Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımı yad olundu

 

Böyütmək üçün şəkili seçin Fevralın 25-də Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə  həsr edilmiş anma mərasimi keçirildi.

Əvvəlcə mərasim iştirakçıları böyük akt zalının foyesində filologiya fakültəsinin III kurs tələbəsi Altun Rəcəblinin Xocalı soyqırımını əks etdirən rəsm əsərlərindən ibarət sərgisinə baxdılar.

Universitetin rektor vəzifəsini icra edən dosent Elxan Hüseynov tədbiri ümummilli lider Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözləri ilə açdı.

O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən törədilən XX əsrin ən dəhşətli qətliamlarından biri-Xocalı soyqırımını bütünlükdə türk dünyasına qarşı yönəldilmiş genosid aktı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan tarixində analoqu olmayan Xocalı faciəsi yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəldikdən sonra həqiqi qiymətini almışdır.

Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı layihələr, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlamış "Xocalıya ədalət" kampaniyası öz bəhrəsini verməkdədir.

Beynəlxalq təşkilatların, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının diqqəti məsələyə cəlb olunub.

Tədbirdə Azərbaycan tarixi kafedrasının baş müəllimi Elmar Xəlilovun "Erməni barbarlığının və aqressiyasının qısa xronologiyası", tədris hissəsinin əməkdaşı, şair-dramaturq Əvəz Mahmud Lələdağın "Xocalı soyqırımı - rus-erməni cəlladlarının xalqımıza qarşı törətdiyi amansız humanitar fəlakətdir" məruzələri dinlənildi. Sonra filologiya fakültəsinin III kurs tələbəsi Altun Rəcəbli çıxış edərək  bütün gəncləri ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin ətrafında sıx birləşməyə və Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaqda bir olmağa səslədi. 

Mərasimdə şair Nizami Məmmədcanlının "Xocalıda qopan haray" poeması əsasında qurulmuş SDU-nun Tələbə Gənclər Klubunun üzvlərinin iştirakı ilə  ədəbi-bədii kompozisiya nümayiş olundu. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov