Əməkdaşımız "Qaraca qız" hekayəsinin 1913-cü ildə
"Məktəb" jurnalında dərc edilmiş ilk nəşrini əldə edib
Süleyman Sani Axundovun "Qaraca qız" əsəri həm
sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq
ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik
təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji
tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu cəhətlərini
nəzərə alaraq "Qaraca qız" əsərinin günümüzdə də
ədəbiyyat dərsliklərinə salınmasını zəruri hesab edirik.
Lakin ortada bir gerçəklik də vardır ki, əsər sovet
hakimiyyəti illərində keçmişə nifrət ruhunu aşılama
istiqamətində təbliğat vasitəsinə çevrilmişdir və
maraqlıdır ki, kor-koranə olaraq bu günə kimi də eyni
məqsədi daşımaqdadır. Bunun səbəbi isə bədii əsərin
gerçək ideya istiqaməti deyil, "30-cu illərdə vulqar
sosializmin təsiri ilə" dəyişdirilməsidir. Müasir təlim
və təhsil strategiyamız "Qaraca qız" hekayəsinin 1913-cü
il "Məktəb" jurnalında dərc edilmiş ilk nəşri ilə
1936-cı ildə ədibin "Əsərləri" külliyyatına daxil edilən
nüsxəsi arasındakı fərqin araşdırılması və üzə
çıxarılmasını zəruri edir. Ədibin "Qorxulu nağıllar"
başlığı altında yazdığı "Qaraca qız" əsərinin ilk
variantında əsas motivi insanın mahiyyətinin rəngindən,
dinindən, milliyyətindən, maddi və fizioloji
imkanlarından asılı olmayaraq, şəxsi insani
keyfiyyətlərinə görə müəyyənləşməsi idi. Lakin bu motiv
1936-cı ildə dəyişdirilərək millətin öz keçmişinə nifrət
ruhunda tərbiyəsinə yönəldilmişdir.
Əsərin dəyişdirilmiş və çıxarılmış ən mühüm hissələrini
oxuculara təqdim edirik.
Hüseynqulu ağanın və Pəricahan xanımın yazıçı tərəfindən
verilmiş xarakteristikası
Bu hissədə Hüseynqulu ağa "realnı" məktəbinin dördüncü
sinfinə kimi oxuyub təhsilini yarıda buraxaraq, çöl
işlərini sevməsi cəhətindən atasının bütün mülkünü
səriştə ilə idarə edən bir mülkədar oğlu kimi
tanıtdırılır. Zəhmli olması səbəbindən hər kəs ondan
çəkinirsə də, ağa həm də çox rəhimdildir. Lakin
yoldaşları ilə kefə qurşanması atasını narahat
etdiyindən erkən evləndirilir. Atası Mehdi xan oğluna
gimnaziyanı bitirmiş, "yüksək" tərbiyə görmüş bir bəy
qızı tapır. Hüseynqulu ağanın təbiətindəki təmizlik onu
həqiqətən də evə bağlayır, artıq yoldaşları ilə kənara
əylənməyə getməyib dostlarına evində qonaqlıqlar verir.
Mehdi ağa oğlunun evlənməsindən bir il sonra vəfat edir.
Hüseynqulu ağa ilə Pəricahan xanımım xasiyyəti üst-üstə
düşmür. "Pəricahan xanım gimnaziya təhsilində cəmi
Avropa adətlərini götürüb, öz milli adətləri xoşuna
gəlməyirdi. Hətta öz ana dilindən öylə ikrah etmişdi ki,
bu dil ilə danışmaq da istəmirdi və labüd qalıb
danışanda da yarı rus, yarı türki kəlmələrini qarışdırıb
danışmaqla qulaq asanları özünə güldürürdü. Hüseynqulu
ağa isə Avropa qaydalarını sevməyib, öz ata və baba
adətlərini çox istərdi; hətta Pəricahan xanım nə qədər
çalışdı isə də, ondan çərkəzi paltarını çıxarıb, Avropa
libası geyindirə bilmədi". XX əsrin əvvəllərində
gimnaziya tələbələrinin ana dilindən uzaq düşmələri, dəb
adı ilə milli adət-ənənələrə xor baxmaları bədii
ədəbiyyatın əsas mövzularından birini təşkil edirdi. Bu
gerçək problem C.Məmmədquluzadə, A.Şaiq və digər ədiblər
kimi, S.S.Axundovu da düşündürmüş və əsərinin
problemlərindən birinə çevirməyə vadar etmişdir.
Piri kişinin xarakteristikasını verərkən artırılmış
sətir
"Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər
qulluqçuları ağaların zülmündən mühafizə edərdi".
Hüseynqulu ağanın təbiətindəki rəhmdillik bu cümləyə
birinci variantda əsas vermirdi. Lakin ikinci variantda
Hüseynqulu ağanın xarakteristikasını ehtiva edən
hissənin silinməsi ilə onun zülmkar bir mülkədar kimi
tanıtdırılması əsərə əlavə edilmişdir.
Piri kişinin namaz qılması haqqındakı məlumat
Əsərin birinci variantında Piri kişinin uşaqlıqdan
tezdən durmağa adət etməsi onun namaz qılması ilə
əlaqələndirilirdi: "Piri kişi uşaqlıqdan gün çıxmamış
yuxudan durmağa adət etmişdi. İndi də tezdən dəstamaz
alıb, sübh namazını qıldı..." Sonrakı variantda bu cümlə
çıxarılmışdır.
Əsərin sonu tamam dəyişdirilib
Bu günə qədər orta məktəb ədəbiyyat dərsliklərində
yer alan əsərin sonluğu hamıya məlumdur. Aradakı fərqi
göstərmək üçün birinci variantdakı sonluğu olduğu kimi
buraya əlavə etməyi məqsədəuyğun bildik:
"Pəricahan xanım ağlaya-ağlaya dedi: "Amandır, qoyma bu
qız ölsün, əlindən gələn səyi bu barədə müzayiqə etmə!
- Xanım, bu qızın dirilməsi çətindir, ümid bir Allaha
qalmışdır.
Pəricahan xanım dizi üstə çöküb Allaha dua etməyə
başladı. Piri kişi həqir bir nəzərlə ona baxıb dedi:
- Böylə olan surətdə yazıq qızımı verin komama aparım.
Qalsa, xanıma əziyyət edər!
Bu sözlər Pəricahan xanımın ürəyinə ox kimi sancıldı.
"Yox, qoymaram, qoymaram" deyə hönkürtü ilə ağlamağa
başladı.
Amma həkim də Piri kişinin fikrinə şərik oldu. Ona görə
Qaraca qızı komaya apardılar. Hərçənd həkim onun
sağalmasından ümidini kəsmişdi, amma yenə də belə
ittifaqlarda lazım gələn köməkliklərin hamısını əmələ
gətirirdi. Komada həkimdən və Piri kişidən qeyri
Hüseynqulu ağa da var idi.
Bu rəhmdil kişi öz qızının bu qayda ilə sağ qalmasına
razı deyidi. Qaraca qızın yastığı başında çöküb səmimi
qəlb ilə Allahdan bu qərib yetimin sağalmasını rica
edirdi. Lakin öz canını özgə uğrunda fəda etmiş Qaraca
qızın vaxtı tamam idi!..
Axır nəfəsində Qaraca qız qan ilə dolmuş gözlərini açdı.
Günəşin şöləsinə bir müddət baxdı, sonra gülümsündü,
gözlərini yenə yumdu! Qaraca qız öldü!..
- Komamın bülbülü uçub getdi!.. - deyə Piri kişi göz
yaşını tökdü.
- Xudaya, bu pak ruhun xatirəsinə biz müqəssir valideyni
əfv et! - deyə Hüseynqulu ağa dua etdi.
Bu xəbər bir dəqiqədə ağalığa yayıldı və hamını qəmgin
etdi. Pəricahan xanım tutduğu əməldən peşiman olub qızı
ilə bərabər yanıqlı-yanıqlı ağlayırdı. Qaraca qızın
vəsiyyətini əmələ gətirdilər: Onu Güntəpədə dəfn
etdilər.
Hüseynqulu ağa Qaraca qızın qəbrinin üstündə böyük bir
nişangah tikdirdi və baş daşının üstündə canını öz dostu
Ağca xanımın uğrunda fəda etdiyini yazdırdı ki, bu böyük
fədakarlıq baqi qalsın."
"Qaraca qız" əsərinin birinci variantı ideya tutumuna
görə daha dolğundur və eyni zamanda, orta məktəb
şagirdlərinin dünyagörüşünün formalaşması baxımından
faydalıdır.
"Qaraca qız" əsərinin janrı bu günə qədər ədəbiyyat
dərsliklərində hekayə adlandırılır. Lakin son elmi
araşdırmalarda əsər povest olaraq dəyərləndirilmişdir.
Əsərin dəyişdirilmiş hissələrinin və bu elmi-nəzəri
yeniliyin də gələcək dərsliklərin nəşrində nəzərə
alınması zəruridir.
Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru |