Fevralın
22-də Təhsil Problemləri İnstitutunda "Dövlət
Strategiyası baxımından ümumi təhsilin perspektivləri"
mövzusunda seminar keçirildi.
"Pedaqoji innovasiyalar" silsiləsində təşkil edilən
növbəti məşğələdə TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə
doktoru Qulu Novruzov, Təhsil Nazirliyinin nümayəndəsi
Nəbi Mahmudov, respublikanın təhsil sahəsində tanınmış
alim və mütəxəssisləri, institutun əməkdaşları,
paytaxtın və bölgələrin ümumtəhsil məktəblərinin
müəllimləri və KİV təmsilçiləri iştirak edirdilər.
TPİ-nin direktoru Qulu Novruzov tədbiri açdıqdan sonra
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Giriş sözündə ilin əvvəlindən pedaqoji innovasiyalar
üzrə artıq 3-cü məşğələnin keçirildiyini diqqətə
çatdıran Q.Novruzov seminarda paytaxtla yanaşı, 20-yə
yaxın rayondan yeniliyə meyilli müəllimin iştirak
etməsinin sevindirici hal olduğunu bildirdi. İnstitutun
direktoru məhz bu səbəbdən - müəllimlərin innovasiyalara
marağını nəzərə alaraq seminarları davam etdirmək,
müntəzəm olaraq müəllimləri maraqlandıran bir mövzunu
müzakirəyə çıxarmaq niyyətində olduqlarını vurğuladı.
Sonra Təhsil Problemləri İnstitutunun direktor müavini,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov
"Dövlət Strategiyası baxımından ümumi təhsilin
perspektivləri" mövzusunda təqdimatla çıxış etdi.
Məruzədə öncə son illər ölkəmizdə təhsil siyasəti ilə
bağlı qəbul edilmiş sənədlər haqqında ümumi məlumat
verildi. Qeyd olundu ki, "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil
sahəsində islahatların 5 strateji istiqamət üzrə (bütün
pillələr üzrə kurikulumların inkişafı; insan
resurslarının müasirləşdirilməsi; nəticələrə görə
cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin
yaradılması; müasir tələblərə uyğun və ömürboyu təhsili
təmin edən təhsil infrastrukturunun yaradılması;
dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin
standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin
maliyyələşdirilməsi modelinin qurulması) həyata
keçirilməsi nəzərdə tutulub.
Ə.Abbasov təqdimat-məruzəsində daha sonra Dövlət
Strategiyasına əsasən ümumi təhsilin inkişafı ilə bağlı
bu pillə üçün yeni məzmunun yaradılması, milli
səviyyəli kurikulumun hazırlanması, ümumi təhsilin milli
standartları, milli standartların hazırlanmasına qoyulan
tələblər, fənlər üzrə mövcud standart və kurikulumların
yeniləşdirilməsi və s. sahələrdə görüləcək işlərdən bəhs
etdi.
Təqdimatda, həmçinin ümumtəhsil məktəbi ilə valideyn
əlaqəsinin yeni mərhələsi, intellekt dərsliklərinin
yaradılması, xüsusi ümumtəhsil proqramlarının
hazırlanması, məktəbin yüksək nüfuzlu müəllim problemi,
istedadlılarla və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla
iş sisteminin yaradılması, ümumi təhsildə yeni idarəetmə
sisteminin formalaşdırılması, ümumi təhsilin
keyfiyyətinin təminatı, ümumi təhsil üzrə yeni
qiymətləndirmə mexanizmlərinin hazırlanması, yeni
maliyyələşdirmə mexanizminin yaradılması və s.
məsələlərlə bağlı həyata keçiriləcək islahatlar tədbir
iştirakçılarının diqqətinə çatdırıldı.
Sonra tədbir müzakirələrlə davam etdirildi. ADPU-nun
pedaqoji fakültəsinin dekanı, professor Fərrux Rüstəmov,
AMEA-nın əməkdaşı Əhməd Qəşəmoğlu, TPİ-nin şöbə
müdirləri Vidadi Xəlilov, Elxan Bəylərov, İTV-də "Açıq
dərs" verilişinin aparıcısı Orxan Cabbarlı, Bakı Modern
Məktəbinin müəllimi Sevinc Əliyeva, İmişli rayon Aranlı
kənd 2 nömrəli məktəbin direktoru Malik Aranlı, Bakıdakı
238 nömrəli məktəbin müəllimi İradə Bayramova, 299
nömrəli məktəbin müəllimi Nuriyyə Mehdiyeva, 225 nömrəli
məktəbin müəllimi Roza Qasımova, Şəmkir rayonu 2 nömrəli
Kür qəsəbə məktəbinin müəllimi Ruhiyyə Rəfiyeva, həmin
rayonun Zəyəm qəsəbə məktəbinin direktor müavini Vüsalə
Mehdiyeva, Füzuli rayon 48 nömrəli məktəbin müəllimi
Həcər Mahmudova və başqaları mövzu ilə bağlı fikir və
təkliflərini səsləndirdilər. Mütəxəssislər müəllimləri
maraqlandıran sualları cavablandırdılar.
Seminarı yekunlaşdıran TPİ-nin direktoru Qulu Novruzov
iştirakçılara minnətdarlığını bildirdi.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi",
foto Rəşad ZİYADOVUNDUR |