Həsən HƏSƏNOV,
"Xalq qəzeti"nin baş redaktoru
Azərbaycanın
çoxminli təhsil işçiləri, elmi-pedaqoji içtimaiyyəti
özlərinin sevimli dövri nəşri "Azərbaycan müəllimi"
qəzetinin ilk sayının işıq üzü görməsinin 80 illiyini
əlamətdar hadisə kimi qeyd edirlər. Bu tarix anadilli
mətbuatımızın önəmli səhifələrindən biri kimi ölkənin
media aləmində də diqqət və öyünclə anılır.
Xalqımızın maariflənməsi, elm və biliklərin yayılması
yolu ilə tərəqqiyə qovuşması milli mətbuatımızın ilk
gündən təməl hədəflərindən olmuşdur. Sonrakı illərdə
ölkəmizdə müxtəlif pedaqoji, məktəb və təhsil nəşrləri
yaradılsa da, bu yöndə davamlı, sistemli və səmərəli
fəaliyyət göstərmək "Azərbaycan müəllimi" qəzetinə nəsib
olmuşdur. Ötən 80 ildə respublikamızın əsas təhsil
qəzeti olan bu nəşr maarif sahəsinin güzgüsü olmuş,
pedaqoji prosesin canlı salnaməsini yaratmışdır.
"Azərbaycan müəllimi" qəzeti onilliklər boyu
respublikada təhsil quruculuğunu geniş işıqlandırmış,
müəllimlərin mötəbər söz və fikir tribunası kimi onların
səsini cəmiyyətə çatdırmış, pedaqoji potensialın
səfərbər edilməsi işinə məharətlə xidmət göstərmişdir.
Təhsil qurumlarının fəaliyyəti, bu sahədə həyata
keçirilən proqramlar, pedaqoji nəzəriyyə və təcrübənin
inkişaf etdirilməsi məsələləri qəzetin aparıcı mövzuları
olaraq həmişə maarif cəbhəsində ictimai rəyin
formalaşmasına ciddi təsir göstərmişdir. Bütün bunlara
görə qəzet təkcə müəllimlər ordusunun deyil, həm də ölkə
ziyalılarının sevimli nəşrlərindən biri olmuşdur.
Sovet dövründə buraxılan sahə qəzetlərinin bir çoxundan
fərqli olaraq "Azərbaycan müəllimi" qəzeti yeni dövrdə
- dövlət müstəqilliyinə qovuşduğumuz illərdə də
gərəkliyini sübuta yetirmiş, suverenlik prinsiplərinin
təhsil sferasında gerçəkləşdirilməsi prosesinə
məsuliyyətlə çiyin vermişdir. Bu işi qəzetin mütərəqqi
ənənəsini yaşadıb zənginləşdirən indiki redaksiya
kollektivi uğurla davam etdirir. "Azərbaycan müəllimi"
qəzetinin yaradıcı heyətinin müstəqil dövlətin təhsil
siyasətinin yüksək səviyyədə həyata keçirilməsinə
informasiya dəstəyi verməsi, çağdaş pedaqoji təcrübənin
yayılması, yeni nəsillərin milli və bəşəri dəyərlərə
tərbiyələndirilməsi işinə köməyi əlamətdar yubileyin
fonunda daha aydın görünür.
Azərbaycanın yaşı on illərlə ölçülən dövri nəşrləri
arasında "Azərbaycan müəllimi" qəzetinin özünəməxsus
yeri və nüfuzu bu gün qədirbilənliklə qeyd olunur.
Ölkənin ən qocaman gündəlik anadilli nəşri "Xalq
qəzeti"nin kollektivi milli mətbuatımızın inkişafı
yolunda uzun illərdən bəri onunla bir sırada addımlayan
"Azərbaycan müəllimi" qəzetinin müdriklik yaşına çatması
sevincini dəyərli həmkarlarımızla ürəkdən paylaşır. 80
yaşlı təhsil qəzetimizin kollektivinə bol yubiley
sevinci, şərəfli yolun davamı olaraq yeni yaradıcılıq
uğurları arzulayırıq. Mənəvi dünyamızı öz işığı ilə daim
nurlandırmış qəzetin ziyası bundan sonra daha da gur
olsun!
Hikmət BABAOĞLU,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru
"Azərbaycan
müəllimi"nin kollektivinə.
Sirr deyil ki, ölkəmizdə sahə mətbuatının ciddi
ənənələri, tarixi uğurları vardır. Hələ sovet dövründə
Azərbaycanda kifayət qədər oxunaqlı, hətta ümumittifaq
səviyyəsində təqdir toplayan sahə qəzetləri fəaliyyət
göstərirdi. Amma müstəqilliyin ilk illərində
üzləşdiyimiz problemlər sahə qəzetlərinin də
fəaliyyətini iflic etmiş, bir çox qəzetlər maddi
çətinliklər üzündən fəaliyyətini dayandırmış, həmin dövr
Azərbaycan jurnalistikası üçün spesifik olan bəzi
neqativ meyillər sahə mətbuatında da özünü qabarıq
göstərmişdir. Lakin çox sevindiricidir ki, bu gün
ölkəmizdə milli mətbuatın inkişafı istiqamətində görülən
tədbirlər sahə mətbuatının da fəaliyyətinə əsaslı təsir
göstərmişdir. Artıq kifayət qədər ciddi, oxunaqlı, oxucu
rəğbəti qazanmış mətbuat orqanları fəaliyyət
göstərməkdədir. Bunlardan biri də 80 illik yubileyini
qeyd edən "Azərbaycan müəllimi" qəzetidir.
1934-cü il sentyabrın 2-də "Qommunist Məarifi" adı ilə
nəşrə başlayan "Azərbaycan müəllimi" qəzeti 80 illik
fəaliyyəti dövründə qarşıya qoyduğu məqsədə nail olmaq
üçün məhsuldar çalışmış, obyektivliyi, peşəkarlığı ilə
milli mətbuat nümunələrinin sırasında öz yerini tuta
bilmişdir. Azərbaycanda elmin, təhsilin inkişafı
istiqamətində görülən işlərin geniş ictimaiyyətə təqdim
olunması, bu sahədə əldə olunan nailiyyətlərin təbliği
istiqamətində müstəsna xidmətləri olan "Azərbaycan
müəllimi" qəzetinin oxunaqlığını təmin edən məqamlardan
biri də onun ölkəmizin siyasi və ictimai gündəmindəki
mövzulara da yer ayırması, Azərbaycan dövlətinin əldə
etdiyi uğurları geniş işıqlandırmasıdır. Müxtəlif
dövrlərdə Azərbaycanda ictimai şüurun inkişafında rolu
olmuş ziyalılarımız, tanınmış şair və yazıçılarımız, o
cümlədən Abdulla Şaiq, Qılman İlkin, Mehdi Mehdizadə,
Üzeyir Hacıbəyli, görkəmli elm xadimləri Mirzağa
Quluzadə, Əbdüləzəl Dəmirçizadə və başqaları qəzetlə
əlaqə saxlayaraq onun səhifələrində dövrün ən aktual
pedaqoji, ədəbi və mədəni məsələlərilə bağlı sanballı
yazılarla çıxış etmişlər. Azərbaycan dilinin saflığı,
əlifbamızın təkmilləşdirilməsi uğrunda mübarizə də
qəzetin daimi diqqət yetirdiyi və öz səhifələrində yer
ayırdığı məsələlərdən olmuşdur. Qəzet mövzu
rəngarəngliyi, qaldırdığı problemlərin aktuallığı ilə
oxucuların təqdirini qazanmışdır. Düşünürəm ki, bu qəzet
gələcəkdə də nailiyyətlərini davam etdirəcək, öz
dəst-xətti, orijinallığı ilə oxucu auditoriyasını daha
da genişləndirəcəkdir.
80 illik yubileyini qeyd edən "Azərbaycan müəllimi"
qəzetinin kollektivini təbrik edir, onlara cansağlığı,
bu məsuliyyətli və şərəfli işlərində uğurlar
arzulayıram. |