"Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, eyni
zamanda dil millətin simasını səciyyələndirən amillərdən
biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın
varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.
Bu mənada, dilimizin dövlət dili statusu qazanması,
həqiqətən, qürur gətirən tarixi hadisədir. Bu gün
dilimizin dövlət statuslu dillər arasında olmasına görə
"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi
köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və
bu dildə danışmağımla fəxr edirəm" deyən ümummilli lider
Heydər Əliyevə minnətdar olmalıyıq. Ona görə minnətdar
olmalıyıq ki, ümummilli lider bir zamanlar öz dilində
danışmağı ar bilən kəsləri, hətta rəsmi dairələrdə belə
ana dilində - öz doğma dilində danışmağa məcbur etdi.
Onları başa saldı ki, hər bir kəs əvvəl öz dilini
incəliyinə qədər bilməli, duymalı, sevməli və sevdirməyi
bacarmalıdır". Bu fikirlər Bakıdakı 114 nömrəli tam orta
məktəbdə "Ana dilim, şirin dilim" adlı tədbirdə
şagirdlər tərəfindən səsləndirilib. Tədbir Dövlət
himninin ifa olunmasından sonra müstəqil Azərbaycanın
qurucusu və memarı, ulu öndər Heydər Əliyevin müdrik
kəlamları ilə başlayıb. Aparıcılar Beynəlxalq Ana Dili
Günü və ana dilimizin tarixindən, müqəddəsliyindən
danışıblar.
Ana dilimizin inkişafında, onun dünyada tanınmasında
əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, ulu öndər Heydər
Əliyevin gördüyü işlərdən danışan məktəbin direktoru
Ceyran Novruzova ana dilimizin özəlliyindən də söz
açıb. "Ana dili! Əsrlərdən, nəsillərdən bizə yadigar
qalan, illər ötsə də insanı əzəmətli bir qüvvə ilə özünə
çəkən bir sehr, bir əfsun! Ana dili! Anamızın beşiyimiz
başında bizə lay-lay dediyi həzin bir nəğmə!
Nənələrimizin şirin-şirin nağıl dediyi hikmətli bir söz.
Biz dünyaya göz açanda ilk kəlmələri bu dildə eşitdik.
Tanrı bizə elə gözəl nemət bağışlamışdır ki, bu neməti
uca və əziz tutmaq, onu yaşatmaq hamımızın borcudur".
Şagirdlər ana dilinə həsr olunmuş şeirlərlə, ifa
etdikləri rəqs nömrələri ilə həmin günü unudulmaz
xatirəyə çeviriblər.
Tədbirdə xalq yazıçısı Anarın ssenarisi əsasında
çəkilmiş ikiseriyalı "Dədə Qorqud" filminə müraciət
edilib, filmdən fraqment göstərilib və mahnı
dinlənilib.
Yeni Azərbaycan Partiyasının üzvü Fərman Rəsulov
çıxışında bildirib ki, Azərbaycan dili uzun müddət yad
təsirlərə məruz qalsa da xalqın doğma dilə son dərəcə
qayğıkeş münasibətini, yəni el qaynaqlarına tapınması,
bu keyfiyyəti gələcək nəsillərə çatdırmaq gücünü azalda,
dəyişdirə bilməmişdir. Ana dili uğrunda ziyalılarımız
daim mübarizə aparıb. O, dilimizin inkişaf tarixinin
ardıcıllığını, şagirdlərin sərbəst ifalarını, ayrı-ayrı
səhnəciklərdəki çıxışlarını xüsusi vurğulayıb.
Şagirdlərin təqdim etdiyi "Ana dilim və milli mənliyim"
ədəbi-bədii kompozisiya haqqında dəyərli fikirlər
söyləyib və tədbiri yüksək dəyərləndirib.
Sonda məktəbin direktoru Ceyran Novruzova tədbirin
təşkilatçıları olan müəllimlərə, şagirdlərə və qonaqlara
minnətdarlığını bildirib. Tədbir ulu öndər Heydər
Əliyevin xalq şairi Səməd Vurğunun "Azərbaycan"
şeirindən bir parça söyləməsini əks etdirən videoçarxın
nümayişi ilə başa çatıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |