Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

"Azərbaycan müəllimi" - 80

 

Xatirələr insanı yaşadır... 

Görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 100 illiyinə 
"Azərbaycan müəllimi", 3 dekabr 1996-cı il, № 47 

Həyatda elə insanlar var ki, yoxluqları  heç vaxt hiss olunmur. Onlar cismən ölsələr də, mənən hər bir kəsin qəlbində yaşayırlar. İllər bir-birini əvəz etsə də, onların xeyirxah əməlləri, fədakarlıqları və yüksək insani keyfiyyətləri minnətdarlıq hissi ilə yada salınır. Belə insanlardan biri də görkəmli dövlət xadimi, tibb elminin korifeylərindən biri, tibb elmləri doktoru, professor Əziz Əliyevdir. Onun yüksək elmi nailiyyətlərindən, rəhbər vəzifələrdə layiqincə çalışmasından həmişə razılıqla danışılmış və yazılmışdır. Bu dəfə isə məqsədimiz Əziz Əliyevi yaxından tanıyanlardan biri ilə görüşmək  idi. Əziz müəllimlə bağlı xoş xatirələri dinləmək üçün Mahrux Qacarla görüşdük. Uzun müddət 1 nömrəli Tibb Məktəbində dərs demiş, eyni zamanda Bakı şəhər 4 nömrəli Klinik Xəstəxanasında həkim işləmiş Mahrux xanım xəyalən o illərə qayıdaraq Əziz müəllimi belə xatırladı:

- Gəncədə qızlar seminariyasını bitirib, sənədlərimi Azərbaycan Tibb İnstitutuna təqdim etmişdim. Lakin imtahanlara buraxılmırdım və düz beş il bu hadisə təkrar olundu. Səbəb mənim tarixi bir nəslə mənsubluğum idi. Həmin dövrdə Əziz müəllim Tibb İnstitutunun rektoru idi. Məni yanına çağıraraq məsləhət gördü ki, o vaxt Mərkəzi Komitədə səhiyyə işlərinə baxan bir nəfərin yanına gedim, bəlkə onun köməyi dəydi. Mən elə də etdim. Həmin adam tərcümeyi-halımı oxuduqca üzü sərt ifadə aldı və "Sənin kimi xanımlara institutlarda yer yoxdur"-dedi. Kor-peşman evə qayıdaraq anamla bizə qarşı edilən haqsızlıqlara görə dərdləşib ağladıq. Əziz müəllim əhvalatdan xəbər tutduqda məni sakitləşdirib dedi: "Həyatın özü sərt bir məktəbdir. Əgər istəyirsən ki, nəyəsə nail olasan özünü mütləq ələ almalı və mübarizə aparmalısan. Çalışacağam ki, gələn il sən bu instituta daxil olasan". Bu hadisədən xeyli vaxt keçmişdi. Ölkəmizdə baş verən tarixi bir dönüşdən sonra hər yerdə olduğu kimi, Azərbaycanda da bizim kimi ailələrə münasibət yaxşılığa doğru dəyişməyə başladı. Bir gün anamla evdə oturmuşdum. Qapının zəngi çalındı. Poçtalyon əlindəki məktubu mənə təqdim etdi. Əziz müəllimin imzası ilə yazılmış məktubda sənədlərimi hazırlayıb instituta gəlməyim tələb olunurdu. Sənədlərlə Əziz müəllimin yanına getdim. Və yayda imtahan verdim. İmtahanlardan qabaq  o, prorektora: " Bu qız müvəffəq qiymətlər alsa, onu müalicə-profilaktika fakültəsinə keçirərsiniz. Çox əziyyətlər çəkib",-dedi. Özü isə Moskvaya ezamiyyətə getdi. Həmin il nəhayət çoxdankı arzuma çataraq Tibb İnstitutuna daxil oldum. Oxuduğum illər ərzində çalışırdım ki, onun etimadını doğruldum.

Əziz müəllim rektor kimi əvəzolunmaz bir insan idi. Tələbələr onunla sərbəst şəkildə dərdləşər, öz problemlərini söyləyərdilər. O da qayğıkeş bir ata  kimi hamını təmkinlə dinləyər, kömək etməyə çalışardı. Tələbələrin yaxşı oxuması üçün əlindən gələni əsirgəməzdi. Təsadüfi deyil ki, respublikada ilk dəfə olaraq tələbələr üçün onun rektorluğu dövründə beşmərtəbəli iki yataqxana tikilmişdir. O, eyni zamanda institutda elmi kadrların yüksək səviyyədə hazırlanmasına xüsusi fikir verirdi. Çalışırdı ki, institutun adı hər yerdə fəxrlə çəkilsin.

Ali məktəbi bitirdikdən sonra təyinatla Laçın rayonunun ucqar bir kəndində işləyəndə də professorun etdiyi təmənnasız köməyi heç vaxt unutmur və mənə olan inamını doğrultmağa çalışırdım. Rəhbər vəzifələrdə işləyəndə də, onun nailiyyətləri, uğurları ilə sevinmişəm. Sonralar təsadüf elə gətirdi ki, mən Əziz müəllimin oğlu professor Tamerlan Əliyevlə də neçə il Bakıdakı 4 nömrəli Klinik Xəstəxanasında birgə işlədim. Mən deyərdim ki, atasına xas olan bütün yüksək  xüsusiyyətlər Tamerlanda öz əksini tapmışdır. Onunla tanışlığım mənim bu ailəyə olan hörmətimi daha da artırmışdır.

Bəli, həyatımızın keşməkeşli tarixi ziddiyyətlərlə dolu günləri çox olub. Və bu illərdə pis adamlarla da rastlaşmışıq, yaxşı adamlarla da. Nə yaxşı ki, yaxşılar öz xeyirxahlıqları, müdriklikləri ilə pisləri üstələyir. İllər keçsə də, onlar əvəzolunmaz bir şəxsiyyət, təmiz, müqəddəs insanlar kimi yaddaşlara həkk olunur və daim xatırlanırlar. Xatırlanırlarsa, deməli, onlar əbədi yaşayırlar. Əziz Əliyev kimi! 

Söhbəti qələmə aldı: Samirə KƏRİMOVA


"Azərbaycan müəllimi"nin arxivindən 

Azərbaycan müəllimlərinin IX qurultayı (18 may 1978-ci il)

 Böyütmək üçün şəkili seçin

  


Tanınmış imzalar 

Azadlığın töhfələri 

Böyük Oktyabrın parlaq günəşi yurdumuzdan əbədi olaraq zülməti qovdu. Əsrlərdən bəri əsarətin ağır pəncəsində inləyən xalqlar yalnız Böyük Oktyabr sosialist inqilabından sonra zülmün zəncirini qırıb atdı, öz hüququnun, öz torpağının, öz mədəniyyətinin əsil sahibi oldu. Böyük Oktyabr sosialist inqilabı doğma xalqımıza da ilham verdi.

Xalqımız cəhalətin, ətalətin daşını həmişəlik olaraq atıb, işıqlı və aydın bir yola - sosializm yoluna çıxdı, böyük rus xalqının köməyi ilə özünün mədəniyyətini, iqtisadiyyatını inkişaf etdirməyə başladı.

Keçmiş qara dünyada əhalisi başdan-başa savadsız olan Azərbaycanın mədəniyyəti, incəsənəti az müddət içərisində misli görünməmiş dərəcədə inkişaf edib yüksəldi.

Böyük Oktyabr sosialist inqilabı xalqların yaradıb qurması üçün geniş üfüqlər açmışdır. Ölkəmizdə yaradan, quran hər kəsin əməyinə böyük qiymət verilir. Hər kəs öz şərəfli əməyilə ucalır. Bütün bunlara görədir ki, günəşli Azərbaycan da digər qardaş respublikalar kimi gündən-günə çiçəklənib inkişaf edir. Xalqımızın incəsənəti də indi bütün dünyanı heyran qoymuşdur. Gözəl musiqimizin sədaları dünyanın hər tərəfindən eşidilir. Milyonlarla insan Azərbaycanın görkəmli sənətkarı Üzeyir Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin, Fikrət Əmirovun, Səid Rüstəmovun əsərlərini sevə-sevə dinləyir.

Bəli, bu cah-cəlal, bu azad və xoşbəxt Vətəndə insanın ürəyi həmişə yaşayıb yaratmaq hissilə döyünür. Doğma xalqımızın azad sənətkarları həmişə yazıb yaradacaq, xalqımızın firavan və xoşbəxt həyatını tərənnüm edəcəkdir.

