Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edilib

 

Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edilib.

Azərbaycan Respublikası təhsil nazirinin 27 fevral 2014-cü il tarixli, 252 nömrəli əmri ilə təsdiq edilmiş "Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə"yə uyğun olaraq, ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsi prosesini səmərəli təşkil etmək məqsədilə yaradılan Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün müsabiqədə iştirak etmək istəyənlərin ərizələri 3-18 mart 2014-cü il tarixlərində qəbul ediləcəkdir.

Müsabiqənin məqsədi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın tələblərinə uyğun olaraq, ümumi təhsilin məzmununda aparılacaq islahatların səmərəliliyini artırmaq, ümumtəhsil məktəbləri üçün hazırlanmış dərsliklərin ekspertizası və qiymətləndirilməsində şəffaflığı təmin etməkdən ibarətdir. Müsabiqə dərsliklərin keyfiyyətini yüksəltmək işinə müasir innovativ təlim metodologiyalarını və texnologiyalarını dərindən bilən, eləcə də kurikulum, psixologiya və dərslik dizaynı sahəsində peşəkar mütəxəssisləri cəlb etmək baxımından da mühüm əhəmiyyət daşıyır.

Müsabiqəyə tədris dilləri, ibtidai təhsil, ədəbiyyat, riyaziyyat-informatika, təbiət fənləri, ictimai-sosial fənlər üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik, müasir təhsil proqramlarının mahiyyətinə dərindən bələd olan və onların tətbiqində bilavasitə iştirak edən şəxslər qatıla bilərlər. Təhsilin məzmunu - kurikulum, yaş psixologiyası, fiziologiya, dərslik nəşri və dizayn sahələri üzrə mütəxəssislərə pedaqoji staj məhdudiyyəti şamil olunmur.

Müsabiqədə iştirak etmək istəyənlər "Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə" ilə Təhsil Nazirliyinin saytında (http://www.edu.gov.az/view.php?lang=az&menu=162&id=8043) ətraflı tanış ola bilərlər.

Müsabiqədə  iştirak  etmək arzusunda olan  şəxslər   ərizələrini  və  özləri   haqqında  məlumatları  (CV)  elektron  formada  z.rzayeva@edu.gov.az elektron poçtuna göndərə bilərlər (əlaqə telefonu: (012) 496-34-97, (012) 489-99-86).

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov