İsmayıllı
şəhərindəki Heydər Əliyev Mərkəzində "Ucqar kənd
müəllimlərinin sosial servislərdən tədris prosesində
aktivliyinin artırılması" layihəsinin təqdimatı olub.
Layihə rəhbəri Surə Mehdiyeva çıxış edərək layihə
haqqında ətraflı məlumat verib. O bildirib ki, layihədə
əsas məqsəd İsmayıllı rayonunun ucqar kəndlərində
çalışan müəllimlərin istər yerli, istərsə də beynəlxalq
layihələrdə iştirakını artırmaqdır.
Layihənin eksperti Ramil Süleymanov çıxış edərək onun
əhəmiyyətindən danışıb. Natiq bildirib ki, İsmayıllı
müəllimləri layihələrdə fəal iştirak etmələri ilə
seçilirlər.
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov,
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Azər Abbasov, Gənclər və İdman İdarəsinin rəisi Taleh
Salehov, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin
direktoru Şəfaqət Rəsulov və digər çıxış edənlər
müəllimlərin qazandığı uğurlardan danışıblar. Qeyd
edilib ki, ucqar kəndlərdə yaşayan müəllimlər müasir
texnologiyalardan istifadədə çətinlik çəkirlər. Onların
bacarıqlarının, İKT biliklərinin artırılmasına ehtiyac
vardır. Layihə çərçivəsində "dəyirmi masa"lar təşkil
ediləcək, kitabçalar hazırlanacaq, praktiki görüş və
seminarlar keçiriləcək. Ən yaxşı bloq və İnternet resurs
müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr
veriləcək. 6 ay ərzində ucqar kənd müəllimlərinə
təlimlər keçiləcək. Bunun nəticəsində 300 müəllim müasir
texnologiyalardan səmərəli istifadə edərək layihələrdə
iştirak edə bilmək imkanı qazanacaq. |