Qara QARAYEV,
SSRİ-nin xalq artisti, bəstəkar
 
"Azərbaycan müəllimi",
7 noyabr, 1959-cu il, № 90


A.S.Puşkin və M.F.Axundov 

Azərbaycan xalqının qabaqcıl oğlu M.F.Axundovun zəngin və çoxcəhətli yaradıcılığına böyük rus xalqının ədəbiyyat və mədəniyyətinin dərin təsiri və köməyi olmuşdur.

Qabaqcıl rus ədəbiyyat və mədəniyyəti, böyük rus xalqının yetişdirmiş olduğu görkəmli sənətkarların zəngin yaradıcılığı hələ gənc ikən Tiflis mühitinə düşmüş Axundov üçün misilsiz bir məktəb oldu. Bu məktəb M.F.Axundovu böyük rus xalqı ilə, onun ədəbiyyat və mədəniyyəti ilə qırılmaz tellərlə bağladı...

...Təsadüfi deyildir ki, M.F.Axundov hələ 25 yaşlı bir gənc ikən rus ədəbiyyatının görkəmli  klassikləri haqqında, onlardan hər birinin bu ədəbiyyatın inkişaf tarixində oynadıqları rol haqqında düzgün təsəvvürə malik idi...

...A.S.Puşkin poeziyasını "Aləmdə yanan məşələ" bənzədən M.F.Axundov, əlbəttə, belə bir qərara birdən-birə gələ bilməzdi. M.F.Axundovun A.S.Puşkinin yaradıcılığına verdiyi yüksək qiymət, hər şeydən əvvəl onun dahi rus şairinin əsərlərindən aldığı canlı təəssüratın nəticəsi idi.

A.S.Puşkinin əsərləri ilə xalqımız daha sonralar, əsasən keçən əsrin 90-cı illərindən etibarən tanış olmağa başlamışdır. Lakin A.S.Puşkini ilk dəfə olaraq Azərbaycan xalqına yaxından tanıdan, ədəbiyyatımızda ölməz Puşkin obrazı yaradan M.F.Axundov olmuşdur... 

Şıxəli QURBANOV,
"Azərbaycan müəllimi",
9 aprel 1953-cü il, № 15


 Oxumuram, ay müəllim, oxumuram 

Gecə yarı idi. Maqsud müəllimin balaca pəncərəsindən hələ də işıq gəlirdi. O, gözündə eynək küncdə qoyulmuş girdə mizin arxasında oturmuşdu. Sol əlini gicgahına dayayıb, sağ əlində tutduğu qələmi asta-asta  şagirdlərin yazıları üzərində gəzdirir, arabir düzəlişlər edir, yenə oxuyurdu. Onun zəif, göm-göy damarları çıxmış əli titrəyirdi. Yoxlanmamış bir dəftər qalırdı. O, bərk yorulduğundan qalan dəftəri yoxlamamış yatmaq istədi. Qələmi yerə qoydu. Gözü yerdə, həsir üstə yatmış arvadına, uşaqlarına sataşdı. Onlar şirin-şirin yatmışdılar. Elə bil dünyadan xəbərsizdilər. Maqsud ah çəkdi:

- Yatın, əzizlərim, yatın. Dünyanın dərd-ələmini insan yatanda unudur. Onu da əgər yata bilsə, gözünə yuxu getsə... Bunun nə vaxtıdı ki - deyə o, yeddi yaşlı qızı Sonanın  solğun üzünə baxdı - o da dərd çəkir? Zəmanə, uşaqları da, deyib-gülməliykən, oynamalıykən dərd çəkməyə vadar edir.

Onun belə düşünməyə haqqı vardı. Maqsud müəllim bu balaca qızdan o sözləri eşidəndə ayaqları yerə yapışmışdı... Onun üç uşağı vardı. Yoldaşı da hamilə idi. Bu beş baş ailə qəbir kimi dar, qaranlıq olan bu nəm otaqda yaşayırdı. Güzəranları çox ağır idi. Hamısı Maqsudun əlinə baxırdı. O da Təbriz məktəblərinin birində dərs deyir, aldığı tikə-para maaşla ailəsini güclə dolandırırdı.

Bir gün yoldaşı təzə dünyaya gələcək uşaq üçün qızının köhnə köynəklərindən birini söküb paltar tikirdi. Qıvrım tel Sona gəlib anasının yanında oturdu, əllərini də yerə qoydu, anasından soruşdu:

- Nə tikirsən, ana?

- Bəbəyə paltar... - deyib anası könülsüz cavab verdi. Bunu eşidən uşaq sevindi. Sonra birdən o, qaşlarını çatıb dedi:

- Ana, bə bəbə harda yatacaq? Evimizdə ki yer yoxdur.

İynə anasının əlindən sürüşüb düşdü, o heyrətlə, qorxuyla qızının üzünə baxdı.

- Qucağımda yatar, quzum - dedi.

- Bə onda qardaş harda yatar? - deyə Sona o tərəfdə oynayan, öz-özünə qığıldaya-qığıldaya nə isə danışan balaca qardaşını göstərdi.

Anası qızın sualına cavab verə bilmədi. Onun ağıllı, qayğılı gözlərinə baxıb, başını sığalladı. İndi həmin söhbət Maqsud müəllimin yadına düşdü. Qanı o vaxtkı kimi bərk qaraldı... 

Əlibala HACIZADƏ,
"Azərbaycan müəllimi",
5 dekabr, 1959-cu il,
98


 Bizim Cəfərimiz 

 Onun təvazökar, utancaq siması, gözlüyünün altından parıldayan dərin, qara gözləri, uşaq təbəssümünə bənzər məsum, mənalı təbəssümü bir an belə mənim gözümün qabağından getmir. Mənim təsəvvürümdə o, hər zaman canlıdır. Hansı kitabını oxuyuramsa, səhnədə hansı əsərlərinə baxıramsa, elə bilirəm Cəfər yaratdığı tiplərin arasında dolaşır, bizimlə bərabər, o da Dövlət bəyə, Əbdüləli bəyə, Məmmədəli bəyə, Baloğlana, Ocaqquluya gülür. Aydının, Oqtayın faciəli həyatına göz yaşı tökür. Sevilin çadrasını hər dəfə öz əliylə atıb, onu mübarizə meydanına gətirir. Bütün əsərlərində Cəfərin ürəyi döyünür, nəbzi vurur.

Cəfər xalq üçün, xalq işi üçün od olub yanan bir yazıçı idi. Cəfər elin oğlu idi, onun yolunda bütün həyatını sərf etdi və uçan ulduzlar kimi, - qısa bir ömürlə - bizim səmamızda parlayıb getdi. Ancaq elə atəşin yol saldı ki, heç bir zaman sönməyəcəkdir.

Sabit RƏHMAN,
"Azərbaycan müəllimi",
20 mart 1960-cı il,
23


Ustadımız 

 Bəzən özünü zorlayaraq istər-istəməz neçə yüz səhifəlik əsəri oxuyursan, qurtarıb bükəndə elə bilirsən ki, ağır bir yükü çiynindən yerə qoydun, yadında heç şey qalmır. Dolaşıq hadisələr, sönük-solğun üzlər, boğuq-dumanlı baxışlar sətirlər arasından kənara çıxmır. Deyirsən ki, görəsən bu yazıçının məqsədi, qayəsi nədir, niyə belə uzunçuluq edir?

Elə əsərlər də var ki, cəmi 50 və ya 100 səhifə olduğuna baxmayaraq, oxuyub qurtaranda 1000 səhifəlik bir əsərin demədiyini sənə deyir. Uzun müddət oradakı qəhrəmanlardan, hadisələrdən, fikirlərdən və duyğular silsiləsindən ayrıla bilmirsən. Təəssüf edirsən ki, niyə müəllif çox yazmır.

Belə hadisələr teatr pərdəsinin dalında daha qabarıq şəkildə özünü göstərir. Orada bəzən iki saatlıq tamaşa adamı o qədər yorub darıxdırır ki, on saat oturub baxdığını güman edirsən, qurtarmaq bilmir ki, bilmir. Eləsi də olur ki, səni canlı fikirlərin və ehtirasların qanadına alıb aparır, dörd saatda bir ömrün mənasını əks etdirir; mən Cəfər Cabbarlının əsərlərini oxuyanda da, tamaşa edəndə də yüksək həyəcanlarla tez qurtardığı üçün təəssüf duyğusu ilə ayağa durmuşam. Cabbarlı müasir dramanın ustadıdır, o, böyük sənətkarlıqla konflikt və tiplər seçir, süjet qurur, parlaq bədii lövhələr yaradır.

Dramanın hansı cəhətlərinə Cabbarlı daha artıq diqqət yetirir, hansı ünsürlərini daha məharətlə işləyir; bu sual uzun illər məni düşündürmüşdür və Cəfərin əsərlərini tədqiq edərkən belə fikrə gəlmişəm ki, bunun ancaq bircə cavabı var: Cabbarlı dramının bütün ünsürlərini eyni diqqət və məharətlə yaradırE

...O, hər cəhətdən bugünkü Azərbaycan yazıçılarının müəllimi və ustadıdır! 

Mirzə İBRAHİMOV,
"Azərbaycan müəllimi",
20 mart 1960-cı il,
23


 Əziz sənətkarımız 

"Dönüş" pyesinin ikinci, ya üçüncü tamaşası idi. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Teatrının indiki səhnəqabağı meydançasının, zaldan baxanda sağ tərəfdən görünən geniş qapısının yerində loja vardı. Biz Cəfərlə bu lojada oturub tamaşaya baxırdıq. Bu vaxt biz onunla dəfələrlə görüşmüş, dramaturqun ayrı-ayrı əsərləri haqqında danışmış, mübahisə etmişdik. Demək istəyirəm ki, bu bizim birinci, ya ikinci görüşümüz deyildi. Oxucu soruşa bilər ki, o zaman Cəfər Cabbarlı tanınmış bir dramaturq, 10-15 illik ədəbi təcrübəyə malik bir yazıçı idi. Rəsul Rza isə yenicə ədəbi mühitə ayaq basmış, cəmi-cumxuru 5-10 şerin, 3-4 hekayənin və bir neçə məqalənin müəllifi idi. Necə olurdu ki, Cəfər onunla ədəbi mübahisələrə girir və öz əsəri haqqında ondan rəy eşitmək istəyirdi. Ona görə ki, Cəfər Cabbarlı son dərəcə təvazökar bir adam idi. O, əsərləri haqqında ən adi adamların rəyini dinləməyə hazır idi.

Tamaşa zamanı mən ayrı-ayrı obrazlar və əsərin  bəzi cəhətləri haqqında öz fikrimi müəllifə deyirdim. Cəfər gah gülümsəyir, gah da  irigözlü çeşməyini götürüb, dəsmalla silir, sonra yenə də gözünə qoyurdu. Cəfəri yaxşı tanıyanlar bilirlər ki, bu hərəkətlərin öz dili vardır. Cəfər sənə gülümsəyə-gülümsəyə baxanda, bu, o demək idi ki, sən çox sadəlövh fikir deyirsən. Sənin gətirdiyin dəlillər ciddi etiraza dəyməz, sən görünür ki, ya məsələnin nə yerdə olduğunu yaxşı dərk eləməmisən, ya da ağıllı görünmək üçün əllaməlik eləyirsən.

Cəfər çeşməyini çıxarıb, tez-tez siləndə, bu o demək idi ki, hirslənib, həyəcanlanıb. Deməli, ya sən elə ölçüyəsığmaz, insafsız söz demisən ki, bu onu qəzəbləndirib, ya da dediklərin doğrudan da əsərin qüsurunu düzgün ifadə edir, odur ki, onu həyəcanlandırmışdır. Cəfərin hiss və həyəcanlarının təzahür forması sonsuz idi. Mən ancaq konkret söhbətimizə aid iki əsas hərəkətdən danışdım... 

Rəsul RZA,
"Azərbaycan müəllimi",
20 mart 1960-cı il,
23


Doğma vətənimizi öyrənək 

Biz  Qızılqaya  yaylasının  cənub  yamaclarında  olan  dar  bir  cığırla  gedirik. Bu yaylanı şərqdən kəsmiş dərin dərəni keçdikdən  sonra  Mıxtökən  aşırımına  çatırıq. Mıxtökən,  bitkidən  məhrum,  qayalıq  bir  yerdir.  Atların  hərəkəti  burada  çox  çətin  olduğundan  və  daşlar  onların  nallarını  tökdüyündən  bura  Mıxtökən deyirlər. Mıxtökənin  ətəyinə  səpələnmiş  çay  daşları  bizi  çox  maraqlandırdı.  Onlardan bir neçəsini nümunə üçün  götürdük.

Yamacla aşağı endik. Aşağıda kiçik Ləzə kəndi görünür. Kəndin şərq və qərb hissəsində yüksəkdən tökülən şəlalələr, şimal tərəfində konusvari qaya, cənubunda Şahdağın və Qızılqayanın əzəmətlə ucalan qarlı zirvələri, yaşıl don geymiş yamaclar, Şahnabad çayının coşğun qıjıltısı buralara qeyri-adi bir gözəllik verir.

Şahnabad çayının sağ sahilində qıvrılaraq gedən dar cığır bizi aparıb sanki daş bir qəfəsə salır. Sağda 4250 metrə qədər ucalan Şahdağı, solda isə 3739 metrə qədər yüksəkliyi olan Qızılqaya, qarşıda isə çınqıllıq. Getdikcə başımızın üstündə buludlar sıxlaşır. Nəhayət, biz başımıza leysan yağışı çiləyən buludun içərisinə daxil oluruq. Hava axşamüstünü xatırladır. Elə bil hər yerə qatı bir qaranlıq çökmüşdür. Biz bir-birimizi zorla görürük. Artıq 2600 metr yüksəklikdəyik...

Budur, ayağımızın altında "qərib" daşlar var. Bu daşlar Şahdağın ərazisinin qədim buzlaşmaya məruz qalmasını göstərir...

Budaq BUDAQOV,
coğrafiya elmləri namizədi
"Azərbaycan müəllimi",
18 yanvar 1959-cu il,
5


 Ən çox sevdiyim rol 

Opera səhnəsinə çıxdığım birinci dəfə deyildi. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında hələ ilk dəfə M.Maqomayevin "Nərgiz" operasında Nərgiz; "Şah İsmayıl" operasında Gülzar; Ü.Hacıbəyovun "Koroğlu" operasında Nigar və başqa rollarda çıxış edərkən, tamaşaçılar məni çox görmüşdülər. Lakin nədənsə, Azərbaycanın görkəmli dramaturqu C.Cabbarlının "Sevil" pyesi əsasında F.Əmirov tərəfindən bəstələnmiş "Sevil" operasındakı Sevil rolu mənə tapşırılarkən həddindən artıq həyəcanlı idim. Bunun səbəbi məlum idi. Hiss edirdim ki, inqilabdan əvvəlki geridə qalmış, müti, ərinin bütün işgəncələrinə və təhqirlərinə dözən, hər bir sözə boyun əyən talesiz Azərbaycan qadınının psixoloji xüsusiyyətlərini özümdə cəmləşdirməli, habelə onun çəkdiyi iztirabları tamaşaçılar qarşısında nümayiş etdirməli idim. Lakin məsələ bununla da bitmirdi. Bu mürəkkəb obrazın bütün xüsusiyyətləri ilə tamaşaçıları ətraflı surətdə tanış etmək üçün daha məsul bir vəzifə: - inqilabın təsiri nəticəsində qara çadranı atmış, qabaqcıl, ictimaiyyətçi sovet qadınının həqiqi obrazını yaratmaq işi məni daha çox düşündürürdü. Bəli, bütün bunlara nail olmaq arzusu məndə daha ciddi bir məsuliyyət hissi oyatdı. Odur ki, ilk dəfə əsəri diqqətlə və dəfələrlə oxudum. Sevil obrazının daxili aləmini öyrəndikdən sonra məşqə başladım.

Nəhayət, 4 aya yaxın məşq etdikdən sonra, bu rolda tələbkar tamaşaçılarımızın qarşısına çıxmalı oldum. Bu çıxış mənim üçün ən ciddi imtahan idi... Tamaşaçıların sürəkli alqışları və operanın baş rejissoru M.Məmmədovun səmimiyyətlə təbrik etməsi məni həddindən artıq ruhlandırdı. Məsələ aydın idi. Öz məqsədimə nail olmuşdum. Ona görə də sevincim yerə-göyə sığmırdı... 

Firəngiz ƏHMƏDOVA,
Azərbaycan SSR xalq artisti

"Azərbaycan müəllimi",
20 mart 1960-cı il, № 23

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov