Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik
fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş
filologiya elmləri doktoru Ramiz Əskərovla görüşüb.
Təhsil naziri "Şöhrət" ordenini Ramiz Əskərova təqdim
edib. Tanınmış filoloq alimi təbrik edən nazir ona
gələcək fəaliyyətində uğurlar arzulayıb. Ramiz Əskərovun
Azərbaycan təhsilinin və elminin inkişafındakı
xidmətlərindən söhbət açıb, səmərəli fəaliyyətini bundan
sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.
Filologiya elmləri doktoru Ramiz Əskərov onun əməyinə
verilən belə yüksək qiymətə görə ölkə Prezidentinə dərin
minnətdarlığını ifadə edib. O, bundan sonra da
Azərbaycanda təhsilin, publisistikanın və elmin inkişafı
naminə əzmlə çalışacağını nəzərə çatdırıb.
Qeyd edək ki, Ramiz Əskərov 1954-cü il yanvar ayının
10-da Qərbi Azərbaycanın Amasiya rayonunun Əzizbəyov
(Qaraçanta) kəndində müəllim ailəsində anadan olub.
1971-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1972-ci
ildə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsinə daxil olub. 1975-ci ildə ən yaxşı tələbə
kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
jurnalistika fakültəsinə göndərilib və 1978-ci ildə ali
təhsilini başa vurub.
1978-1983-cü illərdə Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində çalışıb. 1983-1987-ci
illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni
Əlaqələr Cəmiyyətində işləyib, 7 dildə (Azərbaycan, rus,
ingilis, fransız, alman, türk, ərəb, fars) nəşr edilən
"Azərbaycan bu gün" jurnalının baş redaktoru olub.
1988-1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş
redaktoru kimi fəaliyyət göstərib.
2002-ci ildən Bakı Dövlət Universitetində çalışır.
2012-ci ildə Türk xalqları ədəbiyyatı kafedrasının
müdiri seçilib. 10 monoqrafiya və 200-ə yaxın elmi
məqalənin müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il
tarixli sərəncamına əsasən, "Əməkdar jurnalist" fəxri
adına layiq görülüb. |