Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Bayramınız mübarək, əziz qadınlar!

 

 Elmə aparan uğurlu yolun astanasında 

Əgər əvvəllər mənə "Müasir tələbə necə olmalıdır" sualını versəydilər, yəqin ki, cavabında müasir tələbə üçün zəruri olan keyfiyyətləri sayardım. Amma indi o sualı versələr, deyərəm, "Müasir tələbə Ayşən Sadıqlı kimi olar".  

Bakı Dövlət Universiteti filologiya fakültəsinin II kurs magistrantı Ayşən Sadıqlı haqqında uzun-uzadı danışmıram. Sadəcə onun tərcümeyi-halından son 3 ilə aid bəzi faktları diqqətə çatdırıram. A.Sadıqlı indiyədək 15-dən çox konfrans, seminar və müsabiqədə iştirak edib və diplomlarla, sertifikatlarla mükafatlandırılıb. Universitetdə keçirilən müxtəlif tədbirlərdə və layihələrdə fəal iştirak edir. O, filologiya fakültəsinin bu günə qədərki tarixini əks etdirən slayd, Hüseyn Cavidin 130, Firidun bəy Köçərlinin 150, Mir Cəlalın 105 illik yubileyləri münasibətilə BDU-da keçirilən tədbirlərdə  videoçarx və slayd hazırlayıb. Bakalavr pilləsini  Nizami Gəncəvi adına təqaüdlə, fərqlənmə diplomu ilə bitirib.

Ayşən Sadıqlı fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, fakültə Elmi Şurasının üzvüdür. Bakalavr pilləsinin birinci kursundan universitet xorunda iştirak edir. 2010-cu və 2011-ci illərdə Bakı Dövlət Universiteti üzrə "İlin ən yaxşı tələbəsi" adına layiq görülüb.

Bir qrant, 2 kitab, 10 elmi və 4 publisistik məqalənin müəllifi olan A.Sadıqlı akademik Abel Məhərrəmovun təşəbbüsü ilə Bakı Dövlət Universitetində müəllim və tələbələrin yaradıcılıq potensialının dəstəklənməsi məqsədilə 2009-cu ildən elan olunmuş "50+50" qrant proqramının qaliblərindəndir. 2010-cu ildə həmin qrant proqramı çərçivəsində A.Sadıqlının "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda təqdim etdiyi layihə qalib olub. Bu layihə çərçivəsində bir neçə elmi məqalə çap edilib. 2011-ci ildə  "Heydər Əliyev və Azərbaycan dili" adlı kitabı nəşr edilib. Kitab Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Kitabda ulu öndər Heydər Əliyevin həm keçmiş sovet dövründə, həm də Azərbaycan müstəqilliyi illərində Azərbaycan dilinə həsr olunmuş məqalə və çıxışları, fərmanları verilib. 

Bu günlərdə Ayşən Sadıqlının ümummilli liderə həsr olunmuş ikinci kitabı çap olunub. Kitab "Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlanır.

Kitabda milli mənəvi sərvətimiz hesab edilən Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri  olan Heydər Əliyevin çıxışları, nitqləri və məruzələri toplanılıb, ulu öndərin Azərbaycan ədəbiyyatı ilə bağlı imzaladığı fərman və sərəncamlar öz əksini tapıb.

Ayşən Sadıqlı hazırda "M.S.Ordubadinin yaradıcılığında Nizami mövzusu" adlı magistr dissertasiyasının üzərində çalışır.

Eyni zamanda BDU-da təşkil edilən tyutor kursunda təhsil alır. Bu il magistraturanı bitirib doktorantura pilləsinə daxil olmaq istəyir. Gələcəkdə Bakı Dövlət Universitetində çalışmaq arzusundadır. Biz də gənc alim olmaq yolunda addımlayan Ayşən Sadıqlıya yeni-yeni elmi nailiyyətlər arzu edirik. 


Azərbaycan qadını cəmiyyətdə öz sözünü deməyi bacarır 

Kəmalə MƏMMƏDOVA,
Bakıdakı 250 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2013-cü il) qalibi
 

Respublikamızın sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artdığı müasir dövrdə Azərbaycan qadınının  elmə, mədəniyyətə, incəsənətə yeni töhfələr verməsi prioritet hesab olunur. Təhsil sahəsində çalışanların böyük əksəriyyəti qadınlardır. Onlar  analıq və qadınlıq məsuliyyəti ilə bərabər, bu çətin və şərəfli peşənin yükünü də çiyinlərində layiqincə  daşıyırlar. İnkişaf edən respublikamızda qadınların yeri və rolu danılmazdır. Azərbaycan qadını cəmiyyətdə öz sözünü deməyi bacarır, dövlət idarəçiliyində, müxtəlif sahələrdə kişilərlə bərabər fəaliyyət göstərir. Gənc nəslin təlim-tərbiyəsində əldə edilən  uğurlara görə cəmiyyətimiz qadınlara minnətdardır. Ümid edirəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elm, təhsil və mədəni həyatında fəal rol oynayacaq, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirəcəkdir.

Dahilərdən biri demişdir: "Bəzi şeylər sevilir, çünki onlar dəyərlidir, bəzi şeylər dəyərlidir, çünki onlar sevilir. Qadınlar isə hər ikisinə layiqdir". Qadınlıq, analıq, fədakarlıq kimi mənəvi  dəyərləri özündə birləşdirməyi bacaran xanımlar, bu bayram dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Hamı varlığına görə sizə borcludur. 

Əziz qadınlar, hörmətli həmkarlarım, sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Həyatınız hər zaman sevgi ilə dolu olsun. Arzu edirəm ki, su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalasınız.


Qadın həyatın bəzəyidir 

Validə AĞAMALIYEVA,
Bakıdakı 246 nömrəli məktəb-liseyin fizika müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2013) qalibi

8 Mart - qadın və gözəllik bayramıdır. Bu gün əks cinsin nümayəndələri ətrafdakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlərlə mükafatlanırlar.

Qadın həyatın bəzəyidir. Ölkəmizdə qadın hüquqları qorunur. Ta qədimdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənilmiş, ana həmişə müqəddəs olmuşdur.

Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq  mühüm işlər görüldü. Bu gün ulu öndərimizin imzaladığı fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə çalışırlar.

Azərbaycanın birinci xanımı YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərlə sübut edir.

Ulu öndərimiz Heydər Əliyev demişdir: "Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar".

Qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar.

Analar gözlərinin nurunu, saçlarının rəngini, gecələr yuxularını balalarından əsirgəmirlər. Yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız analar! Nə yaxşı ki, sizlər varsınız.

Bu bayram bayramlar içərisində ən gözəl bayramdır, çünki bu, biz qadınlara həsr olunub.  


Aydın səma, bahar təravətli çiçəklər nəsibiniz olsun 

Mətanət ƏHMƏDOVA,
Bakıdakı 264 nömrəli tam orta məktəbin informatika müəllimi, əməkdar müəllim,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2013-cü il) qalibi
 

Baharın ilk  günlərində gözəl bir bayramı qeyd edirik. Elə bahar çiçəkləri kimi gözəl, təravətli xanımların bu bayramı həm də ona görə əziz və müqəddəsdir ki, bizi dünyaya gətirən, böyüdən, bizə həyat verən analarımızı təbrik etməyə, onların ünvanına ən hərarətli sözlərimizi deməyə tələsirik.

Müəllim sözünün altında çox böyük mənalar gizlənir.

Gələcək nəslin təlim-tərbiyəsi məhz bizim - müəllimlərin  üzərinə  düşür.

Müəllimlik  etdiyim illər ərzində həmişə işimə məsuliyyətlə yanaşıb öhdəmə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışmışam.  Belə bir deyim var: "Həyat nə əzabdır, nə də əyləncə. Həyat işdir. Bu işi namusla, vicdanla başa vurmalısan". Mən işimə həmişə məhz bu prizmadan yanaşmışam və ona görə də çəkdiyim zəhmət hədər getməyib. Keçən tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinə təkrar qatılaraq ikinci  dəfə qalib olmağım buna  gözəl  bir  nümunədir.

