Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Xocalı faciəsinin 22-ci ildönümü təhsil müəssisələrində qeyd olunub

 

Fevral 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan "Xocalı soyqırımı: ədalət harayında" adlı elmi-praktik konfrans keçirilib. Tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətmələrindən danışıb.

Çıxış üçün söz alan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, həmin İctimai Birliyin Əlaqələndirmə Şurasının koordinatoru Orxan Əkbərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata keçirdikləri məkrli planlardan danışıblar.

***

 Fevralın 24-də Bakı Dövlət Universiteti hüquq fakültəsinin  insan hüquqları kafedrasının  ilk layihəsi olan  "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi və siyasi təhlil " adlı beynəlxalq "dəyirmi masa" keçirilib. Tədbiri giriş sözü ilə açan  rektor, akademik Abel Məhərrəmov  Xocalı soyqırımı haqqında danışıb.  Bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti törədib.  7 min nəfərədək əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilib, dinc  əhali vəhşicəsinə qətlə yetirilib. Rektor deyib ki, ulu öndər  Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. 

Sonra deputat Rəbiyyət Aslanova,  hüquq fakültəsinin dekanı Əmir Əliyev,  Krakov Universitetinin professoru Aleksandr Merejko  və siyasi elmlər üzrə elmlər doktoru Ramiz Sevdimalıyev çıxış ediblər. "Dəyirmi masa"da "Beynəlxalq hüquq və inteqrasiya problemləri" adlı elmi-analitik və praktiki jurnalın xüsusi buraxılışının təqdimatı da olub.

***

25 fevral 2014-cü il tarixdə Mədəniyyət və İncəsənət Universiteti və "Hicaz Production"ın təşkilatçılığı, YUĞ Dövlət Teatrının ev sahibliyi, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi şagirdlərinin iştirakı ilə Xocalı  faciəsinə  həsr olunmuş "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsi keçirildi.

Müsabiqədə 20 nəfər şagird növbə ilə görkəmli şairlərimizin Vətənə aid şeirlərini səsləndirdi. Daha sonra tanınmış sənət ustalarından ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir oxuyan şagirdləri 10 ballıq sistemlə qiymətləndirərək ilk üçlüyü müəyyən etdilər. I yerə M.Arazın "Məndən ötdü" şeiriylə VII sinif şagirdi Günəş Əliyeva, II yerə B.Vahabzadənin "Ana dilim" şeiriylə V sinif şagirdi Röya İsayeva, III yerə isə Ə.Ziyatayın "Azərbaycanım mənim" şeiriylə VII sinif şagirdi Leylaxanım Atakişiyeva layiq görüldülər.  Həmçinin üç nəfər (Sevinc Hüseynova - VII sinif şagirdi, Şəms Rəsulzadə - VIII sinif şagirdi, Nigar Tanrıverdiyeva - VI sinif şagirdi) fərqlənmə diplomları ilə təltif olundular.

***

Azərbaycan Müəllimlər İnstitutunda fevralın 25-də keçirilmiş "dəyirmi masa"nı institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirdirini qeyd edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini işğal edərək Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirdiyi vurğulanıb.

Tədbirdə tələbələrin ifasında soyqırımına həsr olunmuş bədii kompozisiya səsləndirilib, ermənilərin azərbaycanlılara qarşı tördətdikləri terror hadisələrinə həsr olunmuş təqdimat və videoçarx nümayiş olunub.

Tədbirlərin davamı olaraq AMİ-nin rektoru, professor A.Naxçıvanlının rəhbərliyi ilə institutun professor-müəllim heyəti və tələbələri Azərbacyan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Xəcalət" tamaşasına baxıblar.

***

Fevralın 26-da Qazax Rayon İcra Hakimiyyəti, AMİ-nin Qazax filialı və AMİ-nin Qazax TGT-nin təşkilatçılığı ilə Qazax Rayon Gənclər Mərkəzinin akt zalında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş "Xocalı şəhid şəhər" adlı anım tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru, dosent Afaq Qasımova açaraq Xocalı faciəsinin soyqırımı kimi tanınmasında dövlətimizin apardığı uğurlu siyasətdən danışdı və dünya miqyasında soyqırıma verilən hüquqi-siyasi qiymət haqqında məlumat verdi.

Qazax Rayon İcra Hakimiyyəti başçısının  humanitar məsələlər üzrə müavini Gülayə Həsənova Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərək belə bir genişmiqyaslı tədbir təşkil etdiyinə görə AMİ-nin Qazax filialının direktoru Afaq Qasımova başda olmaqla müəllim kollektivinə, Tələbə Gənclər Təşkilatına, tələbələrə təşəkkürünü bildirdi. Sonda Qazax Dövlət Dram Teatrında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun "Xəcalət" dramı göstərildi.

***

Naxçıvan Özəl Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış edərək bildirmişdir ki,  Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur erməni millətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi olmuşdur.

Konfransda humanitar elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov, mətbuat xidmətinin rəhbəri Nuray Əsgərova çıxış edərək faciənin əsl mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişlər.

***

Fevralın 22-də Şuşa Humanitar Kollecində Xocalı faciəsinə həsr olunmuş anım günü keçirildi. Təhsil müəssisəsinin foyesində Xocalı soyqırımını, eləcə də ermənilərin Qarabağda törətdikləri vəhşilikləri əks etdirən tələbələrin əl işlərindən ibarət rəsm sərgisi hazırlanmışdı.

Tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova anım mərasimini açdıqdan sonra ailə və ev təhsili ixtisasının tələbəsi Xəyalə Əmirxanova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri olan Xocalı faciəsi haqqında məruzə etdi.

Daha sonra tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olundu.

Sonda çıxış edən kollecin direktoru Rəsul İsmayılov Xocalı faciəsinin heç zaman unudulmamasının zəruriliyini vurğuladı.

***

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Bakıdakı 28 nömrəli tam orta məktəbdə keçirilən anım mərasimi "Haray, Xocalı, haray" adlanırdı. Bütün siniflərdən olan istedadlı şagirdlərin öz müəllimləri ilə hazırladıqları bir-birindən təsirli kompozisiyaların hərəsi, həqiqətən də faciə haqqında bir haray idi.

Tədbiri açan məktəbin direktoru Mehriban Əlizadə heç vaxt yaddaşlardan silinməyəcək faciənin hər il bu tədris ocağında xüsusi  anım tədbiri ilə qeyd olunduğunu, bu il də ənənəyə sadiq qaldıqlarını, şagird və müəllimlərin iştirakı ilə kompozisiyalar hazırlandığını söylədi. 

Aşağı sinif şagirdlərinin bir qrupu şəhidlərə həsr olunmuş şeir ifa etdilər. "Laylay, Xocalım, laylay" ağısının kədərli notları salona yayıldı. Aparıcılar faciə haqqında danışdılar. Onların səsində misli-bərabəri olmayan bu soyqırımının baiskarlarına - erməni faşistlərinə, onlara ağır texnika ilə dəstək vermiş rusların 366-cı motoatıcı alayının əsgərlərinə nifrət duyulurdu.

***

Bakıdakı A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə fevralın 26-da "Xocalı faciəsini unutmuruq" mövzusunda anım tədbiri keçirilib. Şəhidlərin ruhuna dualar oxunub. Tədbiri məktəbin direktoru Nəsimi Abbasov açaraq faciə barədə geniş məlumat verib. O, Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Xocalı faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar təsdiq olunmuş plan əsasında məktəbdə silsilə tədbirlər keçirilib, bu çərçivədə şeir, qiraət, inşa, referat, rəsm, divar qəzetləri və şagirdlərin əl işlərindən ibarət müsabiqələr, sərgilər  təşkil olunub.

Aparıcılar İsa Quliyev, Nuranə İsayeva, Fidan Rəsulova hazırlanmış ssenarinin iştirakçılara çatdırılmasında fəallıq göstəriblər.

Tədbirin sonunda xocalıların qisasını almağa çağıran müraciət səslənib.

***

Paytaxtdakı 44 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək rəhbəri Vəfa Həşimova fevralın 21-də "Xocalı adlı bir elim var!" adlı ədəbi-bədii kompozisiya keçirdi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ müharibəsinin veteranı, polis mayoru, şairə Aidə Şirinova, Xocalı sakinləri, 164, 152, 44 nömrəli məktəblərin şagirdləri iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıldı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra aparıcı faciə haqqında geniş məlumat verərək həmin gecə 613 nəfərin şəhid olduğunu, 1275 nəfərin əsir götürüldüyünü bildirdi. Məktəbdə fəaliyyət göstərən "Dram" dərnəyinin üzvləri 22 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşilikləri "Xocalı fəryadı" və "Metroda bir qadın dilənirdi"  adlı ədəbi-bədii kompozisiyalar vasitəsilə tədbir iştirakçılarına çatdırdılar.

***

Xocalı faciəsinin 22-ci ildönümü Bakı Humanitar Kollecində də geniş qeyd olunub. Bu məqsədlə fevralın 25-də kollecin  akt zalında "Xocalı fəryadı, ana naləsi" adlı  anım mərasimi keçirilib.  Tədbirdə kollecin kollektivi ilə yanaşı, Xocalıda erməni caniləri tərəfindən yaxınlarını itirmiş, həmin müsibətləri gözləri ilə görmüş, əsirlikdə olmuş Xocalı sakinləri də iştirak ediblər.

Anım mərasimində kollecin müəllimi Dəvəli Məhəmməd Zülfiyənin  faciənin bütün dəhşətlərini, erməni qəsbkarlarının vəhşiliklərini, amansızlığını əks etdirən və mərasimin hər bir iştirakçısında düşmənə qarşı güclü nifrət və qəzəb hissi oyadan təsirli ədəbi-bədii kompozisiya göstərilib.

Hadisələrin iştirakçısı olmuş, Xocalı Soyqırımı Tanıtım İctimai Birliyinin sədri Ayna Novruzova  ermənilərin zülmünə məruz qalmış, həmin dəhşətli gecədə olmazın müsibətlər çəkmiş insanların acı xatirələrindən danışıb.

Tədbirin sonunda ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin Xocalıya həsr olunmuş "Xoca" filmi nümayiş olunub. 

***

Bakıdakı  158 nömrəli  tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xuraman Əliyeva 5-ci "d" sinfində "açıq dərs" keçdi. Məqsədi və məzmunu etibarilə  ənənəvi dərslərdən  fərqli olan, dərs boyu psixoloji gərginlik yaşadan və emosional xarakter daşıyan bu dərs xalqımızın yaddaşında qaysaqlanmış yaraya çevrilən, Vətən, torpaq sevgisilə döyünən ürəkləri sızıldadan  Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuşdu. Təcrübəli müəllim Xuraman Əliyeva dərsə kövrək notlarla başladı və öz çıxışını ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında söylədiyi bu fikirlərlə  tamamladı: "Xocalı faciəsi Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin davamıdır.  Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan  bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Şagirdlər Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş "Sağalmaz yara" videoçarxına həyəcanla tamaşa etdilər.

***

Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına müvafiq olaraq rayonun bütün ümumi təhsil və məktəbdənkənar müəssisələrində soyqırımına həsr edilmiş tədbirlər keçirilmişdir. Təhsil şöbəsi və məktəblərdə  "dəyirmi masa"lar, ədəbi-bədii kompozisiyalar, rəsm və kitab sərgiləri təşkil edilmiş, sinif divar qəzetlərində materiallar verilmiş, şagirdlərlə ətraflı söhbətlər aparılmışdır. Rayon məktəblərində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr olunmuş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

***

Fevralin 25-də Sumqayıt şəhərində fəaliyyət göstərən Laçın rayon Güləbird kənd tam orta məktəbində Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə məcburi köçkün həyatı yaşayan uşaqlar, onların müəllimləri və valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Güləbird kənd tam orta məktəbinin direktoru, əməkdar müəllim Tapdıq Abbasov açıb. O qeyd edib ki, Xocalı qətliamının 22-ci ildönümü ilə bağlı rəhbərlik etdiyi məktəbdə "Xocalı guşəsi" yaradılıb, orada faciənin acı nəticələrini özündə əks etdirən rəsm plakatları, statistik məlumatlar və sənədlər yerləşdirilib. Həmçinin məktəbin yuxarı sinif şagirdləri arasında soyqırımla bağlı inşa müsabiqəsi təşkil olunub,  məktəblilərin əl işlərindən ibarət  sərgi nümayiş etdirilib. 

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov