Fənn
kurikulumlarının səciyyəvi cəhətlərindən biri onun
şəxsiyyətyönümlü olması, təhsilalanın fəaliyyəti
əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda
milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
İnsan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə tədricən
çevrilir. İradəsi, müstəqilliyi, ağlı və yaradıcı
təfəkkürü ilə. Bura, həmçinin, gen, tarixi şərait,
müəyyən dövr ərzində yaradıcı və qurucu fəaliyyət də
daxildir. Sosial mühüt də şəxsiyyətin formalaşmasında
zəruridir. Şagirdlər sosial normaları əldə etmələrinə
çalışmalıdırlar. Şəxsiyyəti müəyyən edən amillərdən biri
də xarakterlə bağlıdır. Hər bir insanda xarakter
təlim-tərbiyənin nəticəsində formalaşır. Düzgün təlim və
tərbiyə düzgün xarakteri müəyyən edir ki, nəticədə
şəxsiyyət olmağa doğru mühüm addımlardan biri atılır.
Ümumtəhsil məktəblərində müəllimlərin şagirdlərə
aşıladığı biliklər, ideyalar şəxsiyyət olmağa təsir edən
amillərdəndir.
Bu baxımdan ümumtəhsil məktəblərində tədris olunan ən
mühüm və vacib fənlərdən olan riyaziyyatın şəxsiyyətin
formalaşmasında daha mühüm rolu vardır. O, zehni
inkişafın əvəzedilməz vasitəsi, müasir ixtisas
sahələrinin çoxu ilə birbaşa bağlıdır. Riyaziyyat fənni
idraka əsaslanan elmdir. Məktəbdə riyaziyyat tədrisinin
ən başlıca məqsədlərindən biri şagirdlərə hadisə və
faktları düzgün dərk etməyi öyrətməkdir. Başqa fənlərdə
olduğu kimi, riyaziyyat dərslərində də maraqlı qurulmuş
motivasiya şəxsiyyət kimi formalaşmaqda olan şagirdin
təfəkkürünü inkişaf etdirir. Dərs dediyim şagirdlərdə
materialları yeni yanaşmalar nöqteyi-nəzərindən təqdim
etməklə, riyazi nəzəriyyələrin məntiqini və mahiyyətini
göstərməklə elmi müddəaları eksperimental
əsaslandırmaqla yanaşı onların şəxsiyyət kimi inkişaf
etməsinə də çalışıram. Məsələn, şagirdlərin şəxsiyyət
kimi formalaşmasında, onların təfəkkürünün inkişafında
riyazi məntiqin rolunu nəzərə alaraq bu istiqamətdə
müvafiq iş aparıram.
Riyazi məntiq şagirdlərin müstəqil fikir yürüdə bilmək,
faktları seçib ayırmaq, öz ideyasını əsaslandırmaq,
yaradıcılıq, tənqidi yanaşma kimi bacarıqlarını üzə
çıxarır. Şagirdlərə həndəsə kursunun başlanğıcında olan
"Nöqtə, düz xətt, şüa, düz xətt parçası" mövzusuna
uyğun belə bir tapşırıq verirəm. Kağız üzərində doqquz
nöqtə qoyun. Qələmi kağız üzərindən çəkmədən elə dörd
ədəd düz xətt çəkin ki, düz xətlər bütün nöqtələrdən
keçsin. Tədqiqat sualını belə qoymaq olar: nöqtə, düz
xətt, şüa, düz xətt parçası kimi fiqurlardan hansı
həndəsi fiqurları düzəltmək olar?
II tapşırıq: "sual işarəsinin" yerinə hansı ədəd
olmalıdır? 4-25, 5-36, 8-81, 10-?
Cavab: a)100, b)101, c)121, d)144, e)131. Tədqiqat
sualını isə belə qoymaq olar: "Ədədlərin kvadratları və
kubu"nu bilmək nəyə lazımdır?
Şəxsiyyətin formalaşmasında motivasiyalardan istifadənin
rolu.
Məqsədəuyğun qurulmuş motivasiya, düzgün qoyulmuş
tədqiqat sualı da şagirdin şəxsiyyətinin
formalaşmasına müsbət təsir göstərən amillərdən biridir.
Məsələn, "Şifahi hesablama" mövzusunu təkrar edərkən
şəkildən və orada yazılmış misaldan motivasiya yaratmaq
üçün istifadə edirəm. Əvvəlcə şagirdləri
məlumatlandırıram ki, rus rəssamı
N.P.Boqdanov-Belskinin "Xalq məktəbinin riyaziyyat
dərsində şifahi hesablama" adlanan əsəri real insana,
Moskva Dövlət Universitetinin riyaziyyatçı professoru
S.A.Raçinski və kəndli şagirdlərə həsr olunub. Rəssam
özü də həmin müəllimin şagirdi olub. Şəklə baxan
şagirdlər misaldan əvvəl onu diqqətlə izləyirlər,
özlərini onların yerində hiss edirlər.
Şəkildəki yazı lövhəsində yazılmış misal isə belədir:
Tədqiqat sualını belə qoyuram: Siz bu misalı hansı
əlverişli üsulla həll edə bilərsiniz?
Şagirdlərdən hansısa misalı yazılı şəkildə həll etmək
istədikdə şərti ("Şifahi hesablama") ona xatırladıram.
Şəxsiyyətin formalaşmasında dahi şəxsiyyətlərin həyat və
yaradıcılıqlarından söhbətlərin də mühüm rolu vardır.
Bu məqsədlə tanınmış riyaziyyatçıların həyatından
misallar gətirirəm. Məsələn, rəvayətə görə, bir nəfər
yunan riyaziyyatçısı Pifaqordan onun məktəbində neçə
şagird oxuduğunu soruşanda Pifaqor ona belə cavab verir:
"Şagirdlərimin yarısı riyaziyyatı,
hissəsi
təbiəti öyrənir,
hissəsi
dinməz-söyləməz düşüncələrə dalır və qalan 3 nəfəri isə
qızlardır". Pifaqorun neçə şagirdi var idi?
Yaxud başqa bir misal: Bir otlaq sahəsini 70 inək 24
günə, 30 inək 60 günə yeyə bilər. Neçə inək 96 günə bu
otlaq sahəsini yeyib qurtara bilər? (Cavab: 20 inək)
Tarixi, sənədli, bədii, fantastik filmlərin lazımi
məqamda şagirdlərə göstərilməsi də onların şəxsiyyətinin
inkişafına müsbət təsir göstərir.
Əbəs deyil ki, Rusiya Federasiyasının Təhsil Nazirliyi
dərs cədvəlinə həftədə bir saat kinofilm dərsi salıb.
Filmi bütövlükdə, ya da ondan bir hissəni göstərmək
şagirdlərin şəxsiyyət kimi böyüməsinə təsir edir, həm də
onlarda keçilən mövzuya marağı artırır.
Həndəsədən şagirdlərə "Pifaqor teoremi" mövzusunu izah
edərkən "Elektronikin macəraları" kinofilmindan
riyaziyyat dərsində robot şagirdin-Elektronikin Pifaqor
teoreminin 20 cür isbatı olan hissəsini göstərirəm.
Tədqiqat sualını belə qoymaq olar: "Pifaqor teoremi"ni
bilmək nə üçün lazımdır? (Məlumat üçün demək olar ki,
bu filmi motivasiya kimi ana dili, musiqi, bədən
tərbiyəsi və digər dərslərdə də göstərmək olar).
Riyaziyyat müəllimləri yaxşı bilir ki, teoremin,
lemmanın müxtəlif üsullar ilə isbatını vermək
şagirdlərdə yaradıcılıq meylini artırır. Təcrübəmdən
deyə bilərəm ki, şagirdlər dərslikdə olan teoremin bir
isbatı ilə qane olmayıb, özləri yeni isbat metodları
axtarırlar.
Riyaziyyat dərslərində şagird şəxsiyyətinin
formalaşdırılması zamanı gündəlik həyatımızdan
götürülmüş problemlər və onların həlli yollarını
araşdırmaq yaxşı effekt verir. Yeddinci sinif cəbr
dərsliyində "Birhədlinin çoxhədliyə vurulması"
mövzusunu şagirdlərə izah edərkən fəvvarənin iş
prinsipini yada salıram.
Sonra şagirdlərə fərq və oxşarlığı aydınlaşdırıram.
Tədqiqat sualı belə ola bilər: vurma əməlinin paylama
xassəsini bilmək nəyə lazımdır?
Altıncı sinif riyaziyyat dərsliyində "Tənliklərin həlli"
mövzusunu izah edərkən şagirdlərdən soruşuram: turist
bir ölkənin sərhədindən digər ölkənin sərhədinə hansı
şərtlərlə keçə bilər? Tədqiqat sualı olaraq lövhədə
tənlik yazıram. Şagirdlər isə onun həlli yollarını
araşdırırlar.
Riyaziyyat dərslərində şəxsiyyətin formalaşmasını
müəyyən edən amillərdən çox danışmaq olar. Fikrimcə,
dərs əsnasında müəllim riyaziyyat fənninin mühümlüyündən
və həyati əhəmiyyətindən, müasir elmin nailiyyətlərindən
söhbət açmaqla bərabər, şagirdlərin daxili aləmini,
xarakterini, iradəsini və tədricən formalaşan
şəxsiyyətini də inkişaf etdirməlidir.
Şəfəq FAZİLOVA,
Şabran şəhəri T.Abbasov adına
1 nömrəli tam orta məktəbin
riyaziyyat və informatika müəllimi |