Bu gün  həyatımızı İKT-siz  təsəvvür etmək  mümkün  deyil. Təsadüfi deyil ki, cənab İlham Əliyev ötən ili ölkəmizdə "İKT ili" elan  etmişdi. İl başa çatsa da bünövrəsi  qoyulan işlər  davam edir. Mən  də  bu  sahədə  bildiklərimi həmkarlarımla  bölüşməyə çalışıram. Ümidvaram ki, bu tədris ilini  də  uğurla  başa vuracağıq.

Sonda ən səmimi sözlərimi xanımlarımıza ünvanlamaq istəyirəm.  Bayramınız mübarək, əziz xanımlar! Aydın səma, xoş günlər, bahar təravətli çiçəklər nəsibiniz olsun!


Çöhrənizdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın

 

Lalə HƏSƏNOVA,
Bakı şəhər R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2013) qalibi
 

Bu gün bütün dünyada  olduğu kimi, Azərbaycanda da qadınlar üçün əziz gündür. Yer üzünün əşrəfi sayılan qadınların bayramıdır! 8 Mart Beynəlxalq Qadınlar Günü respublikamızda geniş miqyasda qeyd olunur.

8 Mart qadın hüquqlarının genişləndirilməsinin və bügünkü qadının azad olmasının tarixi səbəblərinin xatırlanması baxımından da xüsusi bir gündür.

Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, elm, təhsil və mədəni həyatında daim öz fəallığı ilə seçilir. Bu gün Azərbaycan qadını cəmiyyətdə öz sözünü deməyi bacarır, müxtəlif sahələrdə kişilərlə bərabər fəaliyyət göstərir.

Təhsil sahəsində fəaliyyət göstərən kadrların böyük əksəriyyətinin qadınlar olması bəşəriyyətin gələcək inkişafının daha çox qadınlardan asılı olmasının bariz nümunəsidir. Bu gün həmin qadınlar təhsilimizin inkişafına öz töhfələrini sevə-sevə verirlər.

Mənə verilən bu fürsətdən istifadə edərək ömrünü balalarımızın gələcəyi yolunda şam kimi əridən qadın müəllimləri ürəkdən təbrik edirəm. Onlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram. Qoy çöhrənizdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın! Hər anınız bayram əhvali-ruhiyyəli olsun! 

Bayramınız mübarək, əziz qadınlar!  


Mart ayında böyük sevinclə gözlədiyimiz ilk bayram 

Röya YAQUBOVA,
Bakı şəhərindəki 272 nömrəli tam orta məktəbin tarix müəllimi,
"Ən yaxsı müəllim" müsabiqəsinin (2013-cü il) qalibi
 

 Bəşər tarixinin ilk dövrlərindən başlayaraq  qadınların ictimai həyatda rolu əvəzolunmazdır. Qadın bəşər tarixinin yaranmasında və təşəkkül tapmasında öz nəcib əməyi, zövqü və səliqəsi ilə misilsiz xidmətlər göstərmişdir. Qadına hələ qədim zamanlardan böyük ehtiram və hörmət bəslənilib. Əbəs yerə deyilməyib ki, cənnət analarımızın ayaqları altındadır. Odur ki, cəmiyyətin  zərif cinsinə daim diqqət və qayğı  qaçılmaz olmuşdur. Qadınlar tarixi şəxsiyyətləri yetişdirmiş, neçə-neçə nəsillər böyütmüş, dünyaya dahilər bəxş etmiş, xalqımızın çoxcəhətli mədəniyyətinin tərəqqisində böyük rol oynamışlar. Azərbaycan qadınları da tarix boyu bir çox önəmli hadisələrə imzalarını qoymuşlar. Bu gün şagirdlərə türk qadınlarından Tomris, Sara xatun, Zərifə xanım Əliyeva, eləcə də  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən ətraflı bəhs edirik. 8 Mart Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələri kimi Azərbaycan Respublikasında da xüsusi diqqət və ehtiramla qeyd edilir. Mart ayı Azərbaycan xalqı üçün ən gözəl aylardan biridir. Bu ayda ana torpaq canlanır, qədim dövrlərdən günümüzə qədər çərşənbələr və Novruz bayramını qarşılayırıq. Mart ayında böyük sevinclə gözlədiyimiz ilk bayram isə 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Mən də baharın ilk günlərində qeyd olunan bu qadınlar bayramı münasibətilə bütün xanımlarımızı təbrik edirəm. Zərifliyi, ağlı, səliqəsi ilə tanınan hər bir Azərbaycan qadınına, milli mənəvi dəyərlərimizin aşılanmasında böyük əməyi olan qadın həmkarlarıma ailə səadəti, xoşbəxtlik, cansağlığı, pedaqoji fəaliyyətlərində böyük uğurlar arzulayıram.

 


Özümüzü çox xoşbəxt hiss edirik 

Alagöz QULİYEVA,
Ağcabədi rayonu, Pərioğullar kənd tam orta məktəbinin kimya müəllimi, əməkdar müəllim
 

Bayramlar ayı olduğu üçün hamı martı səbirsizliklə gözləyir. Bu ayın əlamətdar günlərindən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günündə biz qadınlar özümüzü çox xoşbəxt hiss edirik.

Mən hər il olduğu kimi, bu il də indiki şagirdlərimdən, məktəbimizin yetirmələri olan və müxtəlif ali məktəblərdə təhsil alan tələbələrdən və əlbəttə ki, övladlarımdan təbrik gözləyirəm.

Yeri gəlmişkən, mən tələbə yoldaşlarımla sıx əlaqə saxlayıram. İnanıram ki, qadınlar üçün çox əziz olan bu bayram günündə məni təbrik edənlər arasında onlar da olacaq. Fürsətdən istifadə edib mən də bütün Azərbaycan qadınlarını, həmkarlarımı bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, xalqımızın övladlarının savadlanması yolunda böyük uğurlar arzulayıram.

Ölkəmizdə təhsilə, müəllimə verilən böyük qiymət, göstərilən qayğı hər kəsə yaxşı məlumdur. Bu sahədə ulu öndərimizin yeritdiyi siyasət uğurla davam etdirilir.

2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə mənə "Əməkdar müəllim" fəxri adı verilib. Əməyimə verilən bu yüksək qiymət məndə qürur hissi oyatmaqla yanaşı, həm də işimə böyük məsuliyyətlə yanaşmağıma səbəb olub. Məhz buna görə tədris ilinin sonunda əvvəlki illərlə müqayisədə təlimdə daha yüksək nəticələr əldə edəcəyimə inanıram.


Şagirdlərim, övladlarım tərəfindən təbrik gözləyirəm 

Sevda İSMAYILOVA,
Mingəçevir şəhər texniki-humanitar liseyin riyaziyyat müəllimi,
"Ən yaxşı müəllim"  müsabiqəsinin  (2010-cu il) qalibi, əməkdar müəllim
 

8 Mart  Beynəlxalq Qadınlar Günü hər kəsin sevdiyi qadınların bayramıdır. Ana, bacı, ömür-gün yoldaşı kimi sevilən qadın sevginin ən ülvisinə layiqdir. Bizim cəmiyyətdə qadının rolu böyük olduğu kimi, ona verilən qiymət və hörmət də yüksəkdir.  Mən sadə bir riyaziyyat müəllimiyəm.  20  ildən artıqdır ki, bu işlə məşğulam və öz işimlə fəxr edirəm.  Əlbəttə ki, cəmiyyət qarşısındakı vəzifəmi yalnız müəllim olmaqla məhdudlaşdırmıram. Bu gün Azərbaycanın siyasi, ictimai həyatında, təhsil sahəsində baş verən hər cür islahatların  biz  müəllimlərin üzərinə düşən vəzifələrini layiqincə həyata keçirməyə, şagirdlərimi də bu yöndə istiqamətləndirməyə çalışıram. Çalışıram ki, gücüm çatan hər sahədə mənim də əməyim olsun. Orta məktəblərdə tədris olunan 6-cı sinif üçün riyaziyyat dərsliyinin həmmüəlliflərindən biriyəm.

Hər bir layiqli vətəndaş kimi mənim də əməyim Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilib. 2013-cü  ildə  "Əməkdar müəllim" fəxri adına layiq görülməyim mənim üçün gözlənilməz oldu.  Məni bu yüksək ada layiq görənlərə dərin minnətdarlığımı bildirirəm.  Bu qiymət məni bundan sonra   da  yüksək nailiyyətlər əldə etməyə sövq edir.

Qadınlar bayramı mənim ən çox sevdiyim bayramlardandır. Bu bayramda hər bir qadın kimi mən də diqqət mərkəzində olmağı xoşlayıram. Şagirdlərim, övladlarım tərəfindən təbrik gözləyirəm bu gözəl gündə. Müəllim üçün şagirdinin ona verdiyi qiymətdən, göstərdiyi diqqətdən yüksək nə ola bilər ki? Əlbəttə ki, özüm də anamı, yaxınlarımı, müəllimlərimi təbrik etməyə tələsirəm. Sevinc paylaşdıqca çoxalar. Mən də bu gözəl gündə sevincimi ən yaxınlarımla paylaşmaq, onları hər zaman şad-xürrəm görmək istəyirəm.

Əziz qadınlar!  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sizləri ürəkdən təbrik edir, sizə cansağlığı, ailə səadəti və bütün işlərinizdə uğurlar arzulayıram.  Qoy  məhəbbət qəlbinizdən, təbəssüm çöhrənizdən, sevinc gözlərinizdən əskik olmasın!


Sevinc üstünə sevinc gəldi 

Yeganə ƏFƏNDİYEVA,
Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin biologiya müəllimi
 

İnsanların kamilliyi, həyatdakı izləri, insanlar arasında qazandığı hörmət məhz bu həyat yolunda əldə etdiyi biliklərdən asılıdır.

Ümummilli liderimiz  Heydər Əliyev demişdir: "Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir".

Bəli, bu şərəfli peşəyə həvəslə, tam məsuliyyətlə və iradəsi ilə yanaşan müəllimlər şagird qəlbində əbədi məskən salır, xalq arasında sevgi və hörmətlə qarşılanır, rəhbərliyin diqqətindən kənarda qalmırlar.

30 ilə yaxındır ki, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə biologiya müəllimi işləyirəm. İqtisadiyyatda, mədəniyyətdə, elmdə, həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin əsasını təşkil edən məktəbdir, təhsildir, müəllimdir. Təhsil verdiyim məktəbdə şagirdlərimin və yetirmələrimin əksəriyyəti bir çox ali məktəblərə yüksək ballarla daxil olurlar. O zaman sevincimin hədd-hüdudu olmur. Bu mənə şagirdlərimin verdiyi ən böyük hədiyyə olur.

2013-cü ildə sevinc üstünə sevinc gəldi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olundum. Bu mənə sözlə ifadə olunmayacaq gözəl duyğular yaşatdı. Əməyinin belə yüksək dəyərləndirilməsini Azərbaycan xalqının hər bir şərəfli və ləyaqətli müəlliminə arzulayıram.

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Azərbaycanın bütün qadın təhsil işçilərini bu bayram  münasibəti ilə təbrik edərək deyirəm: "Elmin yollarında atdığınız addımlarınız daim sayalı olsun. Sizin yetirmələrinizin xoş sorağı dünyanın ən mötəbər  elm və təhsil ocaqlarından gəlsin". Müəllimlik peşəsi ilə ülfət bağlamış xanımlarımıza uzun ömür, cansağlığı və ailə səadəti arzulayıram.  


Həyatımın ən uğurlu ili 

Güləbənzər SƏRKƏROVA,
N.Allahverdiyev  adına  Qax  şəhər 2 nömrəli məktəb-liseyin  ibtidai  sinif  müəllimi
 

Ömrümün  45  ilini  müəllimlik  peşəsinə həsr  etmişəm.  Azərbaycan Dövlət  Pedaqoji  İnstitutunun  ibtidai  təhsil  metodikası  və  pedaqogikası  fakültəsini  bitirərək  ibtidai  sinif  müəllimi  ixtisasına  yiyələnmişəm.  Qax  rayonunun ümumtəhsil  məktəblərində  ibtidai  sinif  müəllimi, 1975-1976-cı  illər  ərzində  Qax  rayon  Xalq  Maarif Şöbəsində  metodist  vəzifəsində  çalışmışam.  Hazırda  Qax  şəhər 2 nömrəli  məktəb-liseydə  ibtidai  sinif  müəllimi  işləyirəm.  Yaxşı  bilirəm  ki,  müxtəlif  xarakterli, hərəsi  bir  evin, ailənin  təcəssümü  olan  azyaşlılara-ibtidai  sinif  şagirdlərinə  bilik  öyrətmək son dərəcə  həssaslıq  tələb  edir.  Ona  görə  də  hər  bir  şagirdə  fərdi  xüsusiyyətlərinə  görə  yanaşır, gələcək  addımlarını  uğurla  atmaqda kömək  edirəm. 

Hərdən  düşünürəm  ki,  nə  qədər  yetirmələrim  ümidimi  doğruldub,  peşə sahibi  olub.  Onlarla  rastlaşanda,  həyatda  layiqli  mövqe  tutmalarını  eşidəndə  iftixar  hissi  keçirirəm.  Yetirmələrimin  uğurları  məni  həmişə  öndə  olmağa  sövq  etmişdir.  Zəhmətimə,  qabiliyyətimə  qiymət  veriblər.  Azərbaycan  Respublikasının  "Qabaqcıl maarif  xadimi"  (1975), "Metodist  müəllim" (1986), "Ali  dərəcəli  müəllim" (1998)  adlarına  layiq  görülmüşəm.  "İlin  ən  yaxşı  müəllimi"  (1998), "Ən  yaxşı  fənn  kabineti",  pedaqoji  mühazirələrin  respublika  turlarının  qalibi  olaraq   mükafatlandırılmışam.  Dəfələrlə Təhsil  Nazirliyinin fəxri fərmanları ilə təltif  olunmuşam.  1998-ci  ildə  Azərbaycan  müəllimlərinin   və  qadınlarının  qurultaylarının  nümayəndəsi  olmağım  da  həyatımda  unudulmaz  hadisələrdir.

2013-cü  ili  həyatımın  ən  uğurlu  ili  hesab  edirəm.  Bu  il  pedaqoji  sahədə fəaliyyətim  yüksək  qiymətləndirilib.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyevin  3  oktyabr  2013-cü  il  tarixli  sərəncamı  ilə Azərbaycan  təhsilinin  inkişafındakı  xidmətlərimə  görə  "Tərəqqi"  medalına  layiq  görülmüşəm.  Bu  mükafatı  əməyimə, eləcə  də  Qax  rayonunun  təhsil  işçilərinə   verilən  ən  yüksək  qiymət  hesab  edirəm,  ölkə  rəhbərinə  dərin  minnətdarlığımı  bildirirəm. Qarşıdan  gələn  8 Mart  Beynəlxalq Qadınlar Günü münasibətilə  gözünün  nuru,  qəlbinin  odu  ilə  şagirdlərinin    yoluna  işıq  saçan  qadın  müəllimlərimizi,  eləcə də  bütün  Azərbaycan  qadınlarını  təbrik  edir,  hər  birinə şərəfli  peşələrində  uğurlar  qazanmağı arzulayıram.

Səhifəni hazırladı: Hicran ƏKBƏROVA, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov