Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Təhsil strategiyası - hədəflər

 

Təhsilin inkişafı strategiyasında milli və ümumbəşəri dəyərlər konsepsiyası 

"...Biz öz milli, mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır. Bizim imkanlarımız daha da geniş olmalıdır. Baxın, indi demək olar ki, bütün dünyada Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. 50-dən yuxarı ölkədə Azərbaycan səfirlikləri fəaliyyətə başlamışdır və uğurla fəaliyyət göstərirlər. Yəni, indi bizim fəaliyyət imkanlarımız genişdir. Biz heç vaxt, tarix boyu başqa xalqın milli dəyərinə, yaxud da ki, milli irsinə göz dikməmişik. Ancaq əfsuslar olsun ki, bizə qarşı həmişə belə cəhdlər olub... Bunun əsas səbəbi Azərbaycan xalqının istedadı və mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni irsimizi qoruyacağıq, bütövlükdə müstəqilliyimizi qoruyacağıq, müstəqil seçimimizi qoruyacağıq".  

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 

Müasir dövrdə gənc nəslin milli və ümumbəşəri dəyərlər əsasında formalaşdırılması həyatın tələbidir. İndi zamanın ruhuna uyğun yeni pedaqoji texnologiyalardan faydalanmaq, novator ideyalardan istifadə etmək, təlim-tərbiyə sahəsində mövcud problemləri tənzimləmək cəhdi daha intensiv üsul və vasitələri zəruri edir. Hazırkı şəraitdə lokal və qlobal səviyyədə qazanılan pedaqoji proses təcrübəsindəki mütərəqqi perspektivləri nəzərə almaq, onun nəticələrində təzahür edən faydalı cəhətləri ümumiləşdirməklə qabaqcıl fəaliyyət səylərini təhlil-tərkib etmək ümumxalq və ümumdövlət səviyyəli bir işə çevrilmişdir.

Bilik, bacarıq, vərdiş və mənəvi keyfiyyətlərin milli ruhda, ümumbəşəri dəyərlər zəminində mənimsədilməsinin üsul və vasitələrini zəngin elmi-pedaqoji, nəzəri-metodik istiqamətlərdə təkmilləşdirmək yeni konseptual elmi axtarışların bəhrəsi olaraq meydana çıxır.

Bu gün ölkəmizin hər bir vətəndaşını sosial-mədəni inkişaf strategiyaları ilə tanış etməyin ən mühüm vasitələrindən biri də bu yolda milli və ümumbəşəri dəyərlərdən istifadəyə aid nəzəri biliklərə yiyələnməkdən ibarətdir.

Respublikamızın müstəqillik yolu ilə inkişaf etdiyi, təhsil sisteminin ümumbəşəri dəyərlər və milli zəmin üzərində qurulduğu, yeni təhsil islahatçılığı ideyalarının cəmiyyət həyatında təsbit olunduğu bir şəraitdə başqa sahələrdə olduğu kimi, milli pedaqogikada və onun tarixi istiqamətlərində aparılan dərin elmi-nəzəri axtarışların möhkəmlənməsində ölkə Prezidentinin sərəncamı ilə 24 oktyabr 2013-cü il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın konseptual ideyalarından elmi yeniliklər yolu ilə istifadə imkanları nəzərə alınmalıdır. Bunu bizdən həyatın özü tələb edir.

Pedaqoji elm və proses təcrübəsində cərəyan edən milli özünüdərk şüuru, milli iftixar hissi, milli qürur tərbiyəsi ilə yanaşı, ümumbəşəri məzmun ideyaları daşıyan mütərəqqi elmi əsasların və nəzəri keyfiyyətlərin də nəzərə alınması cəmiyyətdə vətəndaş hazırlığı üçün çox önəmli məqsəd daşıyır.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərilir: "Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir".

Təhsilin gələcək inkişafının aydın üfüqlərini müəyyənləşdirmiş Dövlət Strategiyası milli pedaqogikanın da fundamental bir elm kimi milli və ümumbəşəri dəyərlərlə əlaqədar axtarışlarını nəzəri-elmi aspektlərdən genişləndirməsinə geniş imkanlar açmışdır.

Bu mənada milli və ümumbəşəri dəyərlərlə əlaqədar strategiyada nəzərdə tutulan elmi müddəalardan pedaqoji proses sahəsində istifadə edilməsinə aid konkret vəzifələrin göstərilməsi bu sahədə atılmış ən uğurlu addımlardan xəbər verir.

Gənc nəslin intellektual-mənəvi inkişafının formalaşmasında milli və ümumbəşəri dəyərlərin müstəsna əhəmiyyəti vardır. Həmin milli qaynaqlardan, bəşəri keyfiyyətlərdən istifadəni zəruri edən didaktik tələbləri bilmək intellektual-əxlaqi keyfiyyət kimi hər bir azərbaycanlı övladının qəlbini riqqətə gətirməli, milli vicdanımızı, şərəf və ləyaqətinizi oyatmalıdır.

Torpağında münaqişə odu hələ səngiməyən, sərhədlərində yağı düşmən təcavüzü hələ soyumayan, döyüş səngərlərində ölüm qan-qadası hələ də tükənməyən bir məmləkətin nicat və haqq yolu vuran ürəklərimizin qan damarlarını ehtizaza gətirməklə, parçalanmış torpaqlarımızın bütövlüyü, ölkəmizin müstəqilliyi naminə milli yaddaşımızı oyatmalı, bizə bəşəri keyfiyyətlərdən istifadə yolu ilə əsl milliliyi, azərbaycançılığı, türkçülüyü, vətənçiliyi qorumaq üçün ideya silahı da verməlidir.

Məşhur türk ideoloqu və maarifpərvəri Ziya Göyalpın yazdığı kimi: "Tarix ümumi bir qayda olaraq göstərir ki, haraya milliyyət ruhu giribsə, orada tərəqqi və təkamül axını-cərəyanı yaranıb... Milli vicdan harada təkamül edibsə, artıq ora müstəmləkə olmaq təhlükəsindən əbədi olaraq qurtulmuşdur".

Bu müqəddəs hisslərin müasir şəraitdə pedaqoji proses təcrübəsində təsir imkanları, şübhəsiz ki, böyükdür. Bu mənada da Dövlət Strategiyasının milli və ümumbəşəri dəyərlərin inikası üçün nəzərdə tutulan məna dolu siqlətində aydın şərh yolu ilə izahını tapmış yüksək və zəngin ideyaların lakonik və ibrətamiz şəkildə canlandırılmasının şahidi oluruq.

Bununla bağlı strategiyada yazılır: "Məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək" təhsil sisteminin başlıca vəzifələridir.

Bu real təəssüratdan alınan məntiqi nəticə odur ki, strategiyada ilk dəfə olaraq milli və ümumbəşəri ifadələrə, onların işlək terminologiyasına, metodoloji prinsiplərinə vətəndaşlıq statusu gətirilmiş, digər tərəfdən isə pedaqoji proses təcrübəsində milliliklə bəşəriliyin vəhdət fəlsəfəsi yeni elmi-nəzəri müddəalarla mümkün həllini tapmışdır.

Əlbəttə, milli və ümumbəşəri dəyərlərlə əlaqələndirilən konseptual müddəaların təhsilin inkişafı yolunda gələcək strateji məqsəd və vəzifələrin geniş təhlili bir daha göstərir ki, bu sahədə nail olunmuş biliyə, təcrübəyə metodoloji mündəricədən yanaşmaqla yanaşı, onun hazırkı cəmiyyət üçün ideoloji bir problematika olduğunu da istisna etmir.

Yəni, milli və ümumbəşəri dəyərlərə həm də respublikanın reallığı baxımından yanaşılmalı, digər ölkələrin faydalı ənənələrinə də biganə qalınmamalıdır.

Bu gün milli hissin və ümumbəşəri xislətin xalqlar və dövlətlər tərəfindən getdikcə geniş miqyasda tanınmağı üçün yaranmış şəraitdən faydalanmağın vacibliyini irəli sürən strategiyada birmənalı olaraq bu problemin tarixi-müqayisəli, ideoloji müstəvidə həlli yolları da gələcək nəslin ideya-mənəvi tutumu üçün böyük zəmin rolu oynayacaqdır. Çünki həm postmodern dövründə, həm ondan əvvəlki dövrdə, həm də xüsusən ondan sonrakı dövrdə özünüdərk şüuru Azərbaycan vətəndaşlarında getdikcə daha da dərinləşir; lakin heç vaxt millətçiliyə çevrilmir. Başqa xalqların mədəniyyət nümunələrinə xor baxmır, başqasının torpağına göz dikmir, onu ələ keçirməyə çalışmır.

Bunları erməni quldurları, erməni cəlladları barədə demək olmaz. Postmodern dövründən əvvəl də, həmin dövrdə də, ondan sonra da erməni qaniçənləri üçün erməni millətçiliyinin amalı qonşu azərbaycanlıları və türkləri qırıb-çatmaqla, salamat qalanlarını isə ata-baba torpaqlarından qovmaqdan "burada biz yaşamalıyıq" deməkdən ibarət olmuşdur.

Milli və ümumbəşəri dəyərlərə verilən qiymət strategiyada yalnız vəzifə kimi deyil, həm də proses kimi dəyərləndirilir. Onun imkan və yollarını formalaşdırmağın dinamik iş üsulları, metodik vəzifələri də qabardılır. Xüsusən, bu işin ali məktəb şəbəkələrində reallaşdırılması imkanlarını möhkəmləndirmək üçün əldə edilmiş biliyə, təcrübəyə istinad etməyin zəruri şərtləri də təhsilləndirici məzmunda öz bariz ifadəsini tapır.

Bu məqsədlə strategiyada bir daha xatırlanır ki, "...milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq" da təhsilalanların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanması üçün mənəvi stimuldur.

Ümumiyyətlə, strategiyada milli və ümumbəşəri dəyərlərlə əlaqədar ehtiva olunan məsələləri gələcək məqsəd baxımından belə qruplaşdırmaq olar: milli və ümumbəşəri dəyərlərlə əlaqədar strateji hədəflərdən biri Azərbaycanın dövlət müstəqilliyinin tanınmasında, digəri milli təhsil ideyalarının yaranmasında, başqa biri ümumbəşəri əxlaqi keyfiyyətlərin möhkəmlənməsində, milli özünüdərk prosesinin gücləndirilməsində; azərbaycançılıq, türkçülük və islamçılıq məfkurəsinin formalaşmasında, gələcəyin sağlam nəslinin "fəal vətəndaş" konsepsiyasına qoşulmasında, nəhayət, ən önəmlisi isə milli sərvətimizə çevrilmiş ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin zəngin ideya-mənəvi irsinin üzə çıxarılmasında təzahür edən prioritet istiqamətlərin öyrənilməsidir.

Beləliklə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda milli və ümumbəşəri dəyərlərlə əlaqədar olan konseptual ideyalardan indi milli özünüdərk prosesinin getdikcə dərinləşdiyi bir dövrdə gənc nəslin təlim və tərbiyə prosesində ən qüdrətli vəsilə olaraq istifadə edilməsi ümumxalq və ümumdövlət səviyyəli bir işdir.

Bu müddəaların elmi əsaslarını, nəzəri mühakimələrini, ideya çalarlarını yüksək vətənpərvərlik nümunəsi ilə əxz etmək hər kəs üçün nəcib və şərəfli bir iş sayılmalıdır.  

Vidadi BƏŞİROV,
Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti,

 pedaqogika üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov