Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Peşəsinin vurğunu

 

Azərbaycanın istedadlı yazıçısı, eyni zamanda tələbələrinin sevimli müəllimi olan İsmayıl Şıxlı həmişə deyərdi ki, dünyada bütün peşələr gözəl və gərəklidir. Lakin bir peşə də var ki, bütün insanlar bu və ya digər dərəcədə o peşə sahiblərinə borcludurlar. Bu, müəllimlik peşəsidir. Çünki gələcək nəslin necə insan, necə vətəndaş olacağı məhz müəllimlərdən asılıdır. Məktəblərimizdə bu məsuliyyəti dərk edən, gələcək nəslə bilikləri dərindən mənimsədən, eyni zamanda onları cəmiyyətin layiqli vətəndaşları kimi yetişdirən pedaqoqlarımız çoxdur. Onlardan biri ilə tanış olun: Təhsil Nazirliyinin tabeliyindəki İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin dil-ədəbiyyat müəllimi Mahniyar Tanrıverdiyeva

Hər insan ürəyində öz dünyasını qurur. Bu dünya insanın arzu və ümidlərindən, xəyal və düşüncələrindən yaranır. Mahniyarın xəyal dünyasında arzuladığı ömür yolu lap uşaqlıqdan seçilmişdi. Mütaliəyə hədsiz dərəcədə aludə olan bu qız üçün ədəbi əsərləri oxumaq, Azərbaycan və dünya ədəbiyyatının ən nadir inciləri ilə tanış olmaq böyük xoşbəxtlik demək idi. Elə buna görə də o, bütün yaşıdları kimi illər keçdikcə hər dəfə bir peşə yiyəsi olmaq eşqinə düşmədi. İlk və son qərarı bu oldu ki, elmlərin içərisində ən maraqlısı ədəbiyyatdır, onu başqalarına sevdirməyi bacarmaq isə ən böyük səadətdir.

Mahniyar Məmməd qızı Tanrıverdiyeva 1964-cü ildə Ermənistan Respublikası Meqri rayonunun Nüvədi kəndində anadan olub. 1971-ci ildə Nüvədi kənd orta məktəbində birinci sinfə gedən Mahniyar  1981-ci ildə həmin məktəbin onuncu sinfini fərqlənmə ilə bitirib. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə (keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu) daxil olub. 1985-ci ilin sentyabrında ilk dəfə Qafan rayonunun Oxtar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi sinfə qədəm qoysa da, ailə vəziyyəti ilə əlaqədar olaraq 1986-cı ilin noyabr ayından pedaqoji fəaliyyətini həmin rayonun Kürülü kənd məktəbində davam etdirib. Məlum hadisələrdən sonra 1989-cu ildə Bakıya köçən M.Tanrıverdiyeva 1990-cı ildən Bakının Nərimanov rayonundakı 66 nömrəli məktəbdə (2006-cı ildən Təhsil Nazirliyinin tabeliyində "Tərəqqi" liseyi) işləməyə başlayıb.

Mahniyar müəllim uzun illərdir ki, şagirdlərinə ana dilimizin incəliklərini öyrədir, onları zəngin ədəbiyyatımızın inciləri ilə tanış edir. Aydındır ki, məktəblərdə dil-ədəbiyyat müəllimlərinin şagirdlərin şəxsiyyət kimi formalaşmasında böyük rolu var. Belə ki, ədəbiyyatın tədrisi yeniyetmə və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə, xalqımıza məxsus mənəvi əxlaqi dəyərlərin aşılanmasına xidmət edir. Bu məsuliyyəti başa düşən Mahniyar müəllim öz işinin öhdəsindən bacarıqla gəlir. O, yaxşı başa düşür ki, dərin bilik və metodik hazırlıq təlimdə yüksək nəticələr əldə etmək üçün əsas şərtlər olsa da, əsl müəllimlik istedadı hər bir şagirdə fərdi yanaşmağı bacarmaqdan, onları şəxsiyyət kimi qəbul edərək xarakterlərini öyrənməkdən ibarətdir.

Son illər ölkəmizdə təhsil sahəsində uğurla həyata keçirilən islahatlar müəllimlərdən yüksək dərəcədə peşəkar, eyni zamanda yaradıcı fəaliyyət tələb edir. Mahniyar Tanrıverdiyeva da məhz belə müəllimlərdəndir. O, qabaqcıl iş təcrübəsi və peşəkarlığı ilə seçilsə də arxayınlaşmır, daim pedaqoji məharətini daha da təkmilləşdirmək yollarını arayıb-axtarır, pedaqoji innovasiyaları öyrənməyə can atır, şagirdlərinə dərin və əhatəli bilik verməyə çalışır. Öz işini müasir təlim metodlarının tətbiqi ilə quran Mahniyar müəllim tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından uğurla istifadə edir.

Gözəl ailə sahibi, iki övladın qayğıkeş anası olan Mahniyar xanım şagirdlərinə də əsl ana məhəbbəti ilə yanaşır, onların şəxsi həyatı ilə maraqlanır, məsləhətlər verir, aralarında həmişə səmimi, məhrəm münasibət yaratmağa çalışır. Gözəl insani keyfiyyətləri ilə seçilən bu qadın, ümumiyyətlə, məktəbin bütün müəllimlərinin hörmətini qazanıb. İşlədiyi təhsil müəssisəsinin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova bizimlə söhbətində onun barəsində dedi: "Biz onu gözəl insan və savadlı pedaqoq kimi tanıyırıq. Qabaqcıl iş təcrübəsi, bilik və bacarığı sayəsində yüksək təlim keyfiyyəti əldə etməyə nail olur. Mahniyar müəllimi həmkarları ilə yanaşı, şagirdləri də çox sevir".

Müəllim əməyinin nə qədər əziyyətli olduğunu bildiyimizdən Mahniyar Tanrıverdiyeva kimi öz işinin vurğunu olan pedaqoqlarla rastlaşanda çox sevinirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

P.S. Martın 1-də Mahniyar müəllimin 50 yaşı tamam olur. Çalışdığı kollektivin üzvləri bu münasibətlə onu təbrik edir, cansağlığı, şəxsi həyatında xoşbəxtlik, işlərində yeni-yeni nailiyyətlər diləyirlər. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov