Bakıdakı 291 nömrəli "Ekologiya" liseyində Fövqəladə
Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin
"Fövqəladə hallar zamanı özünü necə aparmalı"
mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri
və strukturu, eləcə də dəm qazı zəhərlənmələri ilə
mübarizə qaydalarından bəhs edən videoçarxlar,
şagirdlərin zəlzələ mövzusunda hazırladıqları səhnəcik
nümayiş olundu. Bu səhnəcikdə düzgün mövqe tutma,
şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın
göstərilməsi öz əksini tapdı.
Şagirdlərin fövqəladə hallar və FHN-lə bağlı
hazırladıqları şeirlər də qonaqlar tərəfindən alqışlarla
qarşılandı. Sonra məktəbin həyətində Bakı Regional
Mərkəzinin xilasediciləri tərəfindən "Sprinter"
(Mersedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və
onun təchiz olunduğu spesifik alət və avadanlıqlar,
Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə
və üzmə vasitələri, mülki müdafiə qoşunlarının fərdi
mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və
dozimetrik nəzarət cihazları, onların təyinatı və iş
prinsipləri, xüsusi riskli axtarış və qəzaxilasetmə
əməliyyatlarında istifadə olunan texnika və
avadanlıqlar, xüsusi kinologiya avtomobili, eləcə də
tibb xidmətinin əməkdaşları tərəfindən maneken- mulyaj
üzərində yaralılara ilkin tibbi yardımın həyata
keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş
üsulları tədbir iştirakçılarına nümayiş olundu.
Sonda şagirdlər Dövlət Yanğından Mühafizə Xidməti
əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə
texnika və vasitələrinin təyinatı və ondan istifadə
qaydaları barədə ətraflı məlumat aldılar.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |