Fevralın 27-də Moskvada "AZIMUT Moscow Olympic Hotel"
mehmanxanasında Xocalı soyqırımının 22-ci ildönümünə
həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva iştirak etmişdir.
Mehmanxananın foyesində Heydər Əliyev Fondu tərəfindən
təşkil olunmuş "Uşaqlar və müharibə" mövzusunda rəsm
sərgisində uşaq evləri yetirmələrinin əl işləri nümayiş
etdirilmişdir. Balaca rəssamların əsərlərində
müharibəyə, şərə və ədalətsizliyə etiraz əksini
tapmışdır. Monitorda Azərbaycanın Qarabağ regionunun
müharibə zamanı dağıdılmış şəhər və kəndlərini əks
etdirən kadrlar göstərilmişdir.
Salona toplaşanlar soyqırımı qurbanlarının xatirəsini
bir dəqiqəlik sükutla yad etmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya
ədalət!" kampaniyasının təşəbbüsçüsü Leyla ƏLİYEVA
tədbirdə çıxış edərək demişdir:
- Bu gün biz "Xocalıya ədalət!" beynəlxalq kampaniyası
çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini
yad etmək üçün toplaşmışıq. Bu kampaniya 5 il əvvəl
Moskvada start götürmüşdür. Kampaniyanın məqsədi 22 il
əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş faciə
haqqında həqiqi informasiyanı dünya ictimaiyyətinə
çatdırmaqdır. Artıq 5 ildir ki, bu fevral günlərində
dünyanın 70-dən çox ölkəsində müxtəlif millətlərin,
dinlərin və mədəniyyətlərin nümayəndələri Xocalı
faciəsinin qurbanları barədə haqq səslərini ucaldırlar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
təcavüzkarları Azərbaycanın Xocalı şəhərini ələ
keçirdilər və nəticədə 613 nəfər dinc sakin, o cümlədən
106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə
yetirildi, min nəfərdən çox insan şikəst oldu. Bu faciə
Azərbaycan tarixində ən dəhşətli, qanlı və müdhiş
səhifələrdən biridir. Əlbəttə, bu gün biz nə etsək də o
günahsız adamları həyata qaytara, yaxınlarını itirmiş
insanların dərdini yüngülləşdirə, hər bir
azərbaycanlının ürəyindəki yaranı sağalda bilməyəcəyik.
Lakin "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bu
müddət ərzində böyük iş görülmüş və nəticələr əldə
edilmişdir.
Mən son 5 ildə bu kampaniyanın başlıca layihələrindən və
nailiyyətlərindən sizə danışmaq istərdim. Ötən 5 ildə
dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı
konfranslar, sərgilər təşkil olunur. Kampaniyanın saytı
5 dildədir. Bu gün "Xocalıya ədalət!" kampaniyasının
çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində
universitetlərdə, gənclər klublarında, habelə
məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Bu
çağırış cavabsız qalmamışdır. Kampaniya nəticəsində 6
ölkənin və ABŞ-ın 14 ştatının parlamentləri Xocalı
faciəsini soyqırımı aktı kimi tanımışdır. Bir neçə gün
bundan əvvəl İƏT-in üzvü olan 53 ölkənin parlamentləri
xüsusi qətnamə ilə təsdiq etmişlər ki, Xocalıda
soyqırımı törədilmişdir. Bundan əvvəl İƏT-in üzvü olan
57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul
olunmuşdur. Ankara, Sarayevo, Haaqa, Mexiko şəhərlərində
Xocalı abidələri ucaldılmışdır. Keçən il iyulun 9-da -
Srebrenitsa qurbanlarının milli matəm günündə
Sarayevonun mərkəzində bütün gün ərzində işıqlandırılmış
monitorda Xocalıya ədalət çağırışı səslənmişdir. Xocalı
haqqında müntəzəm olaraq kitablar çap edilir, bukletlər,
məlumatlar nəşr olunur, filmlər çəkilir. Bu filmlərdən
birinin qəhrəmanı, helikopter pilotu Leonid Kravets bu
gün bizimlədir. Mən 1992-ci ildə günahsız insanları
xilas edərkən göstərdiyi cəsarətə, bu faciə haqqında
bütün həqiqəti danışmaqla nümayiş etdirdiyi igidliyə
görə ona "çox sağ olun" deyirəm.
Bu gün kampaniyamızın fəaliyyətinin yeni mərhələsi
başlanır. Biz əldə etdiklərimizlə kifayətlənmək
niyyətində deyilik, irəlidə hələ çox layihələrimiz və
tədbirlərimiz vardır. İnanıram ki, dünyada Xocalı
hadisələrini soyqırımı kimi tanıyan ölkələrin sayı
ildən-ilə artacaqdır. Tezliklə isə dünya birliyi bu
faciəyə ədalətli hüquqi və mənəvi qiymət verəcəkdir.
XXI əsrdə kütləvi qətllərə, qanlı qırğına və soyqırımına
yer olmamalıdır. Bu gün Azərbaycan müxtəlif sahələrdə
uğurları ilə dünyanı heyran qoyan, iqtisadiyyat, idman,
mədəniyyət, elm sahələrində dinamik inkişaf edən,
abadlaşan güclü, müasir və müstəqil dövlətdir.
Azərbaycan regionun lideridir. Zaman göstərmişdir ki,
Azərbaycan xalqının ruhu qırılmamışdır. Çünki Azərbaycan
xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz.
İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa
olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma
yurd-yuvalarına, doğma torpaqlarına qayıdacaqlar".
***
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
çıxışında bildirmişdir ki, son illər ölkəmiz Xocalı
faciəsinə diqqəti təkcə Azərbaycanın dərdi kimi deyil,
həm də beynəlxalq ədalətə çağırış kimi cəlb edə
bilmişdir və bu da respublikamızın dünyadakı mövqeyinin
möhkəmlənməsinin növbəti təsdiqidir. Səfir "Xocalıya
ədalət!" kampaniyasının təşəbbüskarı olan Leyla
Əliyevaya dərin minnətdarlığını bildirmişdir. "Xocalıya
ədalət!" kampaniyasının məqsədyönlü fəaliyyəti sayəsində
son bir neçə ildə bir çox beynəlxalq təşkilatlar müvafiq
qətnamələr qəbul etmiş, bir sıra ölkələrdə Xocalıda
törədilən hərbi cinayətlərin tanınması prosesi
genişlənir.
Səfir sonda demişdir: "Ümidvaram ki, nəhayət dünya
Xocalının və xocalılıların harayını aydın eşidəcək,
tarixin bu qara səhifəsindən ibrət dərsi götürəcək ki,
gələcəkdə etnik təmizləmələrə və dinc əhaliyə divan
tutulmasına yol verilməsin". P.Bülbüloğlu bildirmişdir
ki, gənclərin və gələcək nəsillərin Azərbaycanın
müstəqilliyi və suverenliyi uğrunda mübarizədə
canlarından keçən qəhrəman Vətən övladlarını unutmaması
çox vacibdir.
Sonra Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti
Məmməd Əliyev, Azərbaycanın Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Rusiyanın
Yəhudi Dini İcmaları və Təşkilatları Konqresinin
vitse-prezidenti Zinovi Koqan, 1992-ci ildə faciə
yerindən videoçəkilişlərin aparıldığı helikopterin
komandiri Leonid Kravets çıxışlarında bildirmişlər ki,
Xocalı faciəsi dünya tarixində ən qanlı soyqırımlarından
biridir. Onlar Xocalı faciəsinin günahkarları barədə
həqiqətin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində görülən işlərdən danışmışlar.
Sonra "Cəhənnəmi görən pilot" sənədli filmi nümayiş
etdirilmişdir.
Tədbirin sonunda ehsan verilmişdir.
Gecədə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər,
Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Ümumrusiya
Azərbaycanlıları Konqresinin, Rusiyanın Azərbaycanlı
Gənclər Birliyinin üzvləri iştirak etmişlər.
AzərTAc |