Bakı şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan
istedadlı şagirdlərin riyaziyyat, fizika, kimya,
biologiya və informatika fənləri üzrə seçim turu
keçirilib.
Seçim turunu keçirməkdə əsas məqsəd istedadlı
şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq
potensialının inkişaf etdirilməsini təmin etməkdən
ibarətdir.
Seçim turunda riyaziyyat fənni üzrə 659 nəfər V-X,
fizika fənni üzrə 215 nəfər VIII-X, kimya fənni üzrə 199
nəfər VIII-X, biologiya fənni üzrə 210 nəfər VI-X,
informatika fənni üzrə 235 nəfər VI-X sinif şagirdi
olmaqla, ümumilikdə, 1518 nəfər iştirak edib. Seçim
turunun tapşırıqları fənn olimpiadaları üzrə münsiflər
heyətinin sədr və məsul katibləri tərəfindən hazırlanıb.
Seçim turunda daha yaxşı nəticə göstərən şagirdlər
arasında təkrar (ikinci) seçimin aparılması nəzərdə
tutulub. Ən yüksək nəticə nümayiş etdirən şagirdlər
xüsusi olaraq beynəlxalq fənn olimpiadalarına
hazırlaşacaqlar. Həmin şagirdlərin hazırlanması işinə
riyaziyyat fənni üzrə BDU-nun müəllimi, fəlsəfə doktoru
Rafiq Quliyev, fizika fənni üzrə ADPU-nun fizika
fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru
Mirzəli Murğuzov, kimya fənni üzrə AMEA-nın Neft-Kimya
Prosesləri İnstitutunun direktoru, akademik Vaqif
Abbasov, biologiya fənni üzrə ADPU-nun kafedra müdiri,
biologiya elmləri doktoru Ədalət Fərəcov, informatika
fənni üzrə BDU-nun müəllimi, fizika-riyaziyyat elmləri
üzrə fəlsəfə doktoru Ramin Mahmudzadə rəhbərlik
edəcəklər. |