Qərb Universitetində Tur Heyerdalın 100 illiyinə həsr
olunan silsilə tədbirlərə start verilib.
Məlumat üçün bildirək ki, tanınmış norveçli səyyah,
etnoqraf və alim-antropoloq Tur Heyerdalın həyat və
fəaliyyətinin bir qismi də məhz Azərbaycanla bağlıdır.
Tur Heyerdal dəfələrlə Qobustana və Azərbaycanın digər
məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son
"Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin
köklərinin məhz Azərbaycanda axtarılmasının lazım
gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla
əsaslandırıb. O bildirib ki, "Azərbaycanın hələ kifayət
qədər öyrənilməmiş mədəniyyət və incəsənəti
Mesopotamiyanınkından qədimdir". Məşhur səyyah bu fikri
qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin
təsvirlərlə qədim Skandinaviya xalqlarının və
ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər
olduğunu görüb.
Azərbaycana bir neçə dəfə gələn tanınmış antropoloq Qərb
Universitetinin də qonağı olub. Universitetdə təşkil
olunan görüşdən sonra adıçəkilən ali təhsil ocağı ilə
səyyah arasında səmimi münasibət qurulmuş və hazırda bu
əlaqələr onun ailə üzvləri və Tur Heyerdal muzeyinin
təşkilatçıları ilə davam etdirilir.
2014-cü ildə Tur Heyerdalın 100 illiyinin qeyd olunması
ilə bağlı Qərb Universitetində silsilə tədbirlərin
keçirilməsi planlaşdırılıb. Bu tədbirlər çərçivəsində
fevralın 25-də Qərb Universitetində tələbə və müəllimlər
dünya şöhrətli səyyah, məşhur alim, tədqiqatçı, yazıçı
və antropoloq alim Tur Heyerdala həsr olunan
mühazirələri dinləyiblər.
İlk olaraq "Tur Heyerdalın Odin axtarışları: Azərbaycan
və Skandinaviya arasında qədim əlaqələr" kitabının
redaktorlarından biri Krister Daatland "Tur Heyerdal və
Azərbaycan" mövzusunda mühazirə oxuyub. Qeyd olunub ki,
Tur Heyerdal 1914-cü il oktyabrın 6-da Norveçin
cənubunda kiçik Lavrik şəhərciyində anadan olub. İlk
ekspedisiyası 1937-38-ci illərdə Polineziyaya, Fatu-Hiva
adasına olub. O, 1947-ci ildə Sakit okeanı "Kon-Tiki"
adlı salda keçib. Məhz bu səyahət ona sonralar dünya
şöhrəti gətirib. T.Heyerdal təkcə cəsur dənizçi,
antropoloq alim kimi deyil, həm də bir sıra kitabların
və cəsarətli ideyaların müəllifi kimi dünya tarixində iz
qoyub. Bildirilib ki, məşhur səyyahın həyat və
fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 4 dəfə
Azərbaycanda olan (1982-2000) Tur Heyerdal ölkəmizin
müxtəlif məkanlarına etdiyi ekspedisiyalarından sonra
qeyd edirdi ki, qədim azərbaycanlıların Xəzər dənizində
və Rusiyadakı çaylarda üzməsini əks etdirən
petroqliflərin min il sonra vikinqlərin əcdadlarının
Norveçin fiordlarında tapılmış petroqliflərilə eyni
olması sadəcə bir təsadüf olmaya bilər. Skandinaviyada
iki növ fərqli qayıq petroqlifləri var və onların hər
ikisinə Norveçdə tez-tez rast gəlmək olur. Bunlardan
biri Qobustandakı petroqliflərə çox bənzəyir. Bu, sadə
oraq formasında bir xətdir ki, bu da qayığın gövdəsini
təşkil edir, onun üstündə çəkilmiş şaquli xətlər isə
qayıqdakı insanların və yuxarı qaldırılmış avarların
təsviridir.
Krister Daatland daha sonra tələbə və müəllimlərə Tur
Heyerdalın yazdığı kitablardan, həyata keçirdiyi
layihələrdən bəhs edib, bu məşhur alimin Azərbaycana
bağlılığından ətraflı söz açıb. 4 dəfə Azərbaycanda olan
dünyaca tanınan səyyahın son üç gəlişinin ümummilli
lider Heydər Əliyevin dəvəti ilə gerçəkləşdiyini xüsusi
vurğulayıb.
Digər mühazirəçi "Azerbaijan İnternational" jurnalının
redaktoru, tədqiqatçı Betti Bleyer də tanınmış alimin
fəaliyyəti və yaradıcılığı haqqında danışaraq 1999-cu
ildə Qərb Universitetinin Elmi Şurasının tədqiqat
işləri, xüsusilə də Polineziya adaları ilə bağlı
araşdırmaları ilə dünya irsinə verdiyi töhfələrinə görə
Tur Heyerdala fəxri professor adı verildiyini bildirib.
Fəxri adın təqdimatı zamanı Tur Heyerdalın Qobustanda
və Şəkidə Azərbaycanın qədim tarixi və mədəniyyəti ilə
bağlı apardığı tədqiqat işləri yüksək qiymətləndirilmiş
və onun dünyanın 66 dilinə tərcümə edilmiş "Kon-Tiki"
adlı ilk kitabının əhəmiyyəti xüsusi qeyd olunub. Onun
bu kitabında əks olunan və digər həyata keçirdiyi
ekspedisiyalar 1951-ci ildə "Ən yaxşı sənədli film"
nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb. Tur
Heyerdal 2002-ci ildə vəfat edib. Tur Heyerdalın
gənclərə bir örnək olduğunu deyən xanım Betti Bleyer bu
dünya şöhrətli alimin həyat və fəaliyyətinin digər
məqamlarına da geniş toxunub. O, çıxışının sonunda belə
bir yüksək səviyyədə tədbir təşkil etdiklərinə görə Qərb
Universitetinin rəhbərliyinə, müəllim və tələbə heyətinə
özünün və digər həmkarının adından təşəkkürünü bildirib.
Sonda qonaqlar tələbələri maraqlandıran sualları
cavablandırıblar.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |