Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə
yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində
fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində
fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin
tədrisinə başlanılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində Heydər Əliyev
Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları,
Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti,
tələbələr, Rumıniyada yaşayan azərbaycanlılar iştirak
etmişlər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin
direktoru İqbal Hacıyev Rumın-Amerikan Universitetinin
rəhbərliyinə sıx əməkdaşlıq nəticəsində Buxarestdə
Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə
verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.
O, tədbir iştirakçılarına Azərbaycan dili, ədəbiyyatı,
mədəniyyəti, tarixi barədə məlumat vermiş, Buxarestdə bu
fənlərin tədrisinin başlanması ilə iki xalq arasındakı
əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd
etmişdir. İqbal Hacıyev dərslərə yazılan rumıniyalı
tələbələri təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Rumın-Amerikan Universitetinin beynəlxalq əlaqələr
departamentinin rəhbəri Şerban Corcesku Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya universitetə verdiyi dəstəyə və
məhsuldar əməkdaşlığa görə dərin təşəkkürünü
bildirmişdir. O, rumın tələbələrin Azərbaycan dilinə və
ədəbiyyatına marağını iki xalq arasında gündən-günə
inkişaf edən əlaqələrin təzahürü kimi
qiymətləndirmişdir. Şerban Corcesku belə səmərəli
layihələrin gələcəkdə davamlı olacağına inamını ifadə
etmişdir.
Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq
Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə belə bir
imkanın yaradılmasına görə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
təşəkkür etmişdir. O, rumın tələbələri arasında
Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və
ədəbiyyatına marağın çox olduğunu vurğulamışdır.
Bildirmişdir ki, gələcəkdə bu tələbələr Rumıniyada bir
çox sahədə çalışıb Azərbaycanın layiqli elçiləri olacaq,
iki xalq arasında mövcud əlaqələrin daha da
möhkəmlənməsinə səmərəli töhfələrini verəcəklər.
Tədbir bitdikdən sonra Azərbaycan dili fənninin birinci
dərsi başlamışdır. |