Bu
gün əsirlikdə qalan torpaqlarımızın bu çəkidə, bu
böyüklükdə əminliyə ehtiyacı var: "Əgər bir gün günəş
doğmağı, rüzgar əsməyi, zaman keçməyi, mövsümlər
dəyişməyi unudarsa, biz də onda unudarıq səni- Novruz
tonqallarına həsrət Xocalı, Şuşa, Laçın, Xankəndi,
Ağdam, Kəlbəcər... yəni cəmi bir neçə səhifəlik bu
yazıya adlarını sığışdıra bilmədiyim irili- xırdalı
bütün əsir yurd yerlərimiz! Bizi gözləyin! İndi kol-kos
basmış, cığırları itmiş yollar bir gün bizi sizə
qovuşduracaq!
Mən qurbət ellərin baharını görməmişəm. Özgə yerlərin,
qərib diyarların havasına köklənə bilmirəm. İyirmi ildən
artıqdır ki, əsir yurd yerlərimizdə Novruz tonqalları
çatılmır, torpaqdan baş qaldırmaq istəyən körpə
fidanlar güllə səsindən diksinir, didərgin ruhlarımız
bir ziyarətə möhtacdı... Hər Novruz gələndə o
torpaqlara sarı uzanan yolların bir quru kəsəyinə, bir
qara daşına, bir körpəcə otuna, bir qaratikanına
sığınmış bənövşəsinə çevrilmək istərdim... Üzü yurd
yerlərinə yönələcək Böyük Köçü qarşılamaq üçün...
"Yer üzünü qarış-qarış gəzəsən,
Bu torpağa, bu diyara tay olmaz.
Yad ellərin yüz baharı yığılsa,
Yurdumdakı bir bahara tay olmaz".
- ibtidai sinifdə öyrəndiyim bu uşaq mahnısının
sözlərini tam anlamasam da musiqisi xoşuma gəlirdi.
Böyüdüm, vətənin, vətən sevgisinin nə demək olduğunu
daha dərindən dərk etdim. Və mən böyüdükcə uşaq vaxtı
oxuduğum o mahnının sözlərindəki anlam da böyüdü: "Yad
ellərin yüz baharı yığılsa, yurdumdakı bir bahara tay
olmaz".
Xalqımızın ən gözəl milli bayramının- Novruzun ilk
çərşənbəsini yola saldıq. Gəlişi təbiətin, həyatın
oyanmasına köklənən Novruz bayramı haqqında "Dədə
Qorqud" dastanında, Nizaminin "Siyasətnamə"sində,
Xətainin "Bahariyyə"sində, Xəyyamın "Novruznamə"sində
bilgilərə rast gəlirik. Novruz sözü yeni gün, təzə gün
anlamını özündə ehtiva edir.
Novruz bayramı Azərbaycanın dövlətçilik tarixində
XX əsrin əvvəllərində Azərbaycan Demokratik
Respublikası Novruzu ilk dəfə olaraq milli bayram kimi
rəsmiləşdirdi. Sovetlərin hakimiyyətə gəlməsi və milli
hökumətimizin devrilməsi ilə Azərbaycanda milli
bayramların, o cümlədən Novruz bayramının da
keçirilməsi qadağan olundu. Ötən əsrin altmışıncı
illərində Azərbaycan KP MK-nın katibi işləyən Şıxəli
Qurbanov 1967-ci ildə xüsusi qərarla Novruz bayramının
dövlət səviyyəsində keçirilməsinə nail oldu.
Yaşı qədim olsa da Novruz müasir dünyamızla ayaqlaşan,
özündə təbiətlə bərabər insanların da ruhunun oyanışını
əks etdirən bayramdır. Torpaqlarımızda, sərvətlərimizdə
gözü olanlar hər zaman Novruzu qısqanclıqla
qarşılayıblar.
Müstəqilliyimiz ikinci dəfə bərpa edildikdən sonra bir
çox milli adət-ənənələrimiz, bayramlarımız yenidən öz
azadlığına qovuşdu. Novruz bayramının qeyd edilməsi
rəsmiləşdirildi. Ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycanda hakimiyyətə gəlişi ilə milli mənəvi
dəyərlərimiz yüksək inkişaf mərhələsinə qədəm qoydu.
Hər il Novruz şənliklərində, xalqın içərisində görünən,
sadə vətəndaşlarla bayramlaşan ulu öndərin bu bayrama
diqqəti, xüsusi münasibəti hamımızın xatirindədir.
Heydər Əliyevin layiqli davamçısı, hörmətli
Prezidentimiz İlham Əliyev vətəndaşlara və bayram
atributlarına olan qayğıkeş münasibəti ilə bu gün eyni
ənənəni yaşadır.
Heç təsadüfi deyildir ki, 2009-cu ilin sentyabr ayının
30-da Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilib. 2010-cu ilin fevral ayının
23-də BMT Baş Assambleyası tərəfindən keçirilən 64-cü
sessiyada isə 21 mart tarixi "Beynəlxalq Novruz Günü"
kimi elan olunub.
Milli adət-ənənələrimizi yaşadan Novruz
Həm Şərq dövlətlərinin, həm də türk dünyasının möhtəşəm
bayramı olan Novruz Azərbaycanla yanaşı, İranda,
Türkiyədə, Tacikistanda, Türkmənistanda, Özbəkistanda,
Əfqanıstanda, Hindistanda və dünyanın bir çox
ölkələrində qeyd edilir.
Tarixin bütün dönəmlərində Novruzu dinlə bağlayıb onu
müxtəlif məqsədlərlə xalqların milli boxçasından
çıxarmağa çalışanlar tapılsa da, əslində bu bayramda
keçirilən mərasimlərin heç birinin dinə aidiyyəti
yoxdur. Novruzla bağlı adət-ənənələr, oyunlar, tamaşalar
bəşəriyyətə mərhəmət, zəhmət, birlik, mehribanlıq təlqin
edir.
Novruz bayramına bir ay qalmış ardıcıl olaraq dörd
həftənin çərşənbə axşamı və çərşənbə günü su, od, yel
və torpaq çərşənbəsi adı ilə xalq tərəfindən böyük
şadyanalıqla qeyd edilir. Novruz çərşənbələrinin mənası
belə yozulur ki, dünya əvvəlcə başdan-başa Su ilə
örtülü olub, sonra Od, yəni Günəş gəlib suyu
buxarlandırmağa başlayıb. Yel baba prosesi daha da
sürətləndirib, nəticədə Torpaq görünməyə başlayıb. Öz
mərasimləri, öz ayinləri, öz əyləncələri olan hər bir
çərşənbə bayramının tarixi kökləri təbiət hadisələrinə
söykənir.
Fevral ayının son həftəsindəki Su çərşənbəsində
inanclara görə, su mənbələri oyanır, hərəkətə gəlir,
təzələnir.
Su çərşənbəsində durğun suyun üstünə getmək uğursuzluq
sayılar. Bu çərşənbədə insanlar bir-birinin üstünə
narın su çiləyirlər. İnanclarda da, həqiqətdə də su
dirilik, həyat, sağlamlıq mənbəyi, təmizlik, paklıq
rəmzi, əsas həyatverici qüvvədir.
Su çərşənbəsinə aid olan adətlərin, mərasimlərin kökündə
dayanan əsas fikir odur ki, insanın xəlq olunmasında
iştirak edən dörd müqəddəs ünsürün biri sudur.
Kənd yerlərində, qız-gəlinlər sübh tezdən gedib
bulaqlardan gətirdikləri çərşənbə suyundan evin dörd bir
tərəfinə, həyət-bacaya çiləyir, həmin su ilə əl-üzlərini
yuyurlar.
El arasında Od çərşənbəsi, bəzi yerlərdə isə "Üsgü
çərşənbə" və ya "Addı çərşənbə" deyilən ikinci
çərşənbədə qalanan tonqalların üzərindən atılmaqla,
insanlar çirkabları, azar-bezarları sanki, oda atıb
yandırırlar. Elin inancına görə, yanar odun üstünə soyuq
su tökmək, odun qarasına söylənmək günah sayılır.
Üzünü bahara yönəldən Od çərşənbəsində günəş yavaş-yavaş
torpağı hənirləndirir, onu yoxdan var etməyə, yəni
toxumdan bar verməyə hazırlayır.
Bizim rayonumuz dağ ətəyində yerləşdiyindən axşamlar
həyətimizdən dağ kəndlərinin işıqları görünərdi. Novruz
bayramında o kəndlərin camaatı hündür təpələrdə bayram
tonqalları qalayardılar. O tonqalların ərşə ucalan
şölələri göz yaddaşımda qalan ən şirin xatirəmdir.
Yel çərşənbəsi mart ayının ikinci həftəsinə düşür. Bəzi
bölgələrimizdə külək əsməyə başlayanda camaatın
ehtiramla "Yel babamız gəldi" deməsinin dəfələrlə şahidi
olmuşam. Mifologiyamızda yel, külək, hava möcüzəli bir
təbiət hadisəsi, ilahi bir qüvvə kimi təqdim edilir.
"Yel baba" ilə bağlı "Yel olmasa, sel olmaz", "Yel
eləyəni fələk eləyə bilməz" qəbildən olan inanclı
fikirləri bu gün də eşidirik. Yel baba əsməsə, kənd
yerlərində xırmandan məhsulu anbara daşımazlar.
Novruza qədərki axırıncı çərşənbəyə "Torpaq çərşənbəsi",
"Yer çərşənbəsi", bəzən də "İlaxır çərşənbə" deyirlər.
Torpaq müqəddəslik rəmzi, yurd, vətən, el-oba anlamı
daşıyır. Yazın gəlişi ilə bütün aləm sanki yenidən
oyanıb canlanır, dirilik tapır, havalar isindikcə günlər
də tədricən uzanır.
Növbəti oyanışa köklənmiş bütün təbiət bu mövsümdə
baharın gəlişindən xəbər verir. İndi də bir çox
bölgələrdə ilk yaz əkininə məhz torpaq çərşənbəsi
günündə başlayırlar.
Bu çərşənbədə hamı bir-biri ilə bayram sevincini
paylaşır, ən yaxşı sözlər, ən xoş arzular dilə
gətirilir, küsülülər kini-küdurəti unudub bir-biri ilə
barışır.
Axırıncı çərşənbədə və Novruz axşamında evlərin,
həyət-bacaların hər tərəfinə uzun dəstəkli məşəllər
sancılır. Çatılan tonqalların şölələri gecə göy üzündə
sirli və cəlbedici gözəllik yaradır. İnanclara görə,
hər ailə yeddi yerdə ocaq qalamalı, ailənin hər bir üzvü
ya yeddi tonqalın hər birinin üzərindən bir dəfə, ya da
bir tonqalın üzərindən yeddi dəfə o tərəf-bu tərəfə
keçməlidir.
İnsanlar dünyadan köçən doğmalarının məzarlarını
axırıncı çərşənbədə ziyarət edir, onların ruhlarına
rəhmət diləyirlər. Evin ağbirçəyi bayram xörəyi
hazırlanan qazana duz atanda "Bu qazanı ocağımda gözü
olanlarımın adına asıram"-deyir.
İlaxır çərşənbədə süfrələrə aş, paxlava, şəkərbura,
şirinçörək, şorqoğalı, badambura, qovurğa, qurudulmuş
meyvələr, xurma, badam, püstə, qoz, fındıq düzülür.
Çərşənbə və Novruz təntənələrində övladlar yaşlı
valideynlərinə, kiçiklər böyüklərə, qohumlar, qonşular
bir-birinə baş çəkir. Hər kəs qonaq getdiyi evə əlində
bayram sovqatı aparır.
İnanclara görə, bayramda ailənin hər bir üzvünün adına
yumurta boyanmalı, şam yandırılmalı, kiçik güzgülər
qoyulmalıdır. Bunların yozumu belədir: Şam insanları
bədnəzərdən qoruyur. Güzgü müqəddəs günəş şüalarını
özündə əks etdirir. Yumurta isə bədlik gətirən hər
şeydən imtina etməyə işarədir.
Səməni qoyulmayan süfrəni Novruz süfrəsi hesab etməzlər.
Novruzda səməni göyərtmək məhsuldarlıq, bərəkət
rəmzidir. Bayramdan bir neçə gün sonra səməni axar suya
axıdılır.
Adı "S" hərfi ilə başlanan yeddi adda nemət - səməni,
su, sarıkök, sumaq, süd, süzmə, səbzi - səməni halvası,
rəngbərəng boyanmış yumurtalar, al-əlvan şamlar,
şəkərbura, paxlava, quru meyvələr Novruz süfrəsinin
bəzəyidir.
Hər kəs bayram axşamını və bayramın ilk gününü öz
evində, öz ailə üzvlərinin yanında keçirməli, öz
çırağını yandırmalıdır. Qohum-əqrəbasına, doğmalarına,
yaxınlarına baş çəkməyə gedənlər də elə həmin gün öz
evinə, öz ocağına qayıtmalıdır. Hər ailə öz bayram
süfrəsinin başına yığışmalıdır. Deyirlər ki, bu
inanclara əməl etməyənlərə yeddi il öz ocağında Novruzu
qarşılamaq qismət olmaz. Qürbətdə yaşayanlar, uzaq
səfərdə olanlar, hərbi xidmətdə vətən keşiyini çəkən
igidlər doğmalarına olan ürək sözlərini neçə gün
əvvəldən yazırlar ki, məktublar öz sahibinə, ünvanına
məhz bayram günü çatsın. Min illərdir, Novruzdakı
ritualların, mərasimlərin hamısı sanki, elmi
hesablamalarla, dəqiqliklə tənzimlənir.
Novruz bayramından sonrakı ilk dörd gündə təbiət hər
gün bir dona düşür. Bayramın ertəsi gününü yaza, ondan
sonrakı günü yaya, üçüncü günü payıza, dördüncü günü isə
qış gününə bənzədirlər. Xalq oyunları, nağıllar,
hekayələr, dastanlar, lətifələr, hətta yumorlu
məsxərələr də Novruzun bayram çələngidir.
Əziz soydaşlarım! Qarşılayın, haçaquyruq qaranquşların
qanadında bahar müjdəli Novruz gəlir planetimizə,
yurdumuza, ocağımıza... Üzlərə təbəssüm, insanlara
mehribanlıq, dünyaya barış, torpağa bərəkət, cəmiyyətə
xoş ovqat gətirən Novruz bayramımız Mübarək!
Kaş ki, 2014-cü ilin Novruzunun ayağı sayalı olsun,
torpaqlarımızı yad tapdağından xilas edə bilib laləzara
çevirək. Və kaş ki, heç bir arzumuz gələn Novruzda "Kaş
ki..." diləyinə sığınmasın.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
Qeyd:
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"
|