Fevralın 25-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Xocalı faciəsinin 22-ci
ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə
tədbir iştirakçıları anım gününə həsr olunmuş fotosərgi
ilə tanış oldular. Tədbirin əvvəlində Xocalı faciəsinə
dair film nümayiş etdirildi. Sonra faciə qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İnstitutun professor-müəllim heyətinin, ictimaiyyət
nümayəndələrinin, müdavim və tələbələrin, həmçinin KİV
nümayəndələrinin də iştirak etdikləri tədbirdə rektor,
professor Asəf Zamanov çıxış edərək bildirdi ki, Xocalı
soyqırımı nəinki xalqımıza və dövlətimizə, ümumilikdə
bəşəriyyətə qarşı misli görünməmiş bir cinayətdir.
Təəssüflər olsun ki, ermənilər tərəfindən
azərbaycanlılara qarşı törədilən etnik təmizləmə
əməliyyatları sovet hakimiyyəti dövründə də davam
etdirilmişdir. Belə ki, 1947-1953-cü illərdə 100 mindən
çox, 1988-ci ildə isə 200 minə yaxın azərbaycanlı
Ermənistan adlanan tarixi torpaqlarımızdan deportasiya
olunmuşdur.
Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və Qarabağ
ətrafındakı 7 rayon Ermənistan ordusunun işğalı
altındadır. Həmin ərazilərimizdə yaşayan 800 minə yaxın
azərbaycanlı deportasiya edilmiş, 20 min nəfər
öldürülmüş, 50 mindən çox insan yaralanmış, əlil olmuş,
itkin düşmüşdür.
Bu faciələrin ardınca Xocalı soyqırımı törədildi.
1992-ci il fevralında 26-da bir gecənin içində 7000-ə
yaxın əhalisi olan Xocalı şəhəri oda qalandı. 613 nəfər
azərbaycanlı vəhşicəsinə qətlə yetirlidi, 2000-dən çox
insan yaralandı, onlardan 1000 nəfəri ömürlük şikəst
oldu, 1250 nəfər insan əsir götürülərək işgəncələrə
məruz qaldı. 150 nəfərin taleyi hələ də məlum deyil.
Beləliklə, Xocalı faciəsini törətməklə insanlığa
yaraşmayan vəhşiliklərə imza atan, köməksiz, əliyalın
insanlara silah qaldıran ermənilər məkrli babalarının
yolu ilə gedərək, vəhşi xislətlərini büruzə verib, tarix
boyu türk qanına susadıqlarını bir daha sübut etdilər.
Asəf Zamanov çıxışında onu da qeyd etdi ki, Xocalı
soyqırımı kimi dünyanı lərzəyə salan hərbi aksiyanın
müəllifləri hələ də öz layiqli cəzalarını almayıblar.
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə
gəldikdən sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət
verildi. Bu gün də bu siyasət ölkəmizin başçısı,
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilir, Xocalı faciəsinin soyqırımı kimi
tanınması üçün bütün imkanlar səfərbər edilir. Hazırda
həm Azərbaycanda, həm də dünyanın aparıcı ölkələrində
"Xocalıya ədalət!.." kampaniyası çərçivəsində bir çox
tədbirlər həyata keçirilir və erməni vəhşiliyi bütün
dünyaya çatdırılır. İnanırıq ki, dünya ictimaiyyəti
haqq səsimizi eşidəcək və əsl cinayətkarlar öz cəzasını
alacaqlar.
Tədbirdə Qarabağ müharibəsi veteranı, tanınmış
teleoperator Seyidağa Mövsümlü "Xocalı jurnalistlərin
gözü ilə", Dünya Azərbaycanlılarının Həmrəyliyi
Cəmiyyətinin prezidenti Tofiq Əlizadə "Xocalı soyqırımı
dünya müstəvisində", institutun Azərbaycan dili və
ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri
doktoru Aydın Paşayev "Xocalı faciəsi Azərbaycan
ədəbiyyatında", institutun Gənclər Təşkilatının sədri
Tural Quliyev "Xocalı harayı - gənclərin səsi"
mövzularında məruzə etdilər. Həmçinin anım günü ilə
bağlı digər çıxış edənlər də oldu.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |