını soyad götürmüşəm. Olmuşam Mustafayev.

Bir dəfə Saf Qasım deyilən babamı yuxumda gördüm. Tezdən durdum bir yazı yazdım. Sonralar o yazını kitaba çevirdim. Adını da qoydum: "Düzgünlük cihazı". O kitabımı oxuyanlar mənə deyirlər ki, Qara müəllim, sən nə deyirsən de,  bu kitabda yazdıqların elə kompüterin kəşfidir. Maraqlı burasıdır ki, kitabda babamla mənim dialoqum var. Amma babamın yerinə də, özümün yerimə də mən fikirləşib cavab verirəm. Bütün hallarda bu dialoqda babam məni üstələyir. Babamın mənim dilimdən verdiyi cavablar dediklərimdən güclü alınıb...

- İnsanın formalaşması barədə mülahizələriniz?

- Mən, ümumiyyətlə, bu fikirdəyəm ki, hər bir kəsin, hər bir şəxsiyyətin formalaşması üç əsas mənbə ilə bağlıdır: Birinci mənbə, kimliyindən asılı olmayaraq, genetik koddur.

Düz qırx nəsil o yandan bəri  hansı minilliklərdəsə, hansı  nəsildəsə əgər bir ağılsız olubsa, nə vaxtsa o nəsildə özünü göstərəcək. Əgər dahi olubsa, o da nə vaxtsa parlayacaq. Bax, bu genetik koddur. Atomun bir molekuldan çıxıb o biri molekula qaçmasını ilk dəfə bir türk balası tapdı, elektron mikroskopun altında görmüşdü. Onunla da Nobel mükafatı aldı.

Bu gün bütün səkkiz milyardın arasında gen mübadiləsi açıqdır. Ağılsızdan dahi, dahidən də ağılsız əmələ gələ bilər. Gen mübadiləsi imkan vermir ki, bəşəriyyətin 60-70 faizi  Məhəmməd peyğəmbər kimi, Heydər Əliyev kimi ağıllı adamlar olsun. Genetik kod qoymayacaq. Çünki genetik kod idarə olunmur.

İkinci mənbə gör-götürdür, düşdüyümüz sosioloji mühitdir. Aristotel deyib ki, bütünlüklə qızıla bürünmüş möhtəşəm bir şəhərdə bircə nəfər ac varsa, deməli, o şəhər bir qəpiyə dəymir. Yüz nəfər adamın yetmiş beş nəfəri necədirsə, iyirmi beşi də elə o cürdür. Əks halda onlar bir cəmiyyətdə yaşaya bilməz. Niyə? Üstünlük çoxluqdadırsa, yerdə qalan azlıq da onlara tabe olacaq. Ya da əksinə, çoxluq normal deyilsə, yerdə qalan az hissə də təsirə düşüb olacaq çoxluğun tayı.

Üçüncü mənbə idarəolunan təhsil və təlimdir. Təhsil və təlim sırf bizim özümüzdən asılıdır. Bütövlükdə hamımız birləşib  yumruq kimi bir yerə vurmağı bacarmalıyıq. Təhsildə yenilənmə göz qabağındadır. Öyrədəndən də, öyrənəndən də çox şey asılıdır. 

- Uzun yaşamağın bir sirri varmı?

- İki  aydır ki, səksən üç yaşıma keçmişəm. Bu yaşa gəlib çatmağımın ən ilkin səbəbi orqanizmimin  böyümə dövründə qidalandığı elementlərlə bağlıdır. Bir ideya var ki, yüksək dağların zirvəsində formalaşan suyu içən, o suyun dağlardan gətirdiyi mineralları, bitki və ya heyvan vasitəsi ilə ərzaq kimi qəbul eləyən şəxslərin əksəriyyəti uzunömürlü olur və düşünməyi bacarır. Bu mənə aid deyil. Mən özümü o qədər böyük adam hesab eləmirəm. Doğulandan dörd-beş ay sonra içməyə başladığım  Girdiman çayının suyu olub. O suyun tərkibində dağlardan gələn minerallardan mənim də payıma düşüb

 Dediyim odur ki,  70, 80 , 90, 100 il yaşayanlar var ha, onlar vurulublar elmə-mənim kimi-cəmi  bir dənə mənəvi qidaları olub, o da elm. Nə bazarlıq etməyə gediblər, nə ərzaq növbəsində durublar, nə də yemək bişiriblər. Dərddən-qəmdən, əlavə işlərin hamısından uzaqlaşıblar.

- Təhlükədən uzaqlaşmaq instinkti barədə...

- Təhlükədən uzaqlaşmaq ən böyük ağlın məhsuludur. Bu da heyvanların hamısında var. Ona görə də mən deyirəm:

Tanıdıqca yaxından şüurlu insanları,

Sevdim əziz, qərəzsiz, şüursuz heyvanları.

- Ev heyvanları saxlayırsınızmı?

- Uşaqlarım saxlayır. Gözəl bir akvariumumuz var, oğlum baxır balıqlara, mənim vaxtım yoxdur.

- Ova getmisiniz?

- O qədər getmişəm ki, heç sayını da bilmirəm. Amma bir dənə cücəyə də bir güllə atmamışam.

Tüfəng çiynimdə gəzirəm, zövq alıram, niyə vurum axı canlını?! Bir də ki, tutaq ki, bir dovşanı vurub onu yemək üçün hazırlayası oldum. Onun məndən həddən artıq çox enerji  aparmağındansa, yol çantamdan bir-iki loxma  pendir- çörək çıxarıb yesəm daha məsləhətdir.

- Vəhşi heyvandan haçansa qorxmusunuz?

- Əlbəttə. Məsələn, istəyərdim ki, meşədə pələngi qucaqlayım, üzündən öpüm. Amma ağlım deyir ki, olmaz. Bu mümkün olan iş deyil. Baxın, necə olur ki, körpəcə bir balıq özünü böyük bir sürü şəklinə bənzədib təhlükədən qurtula bilir, mən boyda alim, gedim girim pələngin ağzına ki, səni öpmək istəyirəm. Mən heyvanların qayğısını uzaqdan-uzağa çəkirəm.

- Heyvanlar o qayğını hiss edirlərmi?

- Əlbəttə. Mən öz tədqiqatlarımda bunu müşahidə etmişəm ki, heyvanlarda hissiyyat çox güclüdür. Niyə körpəlikdən insanlar tərəfindən böyüdülən vəhşi heyvanlar sonunda mütləq insanla "dostluğuna" xitam verir? Çünki, o heyvandır. Əgər hər hansı bir insan onu körpəlikdən götürüb saxlayıbsa da, heyvan insanla yalnız özü həddi-buluğa, cinsi yetkinliyə çatanacan yaxşı rəftar edəcək. Sonra, "Şir evdən getdi" filmində çəkilən süjetdə olduğu kimi heyvan sahibini ya öldürəcək, ya da parçalayacaq.

- Qara müəllim, insanın meymundan əmələ gəlməsi fikrinə münasibətiniz?

- Mən heç vaxt və heç yerdə nə demirəm, nə də yazmıram ki, insan meymundan əmələ gəlib. Akademik-kristalloqraf Xudu Məmmədov bir dəfə mənə dedi ki, sən cansız təbiətin təkamülünü qəbul edirsən? Dedim, mən kiməm ki, beş minillik bir prosesin üzərindən qələm çəkəm? O görüşümüzdən az keçməmiş Ağdam işğal olundu, Xudu müəllimin də ürəyi o boyda zərbəyə dözmədi.

- Sizin fikrinizcə, heyvanat daha maraqlıdır, yoxsa nəbatat?

- Nəbatatı dərk eləmək çətindir, nəinki heyvanları...Çünki heyvanlar içəridəki mexanizmləri hərəkətləri ilə nümayiş etdirə bilir. Adam var ki, baxır akvariumdakı balığa, fikirləşir ki, əcəb tabakalıqdır, adam da var ki, saatlarla baxır akvariuma, zövq alır, dincəlir. Heyvanatı və ya nəbatatı sevmək insanın ətraf mühiti sevmək dərəcəsindən asılıdır.

- Kollektivimizə arzunuz?

- Sizi 80 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Qələminiz iti olsun. 

Söhbəti yazdı: Ellada UMUDLU, 
 "Azərbaycan müəllimi"


* On yeddi yaşımda gəlmişəm universitetə, bir də görmüşəm ki, səksən iki yaşım olub. Universitet mənim məbədimdir. Gör neçə ildir ki, biz bu məbədlə birlikdə addımlayırıq. Hərdən kimsə görməyəndə, mən onun müqəddəs divarlarını öpürəm. İlk məbədim atamın mülküdür- hər zaman gedib-gələndə diz çöküb torpağını  öpürəm. İkinci məbədim  iş yerimdir. Üçüncü məbədim isə Az.TV-dəki verilişim olub.

* Bir neçə Avropa şəhərində - Berlin, London, Oslo və s. şəhərlərdə olanda sual verib maraqlanmışam ki, burada elə bir veriliş varmı ki, 30 il ekranda yayımlansın? "Olmayıb"- cavabını almışam. Ən çox ömrü olan veriliş 10 il və ya daha az çəkib.

* Bir dəfə Firidun bəy Köçərli rəhmətlik akademiyanın qarşısında məni görüb ayaq saxladı. Dedi ki, Qara müəllim, siz o verilişin adını uşaq verilişi qoymusunuz, amma mən-yaşlı bir akademik - dünən o verilişə baxıb bir yenilik  öyrənmişəm.

* Mən təbiəti hamıdan, hər şeydən çox istəyirəm.

* Ailənin hər bir üzvü ayrıca bir şəxsdir. Valideyn öz övladını özünün robotuna çevirməməlidir.

* Düz qırx nəsil o yandan bəri  hansı minilliklərdəsə, hansı  nəsildəsə əgər bir ağılsız olubsa, nə vaxtsa o nəsildə özünü göstərəcək.

* Bu yaşa gəlib çatmağımın ən ilkin səbəbi orqanizmimin  böyümə dövründə qidalandığı elementlərlə bağlıdır.

* Təhlükədən uzaqlaşmaq ən böyük ağlın məhsuludur.

* Şəxsiyyətin formalaşması üç əsas mənbə ilə bağlıdır: birinci mənbə genetik koddur. Genetik kod idarə olunmur.İkinci mənbə gör-götür dünyasıdır. Düşdüyümüz ictimai mühitdir. Üçüncü mənbə idarəolunan təhsil və təlimdir.

* Təhsil və təlim sırf bizim özümüzdən asılıdır. Bütövlükdə hamımız birləşib  yumruq kimi bir yerə vurmağı bacarmalıyıq. Təhsildə yenilənmə göz qabağındadır. Öyrədəndən də, öyrənəndən də çox şey asılıdır.

* Nəfs insanın ən güclü düşmənidir. İnsan çox vaxt öz nəfsini idarə eləyə bilmir. İnsanın ən böyük, ən əlçatmaz xoşbəxtliyi onun öz nəfsinə hakim olmasıdır. Nəfsini idarə eləyə bilməyənlərin başına həmişə ən gözlənilməz bəlalar gəlir.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov