Ali təhsil sahəsində kredit sistemi ilə tədrisin
təşkili, tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürməsi məsələləri ilə
bağlı sənədlərin təsdiqi istər təhsil ictimaiyyəti,
istərsə də ümumilikdə, ölkə vətəndaşları tərəfindən
maraqla qarşılanıb.
Təhsil Nazirliyi qeyd olunan sənədlər haqqında
ictimaiyyətin məlumatlandırılması işinin
genişləndirilməsinə, xüsusilə də təhsilalanlar üçün
yaradılmış yeni imkanların daha dolğun şərh olunmasına
böyük önəm verir. Bütün bunları nəzərə alaraq, 24-28
fevral 2014-cü il tarixlərində Təhsil Nazirliyinin
facebook səhifəsində ali təhsillə bağlı suallara cavab
verilib.
Bu müddətdə Təhsil Nazirliyinin facebook səhifəsinə,
ümumilikdə, 326 sual daxil olub və ali təhsillə bağlı
bütün suallar şərhlər vasitəsilə cavablandırılıb.
Facebook istifadəçilərinin sualları, əsasən, ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində təhsilalanların köçürülməsi, bərpa
olunması və akademik məzuniyyət götürməsi (33 faiz),
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili (22 faiz), təhsilalma
formasının dəyişdirilməsi (7 faiz), ali təhsil haqqında
sənədin tanınması (6 faiz), Azərbaycan Müəllimlər
İnstitutunun filiallarının fəaliyyəti (5 faiz), təhsil
haqqı (2 faiz), xaricdə təhsil (2 faiz) və digər
məsələləri əhatə edib.
Bu tədbir geniş ictimaiyyət arasında ölkədə ali təhsilin
inkişafı ilə bağlı aparılan islahatlara böyük marağın
olmasını bir daha üzə çıxardı. Təhsil Nazirliyi əhalinin
bütün təbəqələrinin fikirlərinə xüsusi önəm verərək bu
ənənəni davam etdirmək, gələcək fəaliyyətində
konstruktiv təklifləri nəzərə almaq niyyətindədir. |