Bu günlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin
genişləndirilmiş iclası keçirilib. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının konfrans zalında
keçirilən yığıncaqda respublikanın müxtəlif
bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ
komitələrinin, ali və orta ixtisas təhsili
müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı
təşkilatlarının sədrləri, tələbələr, şagirdlər iştirak
ediblər.
İlk öncə qış imtahan sessiyasının nəticələrinə görə
əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb
tələbələrinə və ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibəti ilə təşkil
edilmiş "Mən Azərbaycanlıyam" müsabiqəsinin qaliblərinə
ATİAHİ Respublika Komitəsinin adlı təqaüdlərinin təqdim
olunması mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış
edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər
siyasətindən ətraflı bəhs edib, bu istiqamətdə
reallaşdırılan tədbirlərdən danışıb. Ölkəmizdə gənclər
siyasətinin dövlətin prioritet istiqamətlərindən biri
olduğunu, ulu öndər Heydər Əliyevin uşaq və
yeniyetmələrə, gənclərə hər zaman qayğı ilə yanaşdığını
söyləyən millət vəkili bu işin hazırda ölkə başçısı
cənab İlham Əliyev tərəfindən də diqqətdə saxlanıldığını
bildirib. Sədr bizim çoxlu sayda gənclərimizin dünyanın
bir sıra inkişaf etmiş ölkələrinin aparıcı ali
məktəblərində müvəffəqiyyətlə təhsil aldıqlarını
söyləyərək dövlətimizin başçısı tərəfindən onların
təhsil almaları üçün hər cür imkan və şəraitin
yaradılmasını yüksək dəyərləndirib.
Qeyd olunub ki, tələbələrdə elmə, təhsilə marağın
artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika
Komitəsinin adlı təqaüdü təsis edilib. O vaxtdan bu
günədək ali təhsil müəssisələrində qış və yay imtahan
sessiyalarının nəticələrinə görə uğur əldə etmiş
1600-dən artıq tələbə həmin təqaüddən yararlanıb. Sədr
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi münasibəti ilə təşkil olunmuş "Mən
Azərbaycanlıyam" adlı müsabiqədən də söz açıb. Qeyd
olunub ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin və Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin birgə təşkil etdiyi yaradıcılıq
müsabiqəsində paytaxt məktəblərinin şagirdləri iştirak
ediblər. Səttar Mehbalıyev müsabiqənin keçirilməsində
əsas məqsədin istedadlı şagirdlərin yaradıcılıq
qabiliyyətlərinin inkişafı üçün hərtərəfli imkan və
şəraitin yaradılması olduğunu söyləyib. İstedadlı
yeniyetmə və gənclərin üzə çıxarılmasında, onların
yaradıcılıq potensialının inkişafında müxtəlif
müsabiqələrin keçirilməsinin müstəsna əhəmiyyətini
xüsusi qeyd edən sədr çıxışının sonunda ATİAHİ
Respublika Komitəsinin adlı təqaüdünə layiq görülənləri
təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.
Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı
və həmkarlar ittifaqı fəalı olan ali məktəblərin 60
tələbəsinə və ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibəti ilə təşkil
edilmiş "Mən Azərbaycanlıyam" müsabiqəsində qalib
gəlmiş 5 paytaxt məktəblisinə ATİAHİ Respublika
Komitəsinin adlı təqaüdləri təqdim olunub.
Daha sonra ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin
gündəliyi və reqlamenti təsdiq edilib. Səttar Mehbalıyev
qeyd edib ki, təhsil sahəsində çalışanların istər
iqtisadi, sosial rifahının yaxşılaşdırılması,
hüquqlarının müdafiəsinə köməklik göstərmək, istərsə də
onların asudə vaxtlarının səmərəli təşkili ATİAHİ
Respublika Komitəsinin diqqət yetirdiyi ən vacib
məsələlərdəndir. Respublika Komitəsinin öz fəaliyyətində
tələbə gənclərlə aparılan işlərə xüsusi önəm verdiyini
söyləyən sədr, gələcəkdə bu işlərə diqqətin daha da
artırılmasının vacibliyini vurğulayıb.
Çıxış üçün söz alan ATİAHİ Respublika Komitəsinin sədr
müavini Şaiq Əsgərov bir sıra universitetlərdə
tələbələrin həmkarlar ittifaqı üzvlüyünə cəlb olunması
və ATİAHİ-nin nizamnaməsinə uyğun olaraq onlardan üzvlük
haqqının toplanmasının vəziyyəti barədə hazırlanmış
arayışı iclas iştirakçılarının diqqətinə çatdırıb.
Yığıncaqda ATİAHİ Respublika Komitəsinin müvafiq
şöbələrinin müdirləri tərəfindən gündəlikdə duran
məsələlərlə bağlı digər arayışlar da təqdim olunub.
İclasda həmçinin ATİAHİ Respublika Komitəsinin sədr
müavini Mirzə Cəfərzadə 2013-cü ildə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində
və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və
şikayətlərinə baxılmasının vəziyyəti barədə hazırlanmış
məlumatı, ATİAHİ Respublika Komitəsinin şöbə müdiri Emil
Rüstəmovun ATİAHİ Respublika Komitəsinin 2013-cü ilə
dair ümumi illik statistik hesabatının təsdiqi barədə
və ATİAHİ Respublika Komitəsinin katibi, şöbə müdiri
Mübariz Eyvazovun ATİAHİ Respublika Komitəsinin üzv
təşkilatlarının 2013-cü il üçün maliyyə hesabatlarının
yekunu ilə bağlı məlumatları dinlənilib. Hər bir
müzakirə olunan məsələylə bağlı müvafiq qərar qəbul
olunub.
Geniş fikir mübadiləsi və işgüzarlıq şəraitində keçən
iclası Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Mehbalıyev yekunlaşdıraraq hamıya nailiyyətlər
arzulayıb.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |