Bu
günlərdə "1969" qalereyasında "Da-ART" Təsviri
İncəsənət Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət
işçisi Dilarə Atakişiyevanın yaradıcılıq fəaliyyətinin
40 illiyinə həsr olunmuş "Rəngli həyat" sərgisi açılıb.
Sərginin ekspozisiyasında Dilarə xanımın yetirmələri
olan rəssamların və bugünkü şagirdlərinin rəsm,
qrafika, keramika, kukla və batik əsərləri nümayiş
olunub. Rəssamlar İttifaqının üzvü Dilarə Atakişiyeva
ömrünü bütünlüklə rəssamlıq sənətinə həsr edən
rəngkarlardandır.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar
İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov,
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar
Əliyev, xalq rəssamı Arif Hüseynov çıxış ediblər.
Natiqlərin əksəriyyəti öz nitqlərində bu nüansı
xüsusilə vurğulayıblar ki, Dilarə Atakişiyevanın
fəaliyyəti onun yaxşı rəssam olmağı ilə bitmir, o, həm
də çox bacarıqlı, özünəməxsus fərdi xüsusiyyətləri ilə
seçilən yaxşı bir müəllimdir. Vaxtının çox
hissəsini şagirdlərinə həsr etmək, onlarla işləməkdən
zövq almaq, öyrətdiyi uşaqların istedadını üzə
çıxarmağa nail olmaq Dilarə Atakişiyevanı fərqləndirən
xüsusiyyətlərdəndir.
Eldar Xalıqov - qalereyanın direktoru: " Qalereya
-1969" əməkdar mədəniyyət işçisi Elçin Orucov
tərəfindən təsis edilib. Gördüyünüz bu məkan
qalereyanın nümayiş zalıdır. Bugünkü möhtəşəm sərgi də
Elçin müəllimin təşkilatçılığı ilə baş tutub.
Dilarə xanıma 2013-cü ilin mart ayının 4-də cənab
Prezidentimizin sərəncamı ilə əməkdar mədəniyyət işçisi
fəxri
adı verilib. Dilarə xanım bütün həyatını uşaqlara həsr
edib. Çox gözəl yaradıcı nəsil yetişdirib. O, fitri
istedad sahibi, yüksək yaradıcı zövqə malik bir
qadındır. Bir rəssam kimi o, yeri gələndə öz
yaradıcılığını bir kənara qoyur. Amma gənc nəslə olan
diqqət və qayğısı həmişə birinci plandadır. Biz Dilarə
xanımla həm həmkar, həm də tələbə yoldaşıyıq. Əzim
Əzimzadə adına rəssamlıq məktəbində mən Dilarə xanımdan
bir kurs yuxarıda oxumuşam. Sərginin ekspozisiyasında
nümayiş olunan əsərlər ömrünün 40 ilini rəssamlığın
sirlərini uşaqlara öyrətməyə həsr etmiş Dilarə
Atakişiyevanın illərlə çəkdiyi zəhmətinin, istedadının
bəhrəsi, nəticəsidir. Tanınmış rəssamın şagirdləri
dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq
müsabiqələrdə Azərbaycan mədəniyyətini hər zaman uğurla
təmsil edirlər.
Sərgidə rəsmi qonaqlarla yanaşı, rəssamın
şagirdlərinin valideynləri də öz ürək sözlərini
deyərək, Dilarə Atakişiyevanın ustad-müəllim
fəaliyyətini yüksək dəyərləndirdilər, onu ürəkdən
təbrik edərək yarım əsrə yaxınlaşan yaradıcılıq
ömründə daha möhtəşəm sənət uğurları arzuladılar.
Nigar Əhmədova: Oğlum Cavidan Əhmədov yeddi yaşından bu
günədək Dilarə xanımın rəhbərlik etdiyi "Da-ART"
studiyasında rəssamlığın sirlərini öyrənir. 2013-cü
ildə Yaponiyada təşkil olunan sərgidən Azərbaycandan 2
məktəbli rəssam qızıl medalla qayıtdı. Onlardan biri
bizim Cavidan idi. Mən bir valideyn kimi oğlumun
uğurlarına görə Dilarə xanıma təşəkkür edirəm. Bugünkü
yaradıcılıq sərgisi Dilarə xanımın bir rəssam kimi
nələrə qadir olduğunun əyani nümayişidir.
Dilarə xanım da öz çıxışında sərgisinin açıldığı bu
günün bir bayram olduğunu söyləyərək iştirakçılara və
bu işin təşkilinə dəstək olanlara öz dərin
minnətdarlığını bildirdi:
- "Da-ART" təsviri incəsənət mərkəzində artıq 13 ildir
ki, rəssamlıq sənətinin sirlərini qabiliyyəti olan
uşaqlara və bacarığı, həvəsi olan böyük yaşlı
insanlara öyrədirik. Bu mərkəzdə qrafika və
kompozisiya ilə yanaşı, gil və müxtəlif materiallardan
kukla hazırlanması da öyrədilir. Bugünkü sərgidə həm
özümün, həm də "Da-ART" mərkəzindəki tələbələrimin əl
işləri nümayiş etdirilir.
Mən tələbələrimlə məşğul olarkən çalışıram ki, uşaqlar
özlərini evdəki kimi hiss etsinlər. Mərkəzdə elə mühit
yaratmışıq ki, uşaqlar burada çay içir, yemək yeyir,
musiqi dinləyir, öz ideyalarını bölüşür və ya... rəsm
çəkmək istəməyəndə çəkmirlər. Bizim kukla ustalarımız
Bakı, Moskva, Koreya, Yaponiyada keçirilən beynəlxalq
sərgilərdə iştirak ediblər.
Uşaq yaşlarından bizim mərkəzdə məşğul olan
tələbələrimin əksəriyyəti Rəssamlıq Akademiyasını
bitirib və Rəssamlar İttifaqının üzvüdür. Bugünkü
sərgidə artıq peşəkar rəssam kimi onların da əl işləri
nümayiş etdirilir. Onların çəkdiyi rəsmlər müxtəlif
xarici ölkələrdə keçirilən bir çox sərgilərdə iştirak
edib, nüfuzlu mükafatlara layiq görülüblər.
Rəssamların həyata, dünyaya öz baxışları olur.
Rəssamlar hər şeydə bir məna, bir gözəllik axtarırlar.
Rəssamlıq özünüifadə deməkdir. Rəsm çəkən, rəssamlığı
bacaran, rəsmi sevən insan dünyanı hamı kimi yox, öz
düşüncələrindəki kimi görür.
Biz uşaqlara rəssamlığın əlifbasından - əl
hərəkətlərindən tutmuş, fırça tutmağadək hər bir
başlanğıc məqamları öyrədirik. Zaqafqaziyada ən yaxşı
rəssamlıq məktəbi Azərbaycanda olub. Azəri uşaqlarının
rənglər duyğusu bir Allah vergisidir. |