(Süleyman Rəhimovun anadan olmasının 60 illiyi
münasibəti ilə)
Azərbaycan sovet ədəbiyyatının ən görkəmli
yazıçılarından və istedadlı nasirlərindən olan Süleyman
Rəhimov 60 illik ömrünün yarısını mədəniyyətimizin
tərəqqisi və inkişafı yolunda mübarizəyə həsr etmişdir.
Onun çoxşaxəli, geniş miqyaslı, dərin məzmunlu, uzun
ömürlü əsərləri Azərbaycan xalqını tanımaq, bu xalqın
keçmişini öyrənmək, Sovet hakimiyyəti illərində
qazanılmış nailiyyətləri ilə tanış olmaq üçün bütöv
təsəvvür verir. "Şamo"nun vərəqləri Sarı Baba
dağlarından söhbət salır, "Saçlı"nın səhifələri dağ
döşündəki qəsəbədən hekayət danışır, "Ağbulaq
dağları"nın səhifələri Turşsuya gedən yolları
xatırladır, "Aynalı"nın səsi Arazın şırıltısı ilə
həmahəng axır, "Mehman"ın cümlələri çox əsaslı və möhkəm
olan sovet qanunlarının əsasını sarsıtmağa çalışan
Kamilov və Murtuzov dəstəsinin bəd əməllərini, xəbis
niyyətlərini ifşa etmək üçün sərrast güllə kimi hədəfə
dəyir, "Ata və oğul"un kəlmələri Rüstəmlə Qəhrəmanın
tərcümeyi-halını, buradakı nisgil və fərəhi, intizar və
görüşü, məhəbbət və hörməti ilıq yaz günəşinin hərarəti
ilə isidir, məktəb həyatından canlı lövhələr verir.
"Medalyon", "Qardaş qəbri", "Torpağın səsi" Böyük Vətən
mübaribəsi illərində xalqımızın göstərdiyi qəhrəmanlıq
və fədakarlıqlardan, verdiyimiz qurbanlardan söz
açır...
Əli VƏLİYEV,
"Azərbaycan müəllimi", 31 mart 1960-cı il, № 26
İyirmi gün İngiltərədə
Bu ilin fevral ayında məşhur ingilis alimi Con Bernalın
dəvəti ilə İngiltərəyə getdim. Orada Con Bernalla
görüşdüm. 20 gün burada qalıb, professor Con Bernalın
elmi fəaliyyəti, laboratoriya sistemi və onun əldə
etdiyi elmi nəticələrlə yaxından tanış oldum.
Professor Con Bernalın ilk elmi əsəri dünyada məşhur
olanda mən və mənim kimi gənc sovet alimləri hələ anadan
olmamışdı...
Sement kimyası sahəsində aparılan elmi və laboratoriya
işi ilə çox maraqlanan Con Bernalla bir neçə dəfə
görüşdüm. O, xidmət etdiyimiz elmi sahənin bir çox
məsələlərinin birlikdə həll olunmasını lazım bilirdi.
20 gün ərzində İngiltərənin bir çox şəhərlərində, o
cümlədən Britaniya muzeyində və s. yerlərdə oldum.
SSRİ-yə və onun qabaqcıl elm xadimlərinə rəğbət bəsləyən
mütərəqqi fikirli adamlarla görüşümüz səmimiyyət
şəraitində keçdi.
Professor Con Bernalın rəhbərlik etdiyi kollektivlə də
tanış oldum. Buranın iş xüsusiyyəti təxminən bizdəki
aspiranturanı xatırladır. C.Bernalın zəngin
laboratoriyasına baxdım, burada aparılan elmi və təcrübi
işləri ilə tanış oldum.
SSRİ-dən gəlmiş bir qonaq kimi məni hər yerdə
səmimiyyətlə qarşıladılar. Məşhur ingilis alimi Fred
Qlas və onun arvadı Lesli Qlasser məni mehmanxanadan öz
evlərinə aparıb bir həftə qonaq saxladılar. Dostcasına
təşkil olunan bir nahar məclisində oldum. Burada iştirak
edən riyaziyyatçı professor keçən illərdə Moskvada
olduğu zaman Azərbaycanın görkəmli kompozitoru Qara
Qarayevin "Yeddi gözəl" baletinə tamaşa etmişdi...
...Orada qaldığım müddətdə London şəhəri ilə tanış
oldum. Burada küçələr darısqal olsa da səliqəli və
təmizdir, lakin çoxmərtəbəli binaların sayı olduqca
azdır. Şəhərdə metroların vəziyyəti o qədər də xoşa
gələn deyildir.
Bir neçə kəlmə də şəhərin iqlimindən danışmaq istərdim.
Burada qış mülayim keçir. Londonda fevral ayında
əhalinin çoxu pencəklə gəzir. Qış aylarında demək olar
ki, qar yağmır. Havalar dumanlı və çiskinli olur...
Xudu MƏMMƏDOV,
geologiya-mineralogiya elmləri namizədi,
"Azərbaycan
müəllimi",
26
may
1960-cı
il,
№ 42
Mirzə İsmayıl Qasir
... Mən Mirzə İsmayıl Qasir yaradıcılığı ilə XIX əsr
Azərbaycan poeziyasını tədqiq edən vaxtda Respublika
Əlyazmalar İnstitutunda araşdırmalar apararkən tanış
olmuşdum. Bu maraqlı şairin əsərlərinin nəşr
olunmamağına həmişə təəssüf edirdim. Bir neçə il bundan
əvvəl "Hər budaqdan bir yarpaq" adlı kitabı tərtib
edərkən M.İ.Qasirin də beş şeirini həmin topluya daxil
etmişdim.
Mirzə İsmayıl Qasir maraqlı və hadisələr dolu bir həyat
yolu keçmişdir. 1805-ci ildə Ağdaş rayonunun Ləki
kəndində anadan olmuşsa da ilk təhsilini Şamaxıda almış,
sonra Əhərdə yaşayan bacısıgilə gedib orada məktəbə
davam etmiş, daha sonra Təbrizdə oxumuş, doğma ana dili
ilə yanaşı fars, ərəb və hətta o zaman üçün qəribə
görünsə də rus dilini belə öyrənməyə nail olmuşdur...
...1850-ci ildə Mirzə Sadıq bəy Mehmandarovun dəvətilə
Lənkərana gəlmişdir... M.İ.Qasir Lənkəranda
məktəbdarlıqla məşğul olmuş, məktəb açmış, uzun illər
dərs demiş, ictimai həyatda yaxından iştirak etmiş, əsas
yaradıcılığı da burada inkişaf etmişdir...
Qasir zəmanəsinin mühüm şəxsiyyətləri, görkəmli
şairləri, o zaman "məliküş-şüəra" adlandırılan Seyid
Əzim Şirvani və başqaları ilə əlaqə saxlamış, tanış
olmuş, yazışmışdır.
Maraqlıdır ki, Qasir öz dövründə məhz ictimai satira
ədəbi məktəbinə mənsub olan şairlərlə daha çox
yaxınlaşmış, Seyid Əzimin, Navahılı Mirzə Baxış Nadimin,
Gəncədə Mirzə Mehdi Nağı, Cənubi Azərbaycanda Mirzə
Mehdi Şükuhi kimi şairlərin satirik əsərləri ruhunda
yazıb-yaratmış, XIX əsrdə Azərbaycanda, xüsusilə
Lənkəran, Bakı və Şamaxı hadisələrini, bütün
mənfilikləri, qeyri-bərabəri - "allah bölgüsünü",
maarifə, mədəni inkişafa, xalqın gözünün açılmasına mane
olan xanları, bəyləri, ruhaniləri amansızlıqla ifşa
etmişdir...
Əzizə CƏFƏRZADƏ,
professor,
"Azərbaycan müəllimi", 27 yanvar 1989-cu il, № 8
Məktəb yollarında
(poemadan parça)
Sentyabr... aram-aram açılar səhər,
Narıncı bir rəngə girir sonsuz üfüqlər.
Dağ yerinin sübh ayazı buz kimi sınır,
Doğan günün nəfəsilə hava isinir.
Sentyabr... dərs ilinin birinci günü,
İşıqlı kənd məktəbinə bir uşaq gedir.
Al şəfəqlər bürümüşdür gülər üzünü,
O, zərif bir göyərçin tək uçaraq gedir.
O öz təzə paltarına yetirir nəzər
Bir yerindən sökülməmiş, cırılmamış ki,
Baxır görsün üstündəmi bütün düymələr
Bircəciyi boşalmamış, qırılmamış ki?
...Bir fərəhlə, iftixarla söyləyirəm mən,
Bu gün böyük vətənimin hər güşəsindən
Milyon-milyon belə azad, bəxtiyar uşaq,
Gedir məktəb yollarilə addımlayaraq...
Qabil İMAMVERDİYEV,
"Azərbaycan müəllimi", 2 avqust 1956-cı il, № 31
Kimyanı
sevək və sevdirək
Əsrimiz kimya əsridir. İndi kimya məişətimizə möhkəm
daxil olub. Kimya hər sahədə adamlara gərək olur. Kimya
"möcüzələr" yaradır. Elə buna görədir ki, kimya fənninin
səmərəli tədrisi ümumtəhsil məktəbləri qarşısında bir
nömrəli problem kimi durur. Pedaqoji kollektivlərdə
çalışan qabaqcıl kimya müəllimləri dərsə verilən müasir
tələblərə ciddi əməl edir, şagirdlərdə fəal həyat
mövqeyi formalaşdırır, onları müstəqil həyata
hazırlaşdırırlar.
30 ildən çoxdur ki, kimyadan dərs deyirəm. Təsəvvür
edirsinizmi, bu illər ərzində dərs dediyim siniflərin
qapılarını öz mənzilimin qapısı kimi neçə dəfə
açıb-örtmüş, neçə dəfə siniflərə daxil olmuş, nə qədər
şagirdə kimyadan yeni bilik və məlumat vermişəm. 30
ildən artıq bir müddətdə mənim dərs dediyim şagirdlərdən
nə qədər oğlan və qız istehsalatda ad-san qazanmış,
institutlarda ali təhsil almış, elm aləminə qədəm
qoymuş, elmi axtarışları ilə elimizi, obamızı
sevindirmişdir...
Məhər QULİYEV,
Tovuz rayonundakı Yusif Sadıqov adına Bozalqanlı kənd
orta məktəbinin kimya müəllimi,
Sosialist Əməyi Qəhrəmanı,
"Azərbaycan müəllimi", 18 sentyabr 1981-ci il, № 75
Gündəlik proqramımız
...Qeyd etməliyəm ki, 80-ci illərdə ali məktəblərimizin
tələbələr ordusu sabitləşmişdir. Ehtiyat mənbələri
hesabına ali təhsil sisteminin iqtisadiyyatı və
mədəniyyəti artacaq və inkişaf edəcəkdir. Bu o deməkdir
ki, göstərilən dövrdə ali məktəbimiz təkmilləşəcək, onun
tədris prosesi optimal şəraitdə aparılacaqdır.
İndi respublikamızda 17 ali təhsil ocağı fəaliyyət
göstərir.
Onlardan biri və ən gənci Azərbaycan Texnoloji
İnstitutudur ki, o da bu ildən sərbəst fəaliyyət
göstərir. Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin
respublikamızda üzümçülük təsərrüfatının inkişaf
etdirilməsi üçün olan qərarı əsasında yaradılan bu
institut yeyinti və yüngül sənaye ixtisasları sahəsində
mütəxəssislər hazırlayacaqdır.
XI beşilliyin əzəmətli tikintilərini yüksək ixtisaslı
kadırlarla təchiz etmək problemi əvvəlinci beşilliklərdə
olduğu kimi yenə kəskin formada qoyulmuşdur. Lakin
vəzifə ali məktəb işinin keyfiyyətinin artırılmasıdır...
Q.H.ƏLİYEV,
Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri,
"Azərbaycan müəllimi", 18 mart 1981-ci il, № 22
Məktəbə ən yaxşı hədiyyə
Bir neçə ildir ki, bizim zavod Keşlədəki 157 nömrəli
orta məktəbə hamilik edir. Bakı elektromexanika
zavodunun fəhlələri, mühəndis-texniki işçiləri bu
hamiliyi məktəbin təmirinə kömək etmək, bəzən də
mühəndis-texniki işçilərin vasitəsilə fənn dərnəklərinə
kömək göstərmək və s. vasitələrlə həyata keçirirdilər.
Lakin çox böyük sənaye müəssisəsi olan zavodumuzun
məktəbə bu köməyi kifayətləndirici deyildi. Çünki bu
cüzi kömək şagirdlərin politexniki təlimini həyata
keçirmək, onları əməli fəaliyyətə, islehsalata
yaxınlaşdırmaq üçün qarşıda duran çox böyük vəzifələrə
cavab vermirdi.
Bu nəinki məktəb müəllimlərini, həm də zavodumuzun
kollektivini çox düşündürürdü. Bu məsələni biz keçən il
zavod fəhlələri, mühəndis-texniki işçiləri ilə müzakirə
etdik.
...Bu böyük dövlət əhəmiyyəti olan məsələnin bütün zavod
kollektivi tərəfindən sevinclə qarşılanması çox fərəhli
idi. Hamı məktəbə ən gözəl bir hədiyyə vermək, məktəbdə
zəngin tədris emalatxanası yaratmaq zəruriyyətindən
danışırdı...
...Biz məktəb üçün lazım olan maşın, dəzgah və
avadınlığı tapdıq.
Həm də zavodun işinə zərər vurmadan, öz daxili
imkanımız hesabına tapdıq.
İndi üzərində "Tədris emalatxanası" sözləri yazılmış
geniş və işıqlı bir sinifdə bu maşın və cihazlar
qoyulmuşdur. Adam qapıdan içəri girdikdə özünü doğrudan
da kiçik, təmiz və səliqəli bir zavodda hiss edir...
N.NƏSRULLAYEV,
Bakı elektromexanika zavodunun direktoru,
"Azərbaycan müəllimi", 1 sentyabr 1955-ci il, № 35
Şagirdlərin həyata hazırlanmasında məktəb və ailənin
rolu
...Məktəblərdə politexniki təlimin həyata keçirilməsi
nəticəsində orta məktəb şagirdləri texnika və kənd
təsərrüfatı sahəsində bir çox faydalı bilik, bacarıq və
vərdişlər alırlar. Bu da uşaqlara düzgün sənət seçməkdə,
öz həyat yolunu müəyyənləşdirməkdə kömək edir.
Halbuki, məktəblərdə politexniki təlimin tətbiqinə qədər
olan dövrdə uşaqlar orta məktəbi bitirirdilər, ancaq
istehsalın müəyyən sahələri üçün onlarda lazımi bilik və
bacarıq olmurdu. Bu ondan irəli gəlirdi ki, şagirdlər
ancaq dərsliklərdə olan nəzəri bilikləri mənimsəyirdilər.
Alınan biliklərin həyatda tətbiqi üçün lazımi zəmin yox
idi. Məsələn, 4-5 il fizika dərsi keçmiş olan 10-cu
sinif şagirdi evdə elektrik lampası söndükdə onu
düzəltməyi bacarmırdı. İşığın olmamasının səbəbini izah
etməkdə aciz qalırdı... Məktəblərimizdə politexniki
təlimin həyata keçirilməsi sayəsində uşaqların
inkişafındakı bu cür birtərəfliyə son qoyulur...
Əkbər BAYRAMOV,
V.İ.Lenin adına APİ-nin müəllimi.
"Azərbaycan müəllimi", 25 yanvar 1959-cu il, № 8
|