Müasir
dövrümüzdə hamımız bir reallığın şahidiyik: dünya
sürətlə dəyişir, inkişaf edir. Böyük şairimiz Səməd
Vurğunun nəsillərin bir-birini əvəz etməsi anlamında
işlətdiyi "Dünən ömür sürən bu gün can verir" ifadəsi bu
gün dünyada baş verən dəyişmə və inkişafın nəticəsini
çox sərrast ifadə edir": dünənki elmi biliklər,
texnologiya bu gün köhnəlmiş sayılır, bu gün malik
olduğumuz informasiya isə sabah yararlı olmaya da
bilər. Dünyada gedən tərəqqi proseslərinin əsasında,
şübhəsiz, elm və təhsilin inkişafı, təhsilin məhsuldar
qüvvəyə çevrilməsi durur. Buna görə də dünyanın inkişaf
tempi ilə ayaqlaşmaq üçün ilk növbədə elm və təhsilin
yenilənməsi təmin edilməlidir.
Bu həqiqət ölkəmizdə də aydın dərk olunduğundan son
illər təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi
dövlət siyasətinin prioritetinə çevrilmişdir. Ulu öndər
Heydər Əliyevin ideya müəllifliyi və təşkilatçılığı ilə
təxminən 15 il öncə başlamış təhsil islahatları möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə,
dövrün əsas təhsil çağırışları, innovasiyaları nəzərə
alınıb müvafiq korrektələr aparılmaqla davam etdirilir.
Aparılan islahatların əsas hədəfini isə cənab
Prezidentin çox müdrikliklə və yığcam şəkildə ifadə
etdiyi "maddi kapitalın insan kapitalına çevrilməsi"
təşkil edir. Son illər bu hədəfə çatmaq yolunda bir sıra
ciddi addımlar atılmış, müəyyən uğurlar əldə olunmuşdur.
Lakin inkişafın sürəti əldə olunanlarla kifayətlənməməyi
tələb edir. Eyni zamanda ölkəmizdə gedən sürətli
modernləşmə, ənənəvi iqtisadiyyatın öz yerini "biliklər
iqtisadiyyatı"na verməsi bu proseslərdə həlledici rol
oynayan təhsilin davamlı inkişafını və keyfiyyətinin
yüksəldilməsini zərurətə çevirir. Azərbaycan
Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli
sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası" da məhz bu
zərurətdən meydana gəlmişdir. Azərbaycan təhsilinin XXI
əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə
ehtiva edən strategiyada təhsil sahəsində aparılacaq
islahatlar üçün 5 strateji istiqamət
müəyyənləşdirilmişdir ki, onlardan da biri insan
resurslarının müasirləşdirilməsidir. Bu istiqamət öz
ixtisası üzrə yüksək nəzəri hazırlığa və metodik
biliklərə malik, müasir, innovativ təlim metodları və
texnologiyalarından səmərəli istifadə etməklə təhsilin
məzmununun mənimsənilməsini təmin edən səriştəli
təhsilverənlərin formalaşdırılmasına xidmət edir.
Strategiyada müəllim hazırlığına xüsusi yanaşma və onun
ölkədə təhsil sahəsində aparılacaq islahatların ən vacib
istiqamətlərindən biri kimi götürülməsi, şübhəsiz,
müəllimin təhsildə, eləcə də cəmiyyət həyatında
oynadığı böyük rolla bağlıdır. İndi belə bir həqiqət
hamı tərəfindən qəbul olunur ki, nə qədər yüksək
səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə
imkanları olsa da, keyfiyyətli müəllim olmadan təhsili
inkişaf etdirmək mümkün deyildir.
Bu gün məktəblərimizdə öz peşəsinin vurğunu olan, yüksək
peşəkarlığı, səriştəsi ilə fərqlənən, müəllim nüfuzunu
uca tutan, müasir təlim metodlarını öz fəaliyyətində
uğurla tətbiq edən müəllimlər çoxdur. Lakin
elmi-metodiki hazırlığı, səriştəsi az, məktəbdən,
şagirddən ruhən uzaq olan, yeniliklərə biganə müəllimlər
də az deyil. Ona görə də strategiyada təhsil sisteminin
bütün pillələrində müəllimlərin bilik, bacarıq və
peşəkarlıq qabiliyyətlərinin müasir tələblərə uyğun
yüksəldilməsi, müəllim fəaliyyətinin keyfiyyətinin
artırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Sənəddə həmin vəzifəni reallaşdırmaq üçün nəzərdə
tutulan çoxsaylı strateji hədəf və tədbirlərdən biri də
müəllim hazırlığı sistemində internatura modelinin
tətbiq olunmasıdır.
İnternatura modelinə keçid Dövlət Strategiyasında öz
əksini tapmış ən mühüm yeniliklərdən biri olub müəllim
hazırlığında xüsusi əhəmiyyətə malikdir. Fikrimizcə,
onun tətbiqi nəticəsində son illər məktəb müəllimləri,
xüsusən də gənc kadrlar arasında özünü daha çox büruzə
verən pedaqoji səriştəsizlik, təcrübəsizlik hallarının
aradan qaldırılmasına imkan verər.
Hamıya məlumdur ki, müəllim olmağa hazırlaşan tələbələr
praktik hazırlığı tədris planlarında nəzərdə tutulan
tədris təcrübələri, təcrübə zamanı dedikləri dərslər
vasitəsi ilə əldə edirlər. Son illər aparılan islahatlar
nəticəsində ilkin müəllim hazırlığının
təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa
da bu işdə problemlər, çatışmazlıqlar hələ çoxdur.
İndi tez-tez məktəblərdə belə vəziyyətin şahidi olmaq
mümkündür, universiteti bitirib təhsil müəssisələrinə
gələnlərin əksəriyyəti dərsi təşkil etməkdə, keçməkdə,
sinfi idarə etməkdə, dərs vaxtını səmərəli bölməkdə və
s. məsələlərdə çətinlik çəkirlər. Bu da onu göstərir ki,
onlar oxuduqları ali məktəblərdə bu praktik bacarıq və
vərdişlərə az yiyələnirlər. Bu məqsədlə nəzərdə tutulmuş
pedaqoji praktikanın müddəti azdır və mövcud olanın da
imkanlarından tam yararlanılmır.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin
XIV qurultayındakı məruzəsində çox düzgün olaraq qeyd
edir ki, müəllim hazırlığında başlıca strategiya fənn
biliklərinin mənimsənilməsindən daha çox tələbələrin
peşəyəuyarlığına, pedaqoji ustalığın inkişafına, zəruri
kompetensiyaların formalaşdırılmasına, müasir təlim
metodlarının mənimsənilməsinə yönəldilməlidir.
Bizə elə gəlir ki, tətbiq olunması nəzərdə tutulan
internatura modeli məhz bu məsələləri həll etmək
baxımından ən yaxşı vasitədir. Bu modelin tətbiqi gənc
müəllimdə ilkin praktik peşə bacarıq və vərdişləri
formalaşdırar.
İşə yeni başlayan müəllimlərin məcburi qaydada praktik
təcrübə qazanmağa cəlb olunması dünya ölkələrinin
əksəriyyətində mövcuddur və uğurla tətbiq olunur.
Məsələn, Kanadada müəllim kimi işə düzəlmək üçün iş
stajı tələb olunur. Bu məqsədlə təhsil ocaqlarında
könüllü və təmənnasız olaraq müəllim köməkçisi kimi
çalışıb iş stajı toplamalısan. Yalnız müəyyən staj
topladıqdan sonra müəllim işləməyə icazə verilir.
Birillik məcburi iş stajı bir çox ölkələrin, o cümlədən
də Azərbaycanın tibb təhsilində də tətbiq olunur. Belə
ki, tibb universitetlərinin məzunları hər hansı bir
həkimlik ixtisası üzrə məcburi qaydada ilk
diplomdansonrakı ixtisaslaşma olan internaturaya cəlb
olunurlar. İnternatura dövlət imtahanlarının
verilməsindən sonra müalicə-profilaktika müəssisəsinin
bazasında ali məktəbin müvafiq kafedrasının nəzarəti və
rəhbərliyi altında keçirilir.
İnternatura pedaqoji ali təhsildə yeni məsələ olduğundan
onun təşkilində həm dünyadakı, həm də ölkəmizin tibb
təhsilindəki müvafiq təcrübədən istifadə etmək olar.
Fikrimizcə, ilk növbədə internatura təhsilinin statusu
müəyyənləşdirilməli, onun ali pedaqoji təhsilin məcburi
pilləsi olması dövlət səviyyəsində həll olunmalıdır.
Burada əsas məsələlərdən biri də internatura təhsilinin
forması, müddəti və harada, yəni hansı təhsil
qurumlarında təşkil olunması ilə bağlıdır. Dünyanın bir
çox ölkələrində diplomdansonrakı belə məcburi
stajtoplama ixtisasartırma və ümumtəhsil müəssisələrində
təşkil olunur və müddəti bir ildən üç ilədək arasında
dəyişir. Bizcə, bu məsələlərdə ölkəmizin tibb təhsilində
tətbiq olunan internatura modelini məqbul saymaq olar.
İnternaturanın əsas məqsədi müəllimə praktik biliklər
aşılamaq, onu məktəb mühiti ilə tanış etmək olduğundan
pedaqoji təhsilin bu pilləsinin ya bütün ümumtəhsil
müəssisələrində, ya da bu məqsədlə seçilmiş tədris
ocaqlarında təşkil etmək yaxşı olar. İnternatura əyani
formada təşkil olunmalı, müddəti isə bir il olmalıdır.
Bizcə, internaturanın hansı təhsil pilləsindən sonra
təşkili də müzakirə mövzusu ola bilər. Məlum olduğu
kimi, Bolonya prosesinə qoşulan ölkəmizdə bir çox
təhsil sahələri kimi pedaqoji ali təhsil də iki pillədən
- bakalavriat və magistraturadan ibarətdir. Ümumtəhsil
məktəblərinə üz tutan gənc mütəxəssislər arasında hər
iki pillənin məzunları olur. Lakin bakalavriat pilləsini
bitirənlər əksəriyyət təşkil edir. Bu baxımdan pedaqoji
təhsildə internatura modelinin bakalavriat pilləsindən
sonra tətbiq edilməsi məqsədəuyğundur.
Bir çox mütəxəssislər belə hesab edirlər ki, ali
təhsilin bakalavriat pilləsini bitirən məzunlardan ancaq
müəllim işləmək istəyənlər internaturadan keçməlidirlər.
Bizcə, məsələnin belə qoyuluşu o qədər də məqbul deyil.
Ola bilər ki, məzun ali məktəbi bitirəndən sonra müəllim
işləmək istəməsin. Lakin sonralar fikrini dəyişsin.
Təbii ki, internatura belələri üçün də zəruri olmalıdır.
Ona görə də internaturanın pedaqoji ixtisaslar üzrə
bakalavriat təhsil pilləsini bitirən bütün məzunlar üçün
məcburi olması daha məqsədəuyğundur.
İnternatura təhsilinin tətbiqi ilə bağlı görülməli
işlərdən biri də, bizim fikrimizcə, onun məzmununun
müəyyənləşdirilməsi, bu məzmuna uyğun xüsusi proqramın
(kurikulumların) hazırlanmasıdır. Belə proqram
(kurikulum) hazırlanarkən məzuna qabaqcıl müəllimlərin
təcrübəsini öyrətmək, dərsi təşkil etmək, müəllim-şagird
münasibətlərini düzgün qurmaq, sinif rəhbərliyi və s.
ilə bağlı praktik vərdişlərin aşılanması əsas
götürülməlidir.
İnternatura dövründə gənc mütəxəssisin tədris edəcəyi
fənn üzrə dərs deməsinə şərait yaradılmalı, həftədə bir
neçə saat dərs deməsi təmin olunmalıdır. Bununla
yanaşı, o, məktəbin, təhkim olunduğu müəllimin rəhbərlik
etdiyi sinfin bütün tədbirlərində, məktəb ictimai
təşkilatlarının fəaliyyətində yaxından iştirak
etməlidir.
İnternatura təhsilinin sonunda məzun müəllimlik
sənətinin sirlərinə, müasir təlim metodları və
texnologiyaları ilə işləmək vərdişlərinə nə səviyyədə
yiyələnməsi, bir sözlə, müstəqil fəaliyyətə nə dərəcədə
hazır olması ilə əlaqədar imtahan verməli, ondan uğurla
keçdiyi təqdirdə fəaliyyəti lisenziyalaşdırılmalıdır.
İnternatura modelinin tətbiqində, fikrimizcə, bir sıra
digər məsələlərin də nəzərə alınması faydalı olardı.
Məsələn, müxtəlif yaşlı uşaqlarla işləmək çətin
olduğundan dərs keçmək üçün gənc mütəxəssisə ilk vaxtlar
eyni siniflər (paralel siniflər) təklif olunmalıdır.
Belə siniflərlə işləmək psixoloji baxımdan daha asan
olur.
İnanırıq ki, pedaqoji ali təhsildə diplomdansonrakı
hazırlığın ilk və zəruri pilləsi kimi internatura
modelinin tətbiqi məktəblərə daha hazırlıqlı və
səriştəli müəllimlərin gəlməsinə imkan yaradacaq,
təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə
verəcəkdir.
Yusif ƏLİYEV,
əməkdar jurnalist
"Azərbaycan müəllimi"
Qeyd:
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə
təqdim etmək üçün" |