Təhsil Problemləri İnstitutunda Xocalı soyqırımının
22-ci ildönümü ilə əlaqədar fevralın 21-də yığıncaq
keçirildi. Tədbirdə institutun direktoru Qulu Novruzov
çıxış edərək xalqımızın taleyində 22 illik ağrılı iz
qoyan Xocalı soyqırımının tarixi dəhşətlərini
xatırlatdı, bu faciədə 613 soydaşımızın vəhşiliklə və
amansızlıqla qətlə yetirilməsindən, eyni zamanda 1275
nəfərin əsir düşməsi və 8 ailənin tamamilə məhv
edilməsindən ürəkağrısı ilə bəhs etdi. Xocalı
soyqırımının ideoloji köklərinə toxunaraq onun sadəcə
Azərbaycan xalqına deyil, bütövlükdə türk soyuna
yönəlmiş bir qətliam olduğunu nəzərə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Xocalı soyqırımının bütün dünyada tanınması
istiqamətində apardığı siyasətdən danışdı. Tədbirdə
Ənvər Abbasov, Piralı Əliyev, Ənvər Əhməd, Adilə
Nəzərova, Vidadi Xəlilov və Natiq Axundov çıxış edərək
Xocalı soyqırımının dəhşətlərinin xalqımızın qan
yaddaşından silinməyəcəyini, onun bizim üçün hər zaman
ağrılı bir nöqtə olduğunu bildirdilər. Xocalı
soyqırımında şəhid olanların ruhuna rəhmət dilədilər.
Şəfa KAZIMOVA,
TPİ-nin Kurikulum Mərkəzinin böyük elmi işçisi |