Martın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru vəzifəsinə təyin olunan Ədalət
Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim
olunub.
Təhsil naziri Mikayıl Cabbarov Ədalət Muradovu yeni
təyinatı münasibətilə təbrik edib və ona gələcək
fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan Dövlət İqtisad Universitetinin
ölkəmizin ali təhsil sistemində xüsusi yeri olduğunu
qeyd edib, bu universitetin ölkənin iqtisadi və sosial
inkişafının real tələbatına əsaslanaraq, prioritet
sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsində
vacib rolunu vurğulayıb.
Sonra universitetin yeni rektoru təyin olunan Ədalət
Muradov ona göstərilən etimada görə ölkə Prezidentinə
təşəkkürünü bildirib, bu ali təhsil müəssisəsini yaxşı
tanıdığını və ənənələri olan təhsil ocağı olduğunu
nəzərə çatdırıb. O, çıxışında ali təhsilin əsas
məqsədinin ölkədə insan kapitalının inkişafı,
təhsilalanın müasir bilik və bacarıqlara yiyələnməsinin
təmin edilməsi olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, yeni təyin olunan rektor
Ədalət Muradov 1962-ci ildə anadan olub. 1990-cı ildə
Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini
bitirib.1993-cü ildəniqtisad elmləri namizədi, 1998-ci
ildən iqtisad elmləri doktorudur. 60-dan artıq elmi və
tədris-metodiki əsərin müəllifidir.
1995-1999-cu illərdə Kiyev Dövlət Universitetinin
dosenti olub. Sonradan isə Dövlət İdarəçilik
Akademiyasında dosent vəzifəsində çalışıb. Bu vəzifəyə
təyin olunanadək İqtisadiyyat və Sənaye Nazirliyində
İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin
müdiri vəzifəsində işləyib. |