Təhsil
Nazirliyinin tabeliyindəki İ.Hacıyev adına "Tərəqqi"
texniki-humanitar liseyində Xocalı soyqırımının 22-ci
il dönümü ilə bağlı bir neçə gün davam edən tədbirlər
silsiləsindən növbəti tədbir fevralın 25-də keçirildi.
Müəllim və şagirdlərlə yanaşı valideynlərin də iştirak
etdikləri anım mərasimində liseyin istedadlı və ictimai
fəal şagirdlərindən Nərmin Əfəndizadə, Rövşən
Süleymanov, Bilgeyis Axundova, Mirhüseyn Qasımov, Lalə
Süleymanova, Fatimə Məsimli, Xəyal Mustafazadə, Fidan
Sultanlı, Zülfi Rəhmanov, Zərnigar Nəbiyeva və Solmaz
Rzayeva ürəkləri riqqətə gətirən ədəbi-bədii
kompozisiya nümayiş etdirdilər. Himnimizin ifasından
sonra ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı
qurbanlarının xatirəsini yad etməklə bağli 1997-ci il
25 fevral tarixli sərəncamı xatırladıldı və ekranda
nümayiş olundu. Sükut dəqiqəsi elan edildi. Sonra Xocalı
hadisələri haqqında xarici mətbuatın yazdıqları diqqətə
çatdırıldı. Şagirdlərdən bir neçəsi Xocalı faciəsi, onun
başvermə səbəbləri, erməni cəlladlarnın azğınlıqları,
vəhşilikləri haqqında danışdı, faciənin kədərli
statistikası təqdim olundu. Xocalı qurbanlarının
xatirəsinə, Xocalıya, onun mərd
mübarizlərinə-müdafiəçilərinə həsr olunmuş, Vətən
sevgisini tərənnüm edən şeirlər, mahnılar ifa olundu.
Zərnigar Nəbiyevanın sazda həzin ifası hamını kövrəltdi,
Rövşən və Zülfünün gitara çala-çala oxuduqları "İgid
əsgər", "Torpağın səsi" mahnı-marşları isə hər kəsin
qəlbində vətənə sevgi, düşmənə nifrət hisslərini
alovlandırdı. Şagirdlər tariximizə qanla yazılmış bu
hadisəni, Xocalı soyqırımı qurbanlarının xatirəsini,
düşmənin amansızlığını heç zaman unutmayacaqlarını
söylədilər.
Tədbirdə çıxış edən liseyin direktoru, respublikanın
əməkdar müəllimi Məhbubə Məmmədova məharətli ifalarına,
hamıya kövrək anlar yaşatdıqlarına, öz çıxışları ilə
faciənin tam mənzərəsini yaratdıqlarına görə şagirdlərə
təşəkkür etdi, anım mərasiminin hazırlanmasında əməyi
olan müəllimlərə minnətdarlığını bildirdi. O,
şagirdlərin vətənpərvər, Ali Baş Komandan əmr verərsə
işğal altında olan torpaqlarımızı, o cümlədən Xocalını
azad etmək üçün hər an döyüşə atılmağa hazır igidlər
kimi yetişdiklərini vurğuladı və bu işdə müəllimlərlə
yanaşı valideynlərin də böyük əməyi olduğunu söylədi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |